“Anam huşunu itirdi və onu silahla vurdular”
“Taliban” hərəkatı tərəfindən Əfqanıstanda hakimiyyətin ələ keçirilməsi təkcə onların rəqiblərində deyil, sadə vətəndaşlarda, xüsusən qadınlarda qorxu oyadıb. Onlar 1990-cı illərin sonlarında “Taliban” hakimiyyəti altında yaşamağın nə demək olduğunu hələ də xatırlayırlar: qadınlar ictimai yerlərdə çadrasız görünsəydilər, daş-qalaq oluna bilərdilər, küçəyə tək çıxmaları qadağan idi, təhsil almaq və ya karyera qurmaq haqqında isə söhbət belə gedə bilməzdi. Müasir taliblər dəyişdiklərini və qadınların oxumalarına, işləmələrinə və hətta hökumət dairələrində çalışmalarına icazə verəcəklərini iddia edirlər. Amma bu sözlər hələ də inam doğurmur. Lenta.ru Əfqanıstanın qadın sakinləri və bir sıra mütəxəssislə söhbət edərək, radikal “Taliban” kişilərin hakimiyyəti altında əfqan qadınlarının həyatının necə dəyişəcəyini aydınlaşdırıb.
7Times.az həmin yazını oxucularına təqdim edir.
“Qadın üzü pozğunluq mənbəyidir”
1996-cı ildən 2001-ci ilə qədər davam edən beş illik “Taliban” hakimiyyəti möhkəm oturuşmuş obraz yaratmışdı: radikal hərəkatın üzvləri yaddaşlarda, xüsusən qadınlara qarşı münasibətdə, vəhşi, qəddar kimi qalıb. İşləmək, oxumaq və kişilərin müşayiəti olmadan evdən çıxmaq qadağan edildi, çadra taxmaq məcburiyyətində qaldılar. Qanunu pozanlar daş-qalaq oluna və ya kütləvi şəkildə döyülə bilərdilər: təkcə 1996-cı ilin dekabrında 225 qadın bu şəkildə cəzalandırılmışdı.
Çadrasız qadın əslində “çılpaq” sayılırdı. “Taliban” əfqan qadınlarının üzünü yalnız ailə üzvlərinin görə biləcəyini israr edirdi. İş o yerə çatmışdı ki, insanlar öz evlərinin pəncərələrini mismarlamaq məcburiyyətində qalırdılar – axı yoldan keçənlər ora baxa bilərdilər. “Qadının üzü kişilər üçün bir əxlaqsızlıq mənbəyidir”, – deyə “Taliban” nümayəndəsi qərarı belə izah etdi.
Kişi və qadınlara qoyulan sərt ayrı-seçkilik münasibətlər təkcə gündəlik həyatda deyil, hətta fövqəladə vəziyyətlərdə də özünü göstərdi: hətta tibbi yardıma ehtiyacı olsa belə, heç bir kişi həkim əfqan qadınına toxuna bilməzdi. Bu qaydanı pozan həkim döyülə və ya həbs edilə bilərdi. Yalnız xüsusi xəstəxanalarda işləməyə məcbur edilən qadınlara xəstələri müalicə etməyə icazə verilirdi. Bir qayda olaraq, bu klinikalarda təmiz su, cərrahiyyə avadanlığı və ya elektrik olmazdı. Yeri gəlmişkən, bu xəstəxanalarda yüksək ixtisaslı mütəxəssislər də yox idi.
Beş illik hakimiyyəti ərzində “Taliban” əfqan qızlarını praktiki olaraq təhsildən məhrum etdilər. Yalnız ibtidai sinif şagirdləri məktəbə gedə bilərdi – yetkinlik yaşına çatmış qızları, bir qayda olaraq, ərə verərdilər. Bəzi əyalətlərdə məktəblı qızların yaşı gözlə ölçülürdü, belə ki, hətta səkkiz yaşlı qızları belə evləndırərdilər. “Bu məhdudiyyətlər səbəbindən ailələr qızlarını ən qısa müddətdə oxumağa və məktəbi bitirməyə məcbur edirdilər. Məktəbli qızlar heç olmasa minimal təhsil almaq üçün gücləri çatana qədər dərslərə qatılmalı olurdular”, – deyə əfqanlardan biri xatırlayır. 2001-ci ilə qədər məktəblərdə demək olar ki, heç bir qız qalmamışdı.
