Mədəniyyət

Cenevrədə təşkil edilən payız yarmarkasında Azərbaycanın milli rəqsləri nümayiş olunub

Cenevrədə təşkil edilən payız yarmarkasında Azərbaycanın milli rəqsləri nümayiş olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər ilin noyabr ayında olduğu kimi, bu il də Cenevrənin “Palexpo” sərgi mərkəzində 10 günlük “Les Automnales” payız yarmarkası təşkil olunub.

7times.az xəbər verir ki, hər il yüz mindən çox insanın ziyarət etdiyi (2021-ci ildə ziyarətçi sayı 133 min 900-dən yuxarı olub) yarmarkada 600-dən çox müxtəlif sərgi və animasiya, salonlar və müxtəlif tədbirlər keçirilir.

Yarmarkada hər il keçirilən tədbirlərdən biri də müxtəlif xalqların döyüş sənəti, eləcə də mahnılar, musiqi və rəqslər sahəsində uğurlarını geniş ictimaiyyətə təqdim etməyə imkan verməklə, incəsənət və idman sahəsində fəaliyyət göstərənləri birləşdirən “Hərəkətlər sənəti salonu”dur (Salon de l’Art du Mouvement). Artıq bir neçə ildir ki, soydaşımız Mariya Xan-Xoyskaya Martiqnoli üzvü olduğu və tərkibində Azərbaycanın rəqslərini təmsil etdiyi Cenevrə Mədəniyyət Assosiasiyası adından tədbirə qatılır və vətəni Azərbaycanın milli rəqslərini təqdim edir.

M.Xan-Xoyskaya Martiqnoli bildirib ki, bu nüfuzlu yarmarkada Azərbaycanın milli rəqsləri ilk dəfə onun tərəfindən təqdim olunub və bu, gənc rəqqasə üçün böyük şərəf və qürurdur.

Qeyd edilib ki, builki tədbir xüsusilə əlamətdar olub, belə ki, bu il yenə də yarmarkanın tarixində ilk dəfə olaraq azərbaycanlı rəqqasənin şagirdləri – Cenevrə və onun ətrafında yaşayan, Cenevrə Mədəniyyət Assosiasiyasında iştirak edən azərbaycanlı uşaqlar tərəfindən Azərbaycanın milli rəqsləri (”Yallı” və “Ağ çiçək”) təqdim edilib. “Bu tədbiri təşkil etdiyimizə görə inanılmaz dərəcə xoşbəxtəm. Mənim üçün bu il rəqslərimiz, xüsusilə “Yallı” rəqsi bizim böyük Zəfərimizin və ədalətin zəfər çalmasının rəmzinə çevrildi. Geyimlərin təqdim olunmasında köməklik göstərmiş və mənə hər cür dəstək verən uşaqların valideynlərinə, eləcə də müəllimim və xoreoqrafım, Gəncə Dövlət Kukla Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Fərmayıl Paşayevə xüsusi minnətdarlığımı bildirirəm”, – deyə M.Xan-Xoyskaya Martiqnoli əlavə edib.

Azərbaycanlı rəqqasə özü isə yarmarkada Gürcüstan dövlət baleti “Suxişvili”nin keçmiş solisti, Gürcüstan Folkloru Teatrı “NABADİ”nin rəhbəri Nino Turabelidzenin rəhbərliyi ilə, ikinci vətəni hesab etdiyi Gürcüstanın rəqsləri ilə səhnəyə çıxıb. Gürcü diasporunun rəsmi nümayəndələri dost xalqlarımıza məxsus qədim rəqs irsinin gözəlliyi və unikallığını layiqli şəkildə təqdim etdiyinə görə azərbaycanlı rəqqasəyə və onun yetirmələrinə dərin minnətdarlıqlarını bildiriblər.

Elgün Niftəli


AZƏRTAC-ın xüsusi müxbiri