Yeni Zelandiyanın Şimal adasında qayıqdan yıxılaraq gecəni dənizin ortasında keçirməli olan balıqçının möcüzəvi şəkildə xilas olması dünya mətbuatında diqqət çəkib.
7Times.az musavat.com-a istinadən bildirir ki, Şimal adasının yaxınlığında qılınc balığı tutmaq istəyərkən müvazinətini itirərək qayıqdan yıxılan şəxs adadan 55 km aralıda olub. O, qayığına çatmağa çalışsa da, güclü axın artıq qayığı aparıb.
O, qayığını tuta bilməyəcəyini anlayınca alternativ yol axtarıb və Alderman adalarına doğru üzməyə çalışıb. Daha davam edə bilməyəcək qədər yorulanda balıqçı gecəni dondurucu soyuqda dənizin ortasında keçirməli olub.
Gecəni dənizdə keçirən adam ertəsi gün üzə bilməyəcək qədər yorğun olub. O, saatını günəşə tutaraq əksini yaratmağa və ərazidəki balıqçıların diqqətini çəkməyə çalışıb. Mayor adasının yaxınlığında üç balıqçı suda saatın parladığını görəndə adamın ümidsiz səyləri möcüzəyə çevrilib.
Qayığın kapitanı Maks Uayt CNN-ə bildirib ki, dərhal adamın yanına gedib və onu sudan çıxarıblar. Gecəni dənizdə keçirən adamın az qala donduğunu deyən kapitan bədbəxt balıqçıya su verdiklərini və onu adyala bükərək qızdırmağa çalışdıqlarını bildirib.
Adı açıqlanmayan şəxs xəstəxanaya aparılarkən, Vanqamata polisi Uill Hamilton adamın sağ qalmasını “böyük möcüzə” adlandırıb:
“Kişi ilk ifadəsində gecə dənizdə olarkən yanına köpəkbalıqlarının gəldiyini, onu qoxulayıb geri qayıtdığını dedi. Balıqçının bu sınaqdan sonra hələ də sağ qalması böyük möcüzədir. Onu xilas edən üç nəfər bu qədər tez hərəkət etməsəydi, bu hekayə böyük faciə ola bilərdi”.
Follow @7timesaz