Ermənistanda yeni yalan mövzu ortaya çıxıb – guya Rusiya və Belarus Ermənistanı ittifaq dövlətinə qoşulmağa məcbur edirlər. Sağlam məntiqlə düşünsək, bu inandırıcı deyil. Çünki, ilk növbədə sual yaranır ki, darmadağın və fərari Ermənistanın İttifaq dövlətinə qoşulması Rusiya və Belarusa nə verəcək? Yaxud da Ermənistan indiyə qədər İttifaq dövlətləri ilə müttəfiq olaraq onlara əlavə yük olmaqdan başqa nə verib?
Rusiya və Belarusun Ermənistanı ittifaq dövlətinə qoşulmağa məcbur edilməsini N.Paşinyan komandası bəlkə də bilərəkdən ortaya atıb. Bunu təsdiqləyən sənəd, bəyanat, görüntü, diplomatik sənədlər, məktublar və s. ilə kimsə rastlaşıbmı? Mən 90-cı illərdə yaradılan koordinasiya qrupundan başqa bir sənədlə rastlaşmamışam.
Ermənistana təzyiqlərin artmasının səbəbi Britaniya kəşfiyyatının rəhbəri Riçard Murun iki həftə əvvəl ölkə rəhbərliyi ilə keçirdiyi görüşdən də qaynaqla bilər.
“Ermənistanın İttifaq dövlətinə zorlanması” barədə N.Paşinyanın tezisləri ictimaiyyətdə əks təsir verdi, bu zaman ortaya parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan çıxdı və bəyan etdi: “Ermənistanın İttifaq Dövlətinə qoşulmaq üçün birbaşa məcbur edən yoxdur”. Belə çıxır ki, İrəvanı məcbur edən var, amma dolayı yolla.
Əgər belə bir birbaşa məcburiyyət yoxdursa, amma mövzu Ermənistanda ən yüksək səviyyədə müzakirəyə çıxarılırsa, deməli burada İrəvan özünü yenə də daha baha satmağa çalışır. Həm də İrəvan bunu Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasının başlamadığı, erməni silahlılarının və texnikalarının Qarabağdan çıxarmadığı, atəşkəsə riayət etmədiyi, Naxçıvanla maneəsiz yolu açmadığı və Azərbaycanlı ekofəalların etirazlarının davam etdiyi bir vaxtda həyata keçirir. Bu qədər təxribat məqsədli manipulyasiyalar etmək məğlub, fərari və darmadağın bir orduya malik Ermənistan üçün təhlükəli də ola bilər. Ermənistan özünü kimə və neçəyə istəsə sata bilər, amma unutmasın ki, hazırki vəziyyət qalın qar örtüyünü nəzərə almasaq, təxminən 2022-ci ilin sentyabr ayını xatırladır. Amma qar Azərbaycan Əsgəri üçün maneə ola bilməz və o, əbədi deyil. Yenə may ayı gələcək və qar əriyəcək. Onda isə yenə gec olacaq.
Ədalət Verdiyev, hərbi ekspert
Mənbə: Moderator.az
Follow @7timesaz