Bütün qadağaları şəriət qanunları ilə izah edərdilər. Əfqanıstan üzrə şərqşünas Aleksandra Kovalskaya Lenta.ru -ya bildirib ki, əslində belə tələblərin İslam qanunları ilə heç bir əlaqəsi yoxdur: “Taliban”ın qəddar fərmanlarının köklərinin puştun adətləri ilə əlaqəli olması ehtimal olunur (puştunlar əsasən Pakistan və Əfqanıstanda yaşayan İran əsilli xalqlardır – red.). Onlar şəriət anlamları ilə spesifik mentalitet və adət-ənənəni bir-biri ilə qarışdırırlar. Məsələn, islam dini evdən çıxarkən bir qadının üzünü örtməsini tələb etmirsə, puştun dünyası üçün bu normadır və qadın hüquq və azadlıqlarının anlaşılmasında bu cür fərqlər olduqca çoxdur. 1996-2001-ci illərdə müşahidə etdiklərimizin şəriətlə əlaqəsi çox uzaq idi”.
Əfqanıstanda qadın hüquqlarının vəziyyəti 2001-ci ildə “Taliban” devrildikdən və xarici kontingentin ölkəyə müdaxiləsindən sonra yavaş-yavaş yaxşılaşmağa başladı.
Döyüşçü qadınlar
2007-ci ilə qədər məktəblərdə qız şagirdlərin sayı təxminən 40 dəfə artaraq 41,7 faiz təşkil etmişdir. 2011-ci ilə qədər onların sayı daha çoxaldı: ümumi şagird sayının 65,6 faizinə bərabər idi. Qadın tələbələrin sayı əhəmiyyətli dərəcədə artdı: 2016-cı il vəziyyətinə görə Əfqanıstanda qız tələbələrin nisbəti 28 faiz idi. Qadın müəllimlər 14 faiz təşkil edirdilər.
Bir çox qadın üçün “Taliban” dövründə görmədikləri imkanlar açımışdı. Orduda xidmət etmək üçün geri dönə bilərdilər – qadınlara 1996-cı ilə qədər xidmət etməyə icazə verilmişdi. 2014-cü ildən bəri Amerika Birləşmiş Ştatları və NATO müttəfiqlərinin məsləhətiylə qadınları Əfqanıstan ordusuna qaytarmağa başladılar.
Əfqan qadınları hakim, polis və hətta nazir ola bilərdilər. 2020-ci ildən etibarən Əfqanıstan parlamentindəki qadınların nisbəti ABŞ Konqresindəki qadınların nisbətindən xeyli yüksək idi (27 faizlə 23 faiz arasında).
Ancaq bu cür azadlıqlar əsasən böyük şəhərlərdən olan qızlar üçün mövcud idi – hətta orada da qayda pozuntuları və təcavüz olmadan keçinilməzdi. Bir çox kənd qadınları hələ də kişilərdən tamamilə asılı idilər. Hardasa əfqan qadınları səhiyyə xidmətlərindən istifadə edə, məktəbə gedə və ya iş tapa bilmirdilər. Və əyalət kişilərinin çoxu mühafizəkar olaraq qalırdı: onların az bir qismi qızlarının məktəbə getməsinə icazə verirdi.
“Buna baxmayaraq, siyasətçilər yenə də bacardıqları qədər qadın azadlığı tendensiyasını dəstəkləməyə çalışırdılar”, – deyə Kovalskaya qeyd edir. Xüsusilə keçmiş prezident Əşrəf Qəni qadınların rəhbər vəzifələrə təyin olunmasını təşviq edirdi və həyat yoldaşı, birinci xanım Rula Qəni rəsmi tədbirlərdə fəal iştirak edir və sosial layihələrə rəhbərlik edirdi.
Qanunvericilik səviyyəsində hər bir qadının müdafiə, müalicə və təhsil almaq hüququ vardı və kişi ilə bərabərhüquqlu idi – bu, 2004-cü ildə qəbul edilmiş konstitusiyada qeyd olunmuşdu.
2009-cu ildə Əfqanıstan hökuməti qadınları şiddətdən qorumaq haqda qanun qəbul etdi. “Human Rights Watch”a görə, bu qanun sayəsində hüquq-mühafizə orqanları həqiqətən də qızlara və qadınlara qarşı cinayətlərə daha çox diqqət ayırmağa başladılar. Kənd həyatı böyük şəhərlərdəki həyatdan ciddi şəkildə fərqlənsə də, əfqan qızlarının daha sərbəst və daha müstəqil olmaq şansı var idi – indi isə bu şans “Taliban” tərəfindən əllərindən alındı.
