Ölkə

Dünyanın nümunəvi ölkəsi – Müşfiq Qərib yazır

Dünyanın nümunəvi ölkəsi – Müşfiq Qərib yazırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. “Sivilizasiyalar toqquşmasının” hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.

Azərbaycanda etibarlı sabitlik və təhlükəsizlik mühiti hökm sürür. Ona görə də ölkəmizdə sabitliyin pozulması və xaosun yaranmasında maraqlı olan qüvvələrin planları iflasa məhkumdur. Konstitusiyada da qeyd olunduğu kimi, ölkəmizin hüdudlarında hər bir şəxs istədiyi dinə sitayiş edə bilər və onu başqa bir dinə sitayişə heç kim məcbur edə bilməz. Hətta dini qəbul etməyən insanların da konstitusional hüquqları bərabərdir.

Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Prezident İlham Əliyevin 25 noyabr 2020-ci il tarixli çıxışında da bildirdiyi kimi, həm məscidlər, həm də kilsələr tarixi sərvətimizdir. Ölkəmizdə bütün dini abidələrə eyni qayğı göstərilir, bölgələrdə məscidlər, sinaqoqlar, kilsələr yan-yana tikilir. Prezidentin yürütdüyü siyasət rəhbər götürülərək ölkəmiz bu gün dinin birləşdirici amil olduğu nadir ölkələrdəndir.

Xatırladaq ki, ötən il Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.

Qərara alınıb ki, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan aşağıdakı qurumlara müvafiq məbləğlərdə maliyyə ayrılıb.

Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat,
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat,

Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat,

Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat,

Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat,

Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat,

Digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 994 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 957-i İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

Hazırda respublikamızda Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi (İslam kolleci) fəalliyyət göstərir.

Ölkə ərazisində 2258 məscid mövcuddur.

Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Ölkədə ümumilikdə 748 pir və ziyarətgah
müəyyən edilib.

İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır.
Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb.

Soydaşlarımızın deportasiya olunduğu Ermənistan (Qərbi Azərbaycan) ərazisində xalqımıza məxsus bütün məscidlər və qəbiristanlıqlar, hətta alban abidələri dağıdılıb!

Müşfiq Qərib, 2024-cü il, 7 iyun

7Times.az