“Şuşa-Xankəndi yolundakı məlum aksiya ilə bağlı Rusiya prezidenti Putinin susması və ümumiyyətlə, Rusiya hökumətinin özünü heç nə baş verməmiş kimi aparması, həmçinin “sülhməramlı”ların komandanı A.Volkovun üzə çıxmaması, əlbəttə, çoxlu suallar doğurur. Suallardan biri ilk növbədə ondan ibarədtir ki, Rusiya baş verənlərlə bağlı nəsə bir plan qurubmu, qururmu və yaxud belə bir plan olubmu?”
Bu fikirləri siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu açıqlamasında “Rusiyanın, konkret prezident V.Putinin Azərbaycan ictimai fəallarının Xankəndi-Şuşa-Laçın-Gorus yolunda artıq 5-ci gündür davam edən məlum aksiyasına qarşı susqunluq, hərəkətsizlik nümayiş etdirməsinin, “sülhməramlı”ların komandanı A.Volkovun üzə çıxmamasının səbəbini nədə görürsüz?” sualını cavablandırarkən söyləyib.
“Düşünmürəm ki, Moskvanın öncədən bu aksiyanın keçirilməsindən xəbəri olmasın. Yəqin ki, olub. Və onun davranışı da bunu göstərir. Hər bir halda Rusiya özünü çox sakit aparır. Kremlin sükutundan belə çıxır ki, aksiya yalnız qismən Azərbaycanın marağını təmin etmir, elə Rusiyanın da marağındadır. Çünki bu gün Azərbaycan tərəfinin iddia etdiyi kimi, Rusiya hərbçiləri tərəfindən Xankəndi-Şuşa-Laçın yolunun kəsilməsi bu hadisənin ətrafında həm Ermənistan, həm də bəzi dünya ölkə və təşkilatları tərəfindən çoxsaylı etirazlar və hay-küy yaradır. Və artıq bu, beynəlxalq mediada da özünü göstərməkdədir. Bu baxımdan, təəssüflə deməliyəm ki, proseslərin belə davam etməsi bizim xeyrimizə deyil. O mənada ki, artıq Ermənistan Azərbaycanı yenidən “Qarabağı blokadaya alan, “dinc insanlara, xəstələrə, uşaqlara təhdid yaradan” və s. anti-bəşəri hərəkətlər edən tərəf kimi təqdim etməyə çalışır. Və görünür, Rusiya da Azərbaycan ətrafında məhz belə bir mühitin, belə bir imicin formalaşmasını gözləyir ki, bundan sonra hərəkətə keçsin. Əslində bununla Rusiya özünü Azərbaycanın şəriki kimi təqdim etməyə çalışır. Ona görə də Putin hələlik buna susur, general Volkov üzə çıxmır. Və bununla belə bir görüntü yaratmağa çalışırlar ki, guya Azərbaycan Rusiyanın sifarişini yerinə yetirir. Bax, bu, məsələnin çox ciddi mənfi tərəfidir. Çünki ermənilərə yetərincə simpatiya olan beynəlxalq ictimai rəyi bizə qarşı kökləyir. Bu səbəblərdən belə nəticəyə gəlirəm ki, Kreml məhz məqsədli şəkildə Azərbaycanın artıq 5-ci gündür ki, keçirdiyi aksiyaya susqunluq nümayiş etdirir. Məqsəd isə, öncə dediyim kimi, beynəlxalq səviyyədə Azərbaycana qarşı mənfi imic, neqativ ictimai rəy, bu hadisə ətrafında mənfi atmosfer formalaşdırmaqdır ki, sonradan qalan məsələləri məhz Azərbaycan üçün belə bir narahat, diskomfort şəraitdə həll etməyə çalışsınlar” -deyə ekspert vurğulayıb.
Follow @7timesaz