“Qadınların qurban olmasını istəmirik”
15 avqust 2021-ci ildə Kabil “Taliban” tərəfindən ələ keçirildikdən sonra bir çox qız universitetlərdən təxliyə edildi və gözəllik salonlarının sahibləri vitrinlərdə qadınların şəkillərinin üzərlərinə rəng çəkməyə başladılar. Ölkədə çadraların qiyməti on qat artıb: əgər keçən il 200 əfqaniyə (təxminən 2,3 dollar) başa gəlirdisə, indi 2-3 min əfqaniyə (təxminən 23-34 dollar) bərabərdi.
Ancaq “Taliban” nümayəndələri qadınları həyatlarının dəyişməyəcəyinə inandırmağa çalışırlar. Radikallar heç kimin haqqını sıxışdırmayacaqlarını və hər qadının işləyib məktəbə və ya universitetə gedə biləcəyinə inandırırlar. Bundan əlavə, “Taliban” qadınlara televiziyada işləməyə icazə verdi. Hətta onlara yeni Əfqanıstan rəhbərliyinə dəvət ediləcəyi də söz verildi.
“Biz qadınların qurban olmasını istəmirik. Şəriət qanunlarına uyğun olaraq hökumət quruluşunda olmalıdırlar”, – deyə taliblərin mədəniyyət komissiyasının üzvü Enamullah Samanqani əfqan qadınlarını gələcək hökumətə qoşulmağa çağırdı.
“Taliban” rəsmiləri ölkədə qadınlara qarşı heç bir şiddət olmayacağını da söz verirlər. Bu arada avqustun 18-də dörd uşaq anası olan Faryab vilayəti sakininin silahlılar tərəfindən döyülərək öldürüldüyü məlum olub. O, taliblər üçün yemək bişirmək təklifini rədd etdiyi üçün belə “cəzalandırılıb”. Mərhumun qızının dediyinə görə, radikalları yedizdirmək üçün sadəcə pulları olmayıb, onların sayı isə 15-ə yaxın olub: “Anam huşunu itirdi və onu AK-47 ilə vurdular”, – deyə öldürülən qadının qızı Manija bildirib.
Digər faktlar da taliblərin bəyanatlarıyls ziddiyyət təşkil edir. Məsələn, hərbçi qadınlar artıq radikal hərəkatın üzvlərindən çoxsaylı təhdidlər almağa başlayıblar. “Mənə bir məktub göndərdilər, gözlərinə görünsəm mənimlə istədiklərini edəcəklərini yazıblar. Əcnəbilərlə işlədiyim üçün qəzəbləniblər”, – deyə hərbçi Fatimə Sadat bildirir. Bəzi şayiələrə görə, terrorçular qapı-qapı gəzərək dövlət qurumlarında və mediada işləyən qadınların siyahısını tərtib edirlər. Bu məlumatların nə üçün lazım olduğu bilinmir.
Bir qədər sonra daha çox narahatlıq doğuran məlumatlar ortaya çıxdı: guya “Taliban” qızları cinsi köləliyə aparmağa başladı və eyni zamanda dadsız günorta yeməyi səbəbiylə gənc bir qadını diri-diri yandırdı.
“Yeganə xilas yolu qaçmaqdır”
Əksər qızlar artıq Əfqanıstanı tərk edir və ya tərk etməyi planlaşdırır. Lenta.ru ilə bu planlar barədə Məzari-Şərif şəhərindən olan bir beynəlxalq təşkilatın maliyyəçisi 26 yaşlı Kamişa (təhlükəsizlik səbəbiylə adı dəyişdirilib) paylaşıb. Onun sözlərinə görə, fürsət yaranan kimi ailəsi ilə birlikdə xaricə qaçacaq. Kamişa əmindir ki, Əfqanıstanda qalsa həyatı hər zaman təhlükədə olacaq: “Həmkarlarımın və dostlarımın fikirləri eynidir: hamımız eyni vəziyyətdəyik. Hamımız təhsilli idik, hamımızın işimiz vardı. Heç birimiz də taliblərin hakimiyyətdə olmasını istəmirik, çünki onların sözlərinə inanmaq olmaz. Yeganə xilas yolu qaçmaqdır”.
