Ölkə

“Bütün bunlar varkən bizim ermənilərə güvənimiz çətin məsələdir” – Siyasi şərhçi

“Bütün bunlar varkən bizim ermənilərə güvənimiz çətin məsələdir” – Siyasi şərhçibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dünya ölkələri Türkiyə üçün səfərbər olunub. Dünyanın çoxsaylı ölkəsi Türkiyə üçün ayağa qalxıb. Maraqlı məqam ondan ibarətdir ki, qardaş ölkəyə yardım edən və ya yardım edirmiş kimi görüntü yaradanlar arasında Ermənistan da var.

Lakin zəlzələnin 9-cu günündə ermənilərin bölgədə oğurluq etməsi məlumatı yayıldı. Məlumata görə, Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşları Adıyamanda zəlzələ zamanı dağılmış evdən oğurluq edən xilasedici qrupun nümayəndələrini – Arsen Qazaryan və Vahan Sürmalyanı saxlayıblar. Onların üzərində ölən Türkiyə vətəndaşlarının sənədləri, şəxsi əşyaları və qızıl-zinət əşyaları aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb.

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrətlə həmsöhbət olduq. O “7Times.az“a açıqlamasında deyib ki, istər Türkiyədə, istər Azərbaycanda insanlar ermənilərə çox da güvənə bilmirlər:

“Əlbəttə, ermənilərlə bağlı narahatlığımız var. İstər Türkiyədə, istər Azərbaycanda insanlar ermənilərə çox da güvənə bilmirlər. Bu da səbəbsiz deyil. Torpaqlarımızı işğal altında tutublar, uzun illər bizə zülm ediblər, haqqımızda istər Türkiyə, istər Azərbaycanla bağlı yalan məlumatlar yayıblar və yaymağa da davam edirlər. Hətta bizi erməniləri soyqrıma uğratmaqda ittiham edirlər. Hazırda Laçın yolunda baş verən hadisələrin fonunda Azərbaycanın Qarabağdakı erməniləri soyqrıma uğratdığını iddia edirlər. Bütün bunlar varkən bizim ermənilərə güvənimiz çətin məsələdir. Yəni güvənə bilmirik. O baxımdan erməni xilasedicilərin Türkiyəyə humanitar yardım göndərilməsi birmənalı qarşılanmır. Düşünürəm ki, istər erməni, istərsə də Azərbaycan və Türkiyə cəmiyyəti olaraq biz bunu fürsətə çevirməliyik. Ən azından ermənilərlə hardasa dil tapmaq, yaxınlaşmaq, münasibətləri bərpa etmək baxımından fürsətə çevirməyə dəyər. Əlbəttə ki, çomağı əldən qoymamaq şərti ilə…Biz onlara tam da arxayın olub, münasbitləri düzəldə bilmərik”.

Siyasi şərhçi qeyd edib ki, iki erməninin həbs edilməsi  ilə bağlı informasiya isə heç bir mənbədən təsdiqlənmədiyi üçün bunun mediada yayılması doğru deyil:

“Hazırda xilasedicilərin göndərilməsi isə xoşməram kimi qəbuledilməlidir. Türkiyə bundan imtina da edə bilərdi, etmədi. Çünki Türkiyə Ermənistana və ermənilərə o şansı verdi. Bununla da bildirildi ki, Ermənistan dinc münasibətlərə bir addım atarsa, biz də ona uyğun cavabı verərik. Xilasedicilərin və humanitar yardımların qəbul edilməsi məhz bundan qaynaqlanır. Hazırda ortaya atılmış iki erməninin həbs edilməsi  ilə bağlı informasiya isə heç bir mənbədən təsdiqlənmir. Yəni təsadüfi bir adamın paylaşdığı bir informasiyadır. Hətta bunu Türkiyə MİT adından yayırlar. Amma MİT belə bir informasiya yaymayıb. Şəxsən bunu özüm də araşdırmışam. Heç kimi bu mənbəni tapa bilmir. Belə olan halda düşünə bilərik ki, Türkiyə ilə Ermənistanın yaxınlaşmasına atılan kiçik bir addım belə üçüncü tərəfi narahat edir. Yəni ermənilərlə türklərin münasibətlərinin düzəlməsinin qarşısını almaq üçün təxribat xarakterli informasiyalar yayırlar. Belə bir informasiya da bizim əleyhimizə çevrilə bilər. Əgər bu saxta informasiyadırsa və bizim media da bunu həvəslə tirajlayıbsa, Ermənistan bundan istifadə edərək Azərbaycanı yalan informasiya verməkdə günahlandıracaq. Nəticədə, bizi nankorluqda ittiham edəcək. Bu baxımdan bu cür informasiyalarda diqqətli olmaq lazımdır”.

7Times.az