Ölkə

Ölümlə nəticələnən qəzalar 19 faiz artıb – Dövlət proqramının icrasının “nəticəsi”…

Ölümlə nəticələnən qəzalar 19 faiz artıb – Dövlət proqramının icrasının “nəticəsi”…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsinin (DSK) 2023-cü ildə baş vermiş cinayət sayılan yol-nəqliyyat hadisələri ilə bağlı açıqladığı statistikada diqqətçəkən məqamlar var.

Məlumata görə, 2023-cü ildə baş verən hadisələrin sayı 2022-ci illə müqayisədə azalıb. Rəqəmlər belədir: 2022-ci ildə – 1668 hadisə; 2023-cü ildə – 1636 hadisə. Hadisələrin sayı təxminən 1,9% azalıb. Qəzalarda yaralananların sayı da təxminən 6,1% azalıb (2022-ci ildə – 1456 nəfər, 2023-cü ildə – 1367 nəfər).

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirir ki, statistikanı təhlil edərkən ağır nəticəli hadisələrin sayının artdığı məlum olur: “Yollarımız getdikcə daha təhlükəli olmaqdadır. Hadisələrin sayının azalması, vəziyyətin yaxşılaşması deyil, əksinə, vəziyyət bir az da pisləşib: “Rəqəmlərə baxaq: 2022-ci ildə yol-nəqliyyat hadisələrində ölənlər – 834 nəfər; 2023-cü ildə ölənlər- 862 nəfər. Hadisələrdə ölənlərin sayı təxminən 3,4% artıb. Bu rəqəmlər ölkəmizin yollarında vəziyyətin getdikcə daha təhlükəli olmasını göstərir. Çünki dünya təcrübəsində yollarda təhlükəsizlik səviyyəsi birbaşa olaraq qəzalarda ölənlərin sayı əsas götürülməklə müəyyənləşdirilir. Artan təhlükə isə onda ifadə olunur ki, baş verən qəzalar əvvəlki illə müqayisədə daha ağır nəticəlidir. Bu səbəbdən hadisə sayı azalsa da, ölənlərin sayı artmışdır. Başqa sözlə, ölkəmizdə yol hərəkəti təhlükəsizliyi səviyyəsi əhəmiyyətli dərəcədə pisləşmişdir. Ən acınacaqlısı odur ki, bütün bunlar 2018-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrasının yekunlaşdırılmalı olduğu ilə aiddir”.

Hüquqşünas qeyd edib ki, dövlət proqramında gözlənilən nəticələrdən biri onun icrasının yekununda yol-nəqliyyat hadisələrində ölüm sayının 30 faiz azaldılması idi: “Amma rəqəmlər az qala bunun tərsini göstərir: proqramdan əvvəlki ildə (2018-ci ildə) belə hadisələrdə ölənlərin sayı 722 nəfər idisə, 2023-cü ildə bu göstərici 862 nəfərədək artıb. Yəni təxminən 19,4%-lik bir artım var. Çox təəssüf… Özünüzü qoruyun. Ən başlıcası özünüz qorumağı öyrənin. Vacib olanı budur”.