Maqazin

“Pozğun rollarım olub, amma öpüşməmişik, heç qucaqlaşmamışıq da…”

“Pozğun rollarım olub, amma öpüşməmişik, heç qucaqlaşmamışıq da…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda gündəm yaradan “Əqrəb mövsümü” serialında öpüşmə səhnəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, serialın final bölümündəki öpüşmə səhnəsi bəzi izləyicilər, həmçinin sənətçilərin öz həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Onlar bu kadrlara görə aktyorları tənqid atəşinə tutublar. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan aktrisa Sonaxanım Əliyeva bu tip səhnələrə çəkilib-çəkilməməyin şəxsi seçim olduğunu bildirib:

“Bizdə yeni nə olarsa, onsuz da sərt reaksiya ilə qarşılanır. Xaricdə nə olursa-olsun hər şey bəh-bəhlədir, bizə gəlib çatanda isə topa tutulur. Bu təbii ki, hər kəsin şəxsi seçimidir.

Məndə də zamanla fərqli obrazlar olub, onları oynamışam. Məsələn, rollarıma görə mafiya üzvü olmuşam, erməni qızını oynamışam, açıq-saçıq geyimim olub, pozğun qadın rolunu oynamışam və s. Amma öpüşmək, qucaqlaşmaq səhnələrim olmayıb. Bu mövzuda müəyyən bir pərdə saxlanılıb, çünki düşünmüşük ki, əgər bu səhnə oynansa, birmənalı qarşılanmayacaq. Ona görə oynamamışıq. Biz aktyor, aktrisayıq hər bir rolu oynaya bilərik”.

Aktrisa hər hansı layihədə öpüşmə səhnəsinə çəkilmək istəmədiyini qeyd edib:

“Öpüşmə səhnəsinə gəldikdə isə mənə aid olmayan bir insanla inanmıram ki, öpüşə bilərdim. İstər-istəməz gigiyenik cəhətdən də bunu qəbul etməzdim. Amma mən heç kəsi buna görə tənqid edə bilmərəm, bu hər kəsin şəxsi seçimidir. Bəlkə də o səhnə məhz ona görə oynanılıb ki, yerli filmlərə bir yenilik, yeni nəfəs gəlsin və bu cür səs-küy salsın”.

S.Əliyevanın sözlərinə görə, yerli tamaşaçıların bu cür səhnələri qəbul edib-etməyəcəyini yalnız zaman göstərə bilər:

“Zamanla bəlkə də Azərbaycan tamaşaçısının gözü belə səhnələrə alışacaq. Amma alışmaya da bilər. Çünki bəzən inkişafa doğru getdiyimizi düşünsək də, bəziləri inkişaf etməkdənsə, geriyə doğru gedir. Adicə bir misal deyim, insanlar 10-15 il bundan  öncə qısa geyimləri daha normal qəbul edirdi, nəinki bu gün. Çünki qısa geyimi bəzi xanımlar o qədər ifrat dərəcəsinə çatdırıblar ki, insanlarda “yalnız pozğun qadınlar onu geyinə bilər” düşüncəsi yaradıblar. Amma bu heç də belə deyil, əsas olan o geyimdə özünü necə aparmağındır. Ola bilər ki, qısa geyinəsən, ancaq özünü elə aparasan ki, heç kəsin ağlının ucundan da keçməsin ki, bu pozğun qadındır. Ona görə dəqiq demək olmur ki, illər sonra öpüşmə səhnələri insanlar tərəfindən normal qarşılanacaq, ya yox. Bəlkə də insanlar bunu heç vaxt qəbul etməyəcək. Hər bir halda, ümid etmək istərdik ki, illər keçdikcə bu da normal qarşılanacaq.  Əgər ölkəmizdə kino sənayesi inkişaf edirsə, aktyor-aktrisalar bu cür səhnələrə razılıq verirsə, nə deyə bilərik? Seçim onlarındır. Mən özüm də kənardan bir izləyici kimi onları izləyirəm və izləyəcəyəm”.