Rusiya lideri Vladimir Putinin 15-16 sentyabr tarixlərində Özbəkistanda baş tutacaq Şanxay Əməkdaşlıq Sammitində görüşəcəyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan nə kimi tələbləri olacağı barədə ehtimallar irəli sürülüb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün Rusiya Təhlükəsizlik Şurasını Moskvada toplayan və Ukrayna müharibəsinin gedişatı ilə yanaşı, “taxıl dəhlizi” məsələsini də müzakirə edən Putin bir neçə bənddən ibarət gözləntilərini sadalayıb.
“Taxıl dəhlizi” sazişində baş müzakirəçi qismində Türkiyənin səylərini yüksək qiymətləndirən Rusiya lideri 2 milyon ton taxılın Ukraynadan 87 gəmi ilə gəldiyini, lakin bunun yalnız 60 min tonunun həqiqətən ehtiyacı olan Asiya və Afrika ölkələrinə çatdığını bildirib.
“QƏRB QADAĞAN EDİR…”
İyul razılaşmasına daxil olmasına baxmayaraq, Rusiya taxılının bazara çıxışının Qərb ölkələri tərəfindən əngəlləndiyini bildirən Putin deyib: “Rusiyadan yük alan gəmilərin limanlara yanaşması qadağandır, sığorta şirkətləri taxılı sığortalamır. Beləliklə, Rusiya taxılı bazara daxil ola bilmir. Türkiyə lideri Ərdoğanla bu məsələni ətraflı müzakirə edəcəyik. İlin sonuna qədər Rusiya həqiqətən də aclıqdan əziyyət çəkən ölkələrə 30 milyon ton taxıl çatdırmaq istəyir”
“…ACLIQ OLACAQ”
“Bu il Rusiyada taxıl məhsuldarlığı çox yaxşıdır. Lakin aqrar sektor öz taxılını dünya bazarlarına çıxara bilməsə, onun növbəti il üçün becərilməsi mümkün olmayacaq. Ona görə də 2023-cü ilin bu günlərində dünya aclıqla üzləşəcək”, – Rusiya lideri bildirib.
Putinin taxılla bağlı sadaladığı bu iki mühüm bənd Rusiya taxılının dünya bazarına çıxarılması üçün Ərdoğandan kömək istəyəcəyi, əks halda Rusiyanın “Taxıl dəhlizi” müqaviləsinə yenidən baxaraq onu dayandırmaq üçün addım ata biləcəyi kimi şərh edilir.
Şanxay sammitində Rusiyanın istehsal etdiyi gübrə məsələsi də gündəmdə olacaq.
“Qərbin bizə tətbiq etdiyi qeyri-qanuni sanksiyalara görə yüz minlərlə ton süni gübrə Avropa limanlarında gözləyir. Biz qarşılığında heç bir pul almadan, həqiqətən ehtiyacı olan ölkələrə təxminən 2 milyon ton gübrə verməyə hazırıq” – Putin deyib.
Follow @7timesaz