Dünya

On minlərlə itki qarşılığında kiçik bir ərazi  Rusiya bu il Ukraynanın nə qədər torpağını zəbt edib?

On minlərlə itki qarşılığında kiçik bir ərazi – Rusiya bu il Ukraynanın nə qədər torpağını zəbt edib?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 2-də Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib ki, işğalçı qüvvələr 2024-cü ilin ilk üç ayında Ukrayna ərazisinin təxminən 400 kvadrat kilometrini ələ keçirib.

7Times.az  xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) nazirin bu açıqlamasını sual altına alıb. Qeyd olunur ki, əslində, yanvardan bəri işğal olunan ərazilərin sahəsi daha azdır.

Bununla yanaşı, amerikalı analitiklərin qeyd etdiyi kimi, Rusiyanın irəliləmə sürəti aşağı olsa da ABŞ yardımının gecikməsi fonunda irəliləyişin daha geniş perspektivlərinin ola biləcəyi ehtimalı artıb: “Şoyqu aprelin 2-də Rusiya hərbi rəhbərləri ilə konfrans zamanı bildirib ki, Rusiya qüvvələri 2024-cü ilin əvvəlindən bəri Ukrayna ərazisinin 403 kvadrat kilometrini ələ keçirib. ISW yalnız vizual sübutları müşahidə edib ki, bu da Rusiya qüvvələrinin 2024-cü il yanvarın 1-dən aprelin 1-dək təxminən 305 kvadrat kilometr ərazini ələ keçirdiyini təsdiq etməyə imkan veri”.

İnstitut əlavə edir ki, ehtiyat çatışmazlığı Ukraynanı sursata qənaət etməyə və cəbhənin kritik sektorları üçün məhdud sayda resurslardan istifadəyə məcbur edir.

Bununla belə, Rusiyanın digər, daha təhlükəsiz sayılan istiqamətlərdə sıçrayış riski artır və Rusiya irəliləyişinin nisbətən yavaş tempinə baxmayaraq, cəbhədə göründüyündən daha çox qeyri-sabitlik var: “Ukraynanın silah məhdudiyyətləri həm də Rusiya qüvvələrinə hücum əməliyyatlarını yerinə yetirməkdə çeviklik imkanı verir ki, bu da Rusiyanın gələcəkdə əhəmiyyətli əməliyyat uğurları əldə etməsi üçün imkanlar yarada bilər”.

Göründüyü kimi, on minlərlə canlı qüvvə və xeyli sayda texnika itkisi hesabına Avdeyevkanı, eləcə də bir neçə kəndi işğal edərək, müəyyən irəliləyişə nail olan Rusiyanın zəbt edə bildiyi ərazi böyük deyil. Müqayisə üçün qeyd edək ki, məsələn, Azərbaycanın uzun illər işğal altında olmuş Cəbrayıl rayonunun ərazisi 1050 kvadrat kilometrdir.

Belə çıxır ki, son üç ayda saysız-hesabsız itkilər hesabına Rusiyanın işğal etdiyi 300-400 kvadrat kilometr ərazi Cəbrayılın üçdə biri qədərdir. Onu da xatırladaq ki, Ukraynanın ümumilikdə ərazisi 603 min kvadrat kilometrdir və onun təxminən 20 faizi hazırda işğal altındadır.

“AzPolitika.info”