Aktual

Paşinyanın “Azərbaycanla Türkiyə bizi məhv edər”

Paşinyanın “Azərbaycanla Türkiyə bizi məhv edər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 13-də parlamentdəki çıxışı onun ən azından nəzəri olaraq tamamilə ağıllandığını və reallıqları çətinliklə də olsa həzm etdiyini göstərir.

Nikol Paşinyanın çıxışı onun aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqların bəzi detallarını göz önünə sərir.

Onsuz da 10 noyabr bəyanatından sonra Nikol Paşinyan gah nala, gah da mıxa vururdu, ara-sıra isə səsinin tonunu qaldıraraq Azərbaycanın dövlət maraqlarına yönələn nöqtələrə vurğu edirdi.

Lakin keçən müddətdə Azərbaycanın hərbi-siyasi aktivlik dərəcəsini artırması, diplomatik həmlələrini genişlətməsi, Ermənistanla sərhəddə həlledici və strateji mövqelərdə möhkəmlənməsi, Türkiyə ilə strateji müttəfiqlik əlaqələrini dərinləşdirməsi, Rusiya və Qərblə münasibətlərdə əhəmiyyətli tarazlığını saxlaması Paşinyanı konkret konstruktiv mövqe sərgiləməyə məcbur etdi.

Azərbaycanın Rusiya və Qərb arasındakı intensiv təmasları və özünün qüdrətini Türkiyə amili ilə gücləndirməsi Ermənistana da müəyyən mesajlar ötürürdü.

Türkiyə amili Azərbaycanı təhdidlərdən sığortalayır və dünya gücləri Bakı-Ankara ikilisinin hərbi-siyasi gücünün qarşısına keçmək istəmirlər – nə birbaşa, nə də ki Ermənistan vasitəsilə.

Buna görə nə qədər vurnuxsalar da, Ermənistanın əlinə kart verməkdən çəkinirlər, verilən kartları isə Azərbaycan alaraq cırır və qalıqları onların qarşısına tökür.

Brüssel görüşü Paşinyanın mövqeyinin dəqiqləşdirilməsi baxımından önəmli idi, əgər o, sülhə doğru nəticə əsaslı cığırlarla getməsəydi, Ermənistan növbəti dəfə hərbi təzyiq altında qalacaqdı. Ermənistanın hakim dairələrindəki sönük revanşist təsəvvürləri isə 2021-ci ilin noyabr ayında dövlət sərhədində olan genişmiqyaslı toqquşmalar darmadağın etdi.

Paşinyanın etirafı:

“Beynəlxalq ictimaiyyət açıq şəkildə dünyada Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmanın təhlükəsindən danışır”.

Həlledici bəyanatdır:

– Bunun altında “mən istəsəm də, Azərbaycana qarşı mübarizə apara bilmərəm” ismarışı dayanır və Türkiyənin Cənubi Qafqazdakı hərbi həcmini böyütməsinin Azərbaycana verdiyi böyük dividendlərə işarə edilir;

– Brüssel görüşündə görünür ki, Paşinyanın qarşısında Azərbaycan Ordusunun gücü, bunun paralelində Bakı-Ankara tandemi sarsıdıcı şərt kimi qoyulub və qəbul olunmayacağı təqdirdə hərb variantı diqqətinə çatdırılıb.

Daha dəqiq təsvir etsək, əvvəlki xəbərdarlıqlar konkret məzmun qazanaraq Paşinyanın qarşısına qoyulub.

Paşinyan çıxışında həmin şərtləri Ermənistan ictimaiyyətinin diqqətinə çatdırır və Azərbaycanın xəbərdarlıqlarını öz dilinə köçürərək erməniləri müharibə ilə hədələyir.

“Azərbaycanla tezliklə sülh sazişi imzalanmalıdır. Əgər biz bu addımı atmasaq, o zaman yeni müharibə başlayacaq və beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək. 2020-ci ilin səhvlərini təkrarlamağa hazır deyiləm”, – deyə Paşinyan 2020-ci ildəki 44 günlük müharibənin təkrarlana biləcəyi qorxusunu dilə gətirib.

Bu heç də Paşinyanın Azərbaycanın öz ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarətində olan zolaqda antiterror əməliyyatlarına işarə deyil, Paşinyanın dilinin altında gizlənən “Ermənistanın dövlət kimi tarixə qovuşacağı” riskinin mövcudluğudur.

Sülhməramlılardan söz düşmüşkən, Azərbaycanın Fərrux yüksəkliyini və kəndini nəzarətə götürməsi 10 noyabr bəyanatının dördüncü bəndinin icrasını sürətləndirən səbəbə çevrilir və bu şərtlər Fərruxdan sonra qurulan danışıqlar masası üzərinə daşınır. Yəni Rusiyanın öhdəlikləri və Azərbaycanın görə biləcəyi addımlar istər Qərb, istərsə də elə Kremlin kuluarlarına aparılır, elə buna görədir ki, status məsələsində Qərb də Ermənistanın yanında durmaqdan qaçmağa məcbur olur.

Bəli, bir zaman Rusiya ilə Qərb fərqli maraq dairəsindən çıxış etsələr də, status mövzusunda vahid platformada “sürüşürdülər”. İndi isə nə Qərb, nə də Rusiya Ermənistanın əlinə əlavə kart vermək siyasətini yürüdür, səbəbləri isə yuxarıda sadalamışıq.

Paşinyan əvvəllər də status mövzusuna vurğular edərkən bunu qapı arxasına sıxılanın iniltili bağırtısı kimi qiymətləndirmişdik, bu dəfə o özü əvvəlki nitqlərindəki “status”dan konkret olaraq çıxdığını nəzərə çarpdırır.

SİTAT: “Beynəlxalq birlik, ümumiyyətlə bütün dünya Ermənistanı Qarabağın statusu məsələsində geri çəkilməyə, iştahamızı azaltmağa çağırır. Əks təqdirdə, beynəlxalq ictimaiyyət ondan ümid gözləməməyi xahiş edib”.

İllərdir Azərbaycana yuxarıdan aşağı baxan, etnik düşmənçiliklə fəxarət hissi keçirən Ermənistan dövləti indi Azərbaycanın şərtlərini özünün siyasi bətninə yerləşdirib, bu isə sülh müqaviləsinin imzalanması yolunda aktivliyi artıracaq.

Sülh müqaviləsinin detalları isə razılaşdırılmayıb, amma bunun indidən ümumi mənzərəsini yaratmaq olar:

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq və “status” mövzusuna sənədlə birdəfəlik son qoyacaq. Azərbaycan isə gələcəkdə mümkün təhdid ssenarilərinə qarşı ehtiyatlarını əldən verməyəcək və Türkiyə ilə əməkdaşlıqda strateji müttəfiqlik əlaqələrinin üzərində yeni üfüqlər açacaq.

Hərçənd ki, Paşinyanın blefinə dair versiyalar da mövcuddur, lakin onun nə danışmasından asılı olmayaraq proses Azərbaycanın xeyrinə yekunlaşacaq.

Gedişatlarda axsamalar olmasa, sülh müqaviləsinin 2022-ci ilin sonlarına qədər imzalanacağını söyləyə bilərik.

oxu.az