Kamişaya yeni hökumətin necə olacağını hiss etmək üçün bir neçə gün kifayət edib: işdən çıxaraq bütün günü evdə oturmağa məcburdur, çölə çıxmaq sadəcə təhlükəlidir. İndi Kamişa bir daha heç vaxt geri dönməyəcək xoşbəxt həyatını ağrılı şəkildə xatırlayır. Axı “Taliban” ona oxumağa, şəhəri gəzməyə, işləməyə və ya kafeyə getməyə icazə verməyəcək: “Həyatım üçün qorxuram. Ölkədəki atmosfer dəhşətlidir, bütün insanlar qorxur. “Taliban” sonuncu dəfə hakimiyyətdə olanda baş verənləri yaxşı xatırlayırıq”.
“Qızlara və qadınlara, hökumətdə və ya qeyri-kommersiya təşkilatlarında işləyənlərə qarşı çox pis davranırlar. Məni dəhşət bürüyur – eyni vaxtda bir neçə QHT-də çalışdığımı biləndə nə olacaq? Məni öldürəcəklərmi? Çox qorxuram”, – deyir Kamışa.
Kamişa “Taliban”ın qadın hüquqları ilə bağlı verdiyi bütün vədləri rədd edir. Onun sözlərinə görə, heç bir Əfqanıstan sakini radikalların bir sözünə belə inanmır – indi sadəcə nüfuzlarını artırmağa çalışırlar, başqa heç nə. “Keçmişdə çox sayda qadına zərər veriblər və indi onlardan nə gözlədiyimizi bilmirik. Onlar belə deyirlər, amma yaxşı bilirik ki, qadınlara tam nəzarət etmək onlar üçün vacibdir”, – deyə Kamişa fikrini yekunlaşdırıb.
Şərəf andı
Sülh Sazişləri Matrisi (The Peace Accords Matrix, PAM) tədqiqat proqramının rəhbər müavini Madhav Coşi Lenta.ru-ya verdiyi açıqlamada deyib ki, əfqan qızlarının “Taliban” hərəkatına inamsızlığını başa düşmək olar. Mütəxəssis Əfqanıstanda bir çoxlarının taliblərin son 20 ildə nə ilə məşğul olduğunu, xüsusən də qadınlara qarşı necə davrandıqlarını bilmədiklərini deyir. Silahlılar qadın hüquqları təşkilatları ilə heç bir əlaqə qurmamış və qadınları islam respublikasının keçmiş hökuməti ilə danışıqlara cəlb etməmişlər. “Taliban” haqqında məlum olan hər şey 1990-cı illərin sonlarında beş illik hakimiyyəti ilə əlaqəli olduğundan, onlara olan münasibət çoxsaylı vədlərdən sonra da yumşalmayacaq: “Taliblər özləri qadınlarla bağlı hansı siyasət yürütdüklərini tam anlamırlar. Son 20 il ərzində bu cür məsələlər yalnız rəsmi hökumət və Qərb ölkələri ilə sülh danışıqları zamanı qaldırılmışdır. Və yalnız ona görə ki, “Taliban” digər ölkələrdə özləri haqqında xoş təəssürat yaratmaq istəyirdi”.
Tədqiqatçı hesab edir ki, beynəlxalq ictimaiyyətdən bu cür asılılıq Əfqanıstan qadınlarının məcburi olaraq çadra taxmağa və digər qadağalara qayıtmayacağına ümid verir. Coşinin sözlərinə görə, ABŞ, Çin, Rusiya və Pakistan problemi əfqan qadınlarının xeyrinə həll edə bilərlər: yaraqlılara təzyiq göstərilsə, boyun əyməli olacaqlar: “Hələlik aydın olan odur ki, “Taliban” qadın hüquqlarının yaxşı olacağı təəssüratı yaratmaq istəyir. Lakin yaraqlıların vədlərinə əməl edib-etməyəcəyini yoxlamaq beynəlxalq ictimaiyyətin səlahiyyətindədir”, – deyə Coşi fikrini tamamlayıb.
Aleksandra Kovalskaya ölkədəki vəziyyətin hər an köklü şəkildə pisləşə biləcəyini deyir: “Hələlik “Taliban”ın şərəf sözünə və qanuni hökumət statusu əldə etmək istəklərinə nisbi nizam saxlanılır. Amma planları dəyişərsə, çox güman ki, heç kim onların qarşısını ala bilməyəcək – hazırda Əfqanıstan ərazisində “Taliban”a bərabər güc yoxdur”.
Moderator.az
Follow @7timesaz