Ermənistanın Qafan şəhərində İran Baş konsulluğunun açılış mərasimi keçirilib.
Açılış mərasimi iki ölkənin xarici işlər nazirləri Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian iştirakı edib. Açılışa İranın Qafan konsulu təyin olunmuş Morteza Abedin Vəramin və səfir Abbas Bədəxşan Zohuri də qatılıb. Hüseyn Əmir Abdullahian bəyan edib ki, Ermənistanın təhlükəsizlyi İranın təhlükəsizliyidir. Bununla da İranın xarici işlər naziri diplomatik tərzdə rəsdmi Tehranın Ermənistanı dəstəklədiyinə dair Azərbaycana sərt mesaj ünvanlayıb.
Murtaza Abedin Varami erməni saytı “NEWS.am”-a müsahibəsində deyib: “Mən Qafanlılara məsləhət görərəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq. Mən erməniləri İranın erməni vətəndaşları kimi təsəvvür edirəm. Çox mədəni və mehriban insanlardır. Sizin ölkənizin də, Qafanın insanları da belədir”.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, İranın Zəngəzurda konsulluq açmasını İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallıqlara müqaviməti kimi qiymətləndirilməlidir. Bununla da İran bölgədə prosesləri qəbul etmədiyini və Azərbaycan-Türkiyə müttəfiqlik konfiqurasiyasına qarşı olduğunu nümayiş etdirir:
“44 günlük Vətən Müharibəsindən dərhal sonra Azərbaycan “3+3” əməkdaşlıq platformasını təklif etmişdi və İran da bu formatda yer alırdı. Ona görə də İran siyasi inteqrasiya proseslərinə qoşulmalıdır. Zəngəzur dəhlizi də həmin planın tərkib hissəsi idi. Ancaq bunun əksinə olaraq, İran Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirməyə və Türkiyəni bu regiondan sıxışdırmağa çalışır. Amma İranın Qafanda baş konsulluq açması ümumiyyətlə, ABŞ-ın Ermənistandakı maraqlarını təhdid edir. Çünki İran bununla Ermənistana siyasi nəzarət etməyə çalışır. Bu, yalnız Azərbaycana qarşı yönəlməyib. İran rejimi Rusiyanın mövqelərinin zəifləməsi fonunda Ermənistan üzərində təsirini artırmaq istəyir. Yəni İran Ermənistanı siyasi buxova salmağa cəhd edir.
Bu plan guya Ermənistanı Azərbaycandan qorumaq adı altında həyata keçirilir. İran diplomatlarının açıqlamaların məqsədi də rəsmi Tehranın Ermənistanı öz orbitinə çəkmək və ona siyasi təzyiqlər etməkdən ibarətdir. Azərbaycan İranın təhdidlərinə ciddi yanaşmır. Çünki İranın Azərbaycana qarşı təsir vasitələri yoxdur. İran cürət edib Araz çayını belə keçə bilməz. Bu zaman Güney Azərbaycan ayağa qalxar. Qafqanda konsulluğun açılması Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Buna baxmayaraq, Ermənistan 2020-ci il 10 noyabr Bəyanatında imzaladığı razılaşmalara əməl etməli və Zəngəzur dəhlizini açmalıdır”.
Ekspert bildirib ki, Ermənistanın imzası olduğu təqdirdə İranın dəyişikliklərin əleyhinə olduğunu bəyan etməsi destruktiv addımdır:
“İran regionda geosiyasi vəziyyəti öz təsiri altında saxlamağa çalışdığını göstərir. Hesab edirəm ki, Azərbaycan və Türkiyə İrana öz yerini göstərəcək. Tehranın siyasəti heç bir effekt verməyəcək. Azərbaycan və Türkiyə bölgədə formalaşdırdığı geosiyasi və geoiqtisadi fəaliyyətini davam etdirəcək. İranın taktiki gedişləri isə qələbə ilə nəticələnməyəcək. Nəticədə, İran yeni reallıqlarla barışmalı olacaq. Xarici işlər naziri Abdullahianın Ermənistanın təhlükəsizliyi ilə İranın təhlükəsizliyini eyniləşdirməsi onun isteriyada olduğunu göstərir. İran güclü Azərbaycan görmək istəmədyinə görə bu təxribatlara əl atır. Fikrimcə, İranın Ermənistanda fəallaşması və Qafanda konsulluq açması ilk növbədə, Qərbi narahat etməlidir. Çünki Qərb Rusiyanı Ermənistandan çıxartmağa çalışır. İran isə Ermənistanda Rusiyanın yerini tutmaq istəyir. Ona görə də Qərb Ermənistanı cəzalandırmalı və İranla məsafə saxlamağı tələb etməlidir”.
Cebhe.info
Follow @7timesaz