Manşet

Elçibəyə Kələkidə 3 vacib sual – Onlar bu gün də xalqı düşündürür…

Elçibəyə Kələkidə 3 vacib sual – Onlar bu gün də xalqı düşündürür…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəy, sonda, doğrudan da,  dediyiniz kimi oldu. Bunu haradan bilirdiniz? Yoxsa sizdə görücülük qabiliyyəti var?”

Hər il Əbülfəz Elçibəyin doğum və ya xatirə günləri yetişəndə öncə 1994-cü ilin avqustunda mərhum eks-prezidentdən Kələkidə geniş müsahibə götürdüyüm çox maraqlı və şirin anları xatırlayıram…

O zaman Azərbaycan Xalq Cəbhəsi fəallarının dəstəyi və iştirakıyla sabiq dövlət başçısıyla görüşüb müsahibə götürmələri üçün Bakıdan bir qrup jurnalistin Kələkiyə səfəri təşkil edilmişdi.  Bakıdan uçaqla Naxçıvana, oradan da mikroavtobus və avtomobillərlə Ordubadın bu məşhur kəndinə yollandıq…

Bizləri çox mehriban, isti atmosferdə qarşılayan Elçibəy ona bütün suallarımızı verməmiz üçün rahat şərait də yaratdı. Səhv etmirəmsə,  3 gecə və iki gün Kələkidə qaldıq və həmin vaxt ərzində 10-dan çox  jurnalist növbə ilə eks-prezidentlə təkbətək görüşüb qeyri-məhdud vaxt çərçivəsində sərbəst şəkildə ünvanladığı suallara cavab aldı…

Bu sətirlərin müəllifi də təxminən saat yarım ərzində həmin vaxt milli azadlıq hərəkatının şəksiz lideri sayılan Əbülfəz bəyə 10-a yaxın sual ünvanladı…

Həmin suallar arasında daha çox 3 sual yadımda qalıb ki,  o dövrdə onlar ölkədə də, xaricdə də bir çox azərbaycanlını narahat edirdi…

Öncədən onu deyim ki, Elçibəylə geniş müsahibənin dərc olunduğu qəzetləri, təəssüf ki, 30-40 illik qəzet  arxivimdə  hələki yerində tapa bilməmişəm… Amma “Təzadlar” qəzetinin 1994-cü il təxminən avqustun 15-i 20-i arasındakı saylarını Milli Kitabxanada, yəni məşhur “Axundov” kitabxanasında tapmaq mümkündür… Bundan əlavə, xatırladım ki, həmin dövrdə siyasi senzura olduğundan müsahibənin xeyli hissəsi, o cümlədən əsasən sözügedən suallara cavabların çox parçaları çıxarılmış və qəzetdə yeri ağ  nəşr edilmişdi…  O günlərin maliyyə və texniki imkansızlığı səbəbindən müsahibənin audio-yazısını da saxlaya bilməmişik…

Bunlara rəğmən oxucuları əmin edirəm ki, suallar və onlara cavabların əsas hissəsi və mahiyyətini unutmamışam.

Suallardan biri belə idi:

“Əbülfəz bəy, 1992-ci ilin martın 24-də Ali Sovetin sessiyasında Prezident seçkilərindən danışarkən  dediniz: “Prezident seçirsiniz, seçin… 3 aydan sonra seçdiyiniz prezidenti 1 ildən sonra yıxacaqsınız” . Sonda, doğrudan da  dediyiniz kimi oldu. Bunu haradan bilirdiniz? Yoxsa sizdə görücülük qabiliyyəti var?”

Cavab:

Bilirsiz, mən ətrafımdakı komandaya yaxşı bələd idim. Ona görə də hakimiyyətimizin çox sürməyəcəyini düşünürdüm…”

Sual:

“Bəy, hakimiyyətdə olduğunuz dövrdə hansı səbəbdən keçmiş “KQB”, yəni DTK arxivlərini açdırmadınız?”.

Sabiq dövlət başçısının cavabının qısa məzmunu belə idi:

“Əgər “KQB” arxivlərini açsaydıq, Azərbaycanda vətəndaş müharibəsi baş verərdi…”

Sual:

“Bəy, sizin öz hakimiyyətinizin taleyi haqqında proqnozunuz düz çıxdığından belə bir sual da vermək istəyirik: “Sizcə, Qarabağ məsələsi, nə vaxt ədalətli həllini tapar?”.

Cavab:

“Hesab edirəm ki, uzağı, iki-üç ilə məsələ öz həllini tapar. Çünki bunun həllində ABŞ və NATO ölkələri də maraqlıdır…” 

Təəssüf ki, mərhum Əbülfəz bəyin bu proqnozu doğrulmadı. Və 1997-ci ilin payızında o, Kələkidən Bakıya dönəndən sonra  “Azadlıq” qəzetinin o vaxt məşhur Xəqani küçəsi, 34 ünvanındakı redaksiyasında keçirdiyi mətbuat konfransında  eks-prezidentə Qarabağ haqqında 3 il öncəki sualımı xatırlatdım və məsələnin bu müddətdə həll olunmamasının səbəbini soruşdum. Sabiq dövlət başçısı cavab verdi ki, Amerikanın, NATO-nun başı Yuqoslaviyaya, Kosovo məsələsinə qarışdığından Qarabağ diqqətdən yayındı. Yəqin ki, tezliklə onun üzərinə də qayıdarlar…

Allaha çox şükürlər olsun ki, dövlətimizin siyasəti, şəhid və qazilərimizin canı, qanı, dost və müvəqqəti müttəfiqlərimizin dəstəyi sayəsində  torpaqlarımızın böyük hissəsi işğaldan azad olundu və Qarabağ məsələsi xeyli dərəcədə həllini tapdı… Amma  Xocalı, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd, eləcə də Laçın rayonunun “dəhliz” edilmiş  ərazilərinin taleyi ilə yanaşı, Əbülfəz bəyə verdiyim digər suallar da hələ də xalqı, cəmiyyəti düşündürür, narahat edir…

Sultan Laçın