Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən üçtərəfli görüş və imzalanan Birgə Bəyannamə Azərbaycanın praqmatik və strateji diplomatiyasının ən parlaq nümunəsi kimi tarixə düşdü. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və milli maraqları qorumaq istiqamətindəki iradəsi bir daha Azərbaycanın beynəlxalq səhnədəki mövqeyini möhkəmləndirdi. Bu görüş yalnız üç dövlətin rəsmi müzakirələri ilə yekunlaşmadı, həm də Cənubi Qafqazın gələcəyini formalaşdıran əhəmiyyətli bir dönüş nöqtəsinə çevrildi.
Bu fikirləri Milli Məclisin deputatı Mahir Süleymanlı qeyd edib.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtondakı görüşdə göstərdiyi liderlik, yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın maraqlarını üstün tutduğunun açıq göstəricisidir. Dövlət başçımız İlham Əliyev Azərbaycanın milli maraqlarına tam uyğun, praqmatik diplomatiya nümayiş etdirərək, regiondakı bütün tərəflərə sabitlik və tərəqqi gətirəcək strateji bir yol xəritəsi ortaya qoydu.
Görüşün ən diqqət çəkən və Cənubi Qafqazın gələcəyini önəmli şəkildə dəyişdirəcək addımlardan biri, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin qəbul edilməsi olub. Bu marşrut, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, həm də regionun iqtisadi və logistika baxımından nə qədər strateji əhəmiyyətə sahib olduğunu bir daha vurğulayacaq. Avtomobil və dəmir yolları ilə yanaşı, enerji ötürmə xətləri və müasir texnologiyalarla təchiz olunmuş bu infrastruktur layihəsi, Cənubi Qafqazın hərtərəfli inkişafını təmin edəcək və Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqə yaradacaq. Bu layihə yalnız nəqliyyat əlaqələrini təmin etməklə qalmayacaq, həm də uzun müddətdir müzakirə olunan Zəngəzur dəhlizi məsələsinə rəsmi siyasi həll gətirəcək. Həmçinin, TRIPP marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına şərait yaradacaq, regionda tərəfdaşlar arasında etimadın artmasına və iqtisadi potensialın inkişafına mühüm töhfə verəcək.
Görüşün digər mühüm nəticəsi ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının sona çatdırılması ilə bağlı qərar olub. İllərlə davam edən və heç bir real nəticə verməyən bu mexanizm yerini, ABŞ-ın fəal dəstəyi ilə yeni, üçtərəfli əməkdaşlıq və sülh prosesinə verəcək. Bu, yalnız yeni diplomatik bir başlanğıc deyil, həm də regionda dayanıqlı sülh və əməkdaşlığın təməlini qoyacaq.
ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması bu münasibətlərdə tarix yazan bir hadisə kimi qiymətləndirilir. Bu addım Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisi olmaqla yanaşı, həm də gələcəkdə təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində iki ölkə arasında sıx əməkdaşlıq üçün geniş imkanlar açacaq.
Görüşdə müzakirə olunan digər vacib istiqamət, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, süni intellekt və innovasiya sahələrindəki əməkdaşlıq imkanları oldu. Bu sahələrdə əldə olunacaq razılaşmalar Azərbaycanın iqtisadiyyatını şaxələndirməyə, qabaqcıl texnologiyaların tətbiqinə və dayanıqlı inkişafın təmininə mühüm töhfə verəcək. ABŞ-ın Zəngəzur dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələrə dəstək verməsi isə Azərbaycanın strateji təşəbbüslərinin beynəlxalq səviyyədə qəbul olunduğunu və ölkəmizin regionda mühüm geosiyasi aktora çevrildiyini göstərir.
Sonda Mahir Süleymanlı vurğulayıb ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun növbəti parlaq təzahürüdür: “Bu səfər həm uğurlu strateji diplomatiyanın davamı, həm də regionda sabitlik və beynəlxalq əməkdaşlığa aparan yolun yeni mərhələsi kimi tarixdə öz yerini alacaq”.
Follow @7timesaz