Dünya

Lukaşenko Ukrayna vətəndaşlarını əfv etdi – Prezidentin köməkçisindən açıqlama

Lukaşenko Ukrayna vətəndaşlarını əfv etdi – Prezidentin köməkçisindən açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə müxtəlif cinayətlərə görə məhkum edilmiş 31 Ukrayna vətəndaşını əfv edib.

“7Times.az” bildirir ki, bu barədə Prezidentin mətbuat katibi Natalya Eysmont məlumat verib.

Onun sözlərinə görə, qərar Ukraynanın müraciəti və ABŞ Prezidenti Donald Tramp ilə əldə olunan anlaşmalar çərçivəsində qəbul edilib. Eysmont bildirib ki, bu addım “münaqişənin həlli üçün şərait yaratmaq məqsədilə atılmış humanitar jest” kimi qiymətləndirilir. Əfv olunan şəxslərin adları açıqlanmır.

Bundan əlavə, Lukaşenko ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilmiş iki katolik keşişi – Andjej Yuxneviç və Henrix Okolotovici də əfv edib. Mətbuat katibinin sözlərinə görə, bu qərar Roma Papası XIV Lev və Belarus katolik kilsəsinin mitropoliti İosif Stanevski ilə əlaqəli müraciət əsasında qəbul olunub və “mərhəmət və humanizm prinsipləri ilə” izah edilir. Qərarın verilməsində məhkumların səhhəti və Belarus–Vatikan münasibətlərinin inkişafı da nəzərə alınıb.

Son aylarda Lukaşenko bir neçə dəfə kütləvi əfv sərəncamları imzalayıb. ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellogun Minskə səfərindən sonra iyun ayında 14 məhkum, o cümlədən tanınmış müxalif fiqur Sergey Tixanovski azadlığa buraxılmışdı. İyulda daha 16 nəfər əfv olunmuşdu.

Sentyabrda Lukaşenko iki dəfə əfv qərarı verib. Sentyabrın 11-də həbsxanalardan 52 nəfər buraxılıb. Onların arasında “Radio Svoboda”-nın jurnalisti İqor Losik, filosof Vladimir Matskeviç, anarxist Nikolay Dedok və fəal Dmitri Daşkeviç kimi tanınmış siyasi məhbuslar da olub. “Belsat” telekanalının bir qrup jurnalisti və 14 xarici vətəndaş da həmin gün azadlığa çıxıb. Sentyabrın 16-da isə daha 25 nəfər əfv edilib. Bu şəxslərin bir qismi “ekstremizm” maddələri ilə mühakimə olunmuşdu ki, Belarusda belə maddələr adətən siyasi fəallara qarşı tətbiq edilir.

Lukaşenko dekabr ayında ABŞ nümayəndələri ilə yeni danışıqların olacağını da bəyan edib.