Dünya

“Putin öz ordusuna oktyabra kimi vaxt verib” – “Kursk azad olunmalıdır”

“Putin öz ordusuna oktyabra kimi vaxt verib” – “Kursk azad olunmalıdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətinin işğal olunmuş ərazilərindən çıxarmaq üçün öz qoşunlarına bir aydan bir qədər çox vaxt verib.

7Times.az  xəbər verir ki, “RBC-Ukrayna” hərbi-siyasi rəhbərlikdəki mənbələrə istinadla belə bir məlumat yayıb.

Məlumatda deyilir ki, Putin orduya oktyabrın 1-dək Kursk vilayətini azad etməklə bağlı göstəriş verib. Ən əsası isə odur ki, bu zaman ordu rəhbərliyinin vəzifəsi bunu Rusiyanın Donbassda hücum əməliyyatı apardığı əsas ərazilərdən, ilk növbədə, Pokrovsk və Toretsk istiqamətlərindən qüvvələr çəkmədən həyata keçirməkdir.

Ona görə də qeyd olunur ki, hazırda ruslar Pokrovsk və Toretsk istisna olmaqla, cəbhənin bütün istiqamətlərindən Kurska “qarışıq” birləşmələr göndərməyə çalışırlar – o cümlədən, Zaporojye vilayətindən iki briqada, Xerson istiqamətindən isə ehtiyatdakı iki hava-desant batalyonu götürülüb.

Eləcə də Qara dəniz donanmasının Xerson istiqamətində olan 810-cu briqadası və Uqledar yaxınlığında döyüşən 155-ci dəniz briqadası Kursk bölgəsində peyda olub. Əraziyə həmçinin, 2024-cü ilin yazında orduya çağırılan çağırışçılar da köçürülür.

Bu da Rusiyanın kifayət qədər “azad” qüvvə və ehtiyata malik olmadığını göstərir. Ən əsası isə onu göstərir ki, Kreml üçün öz qanuni ərazisi olan və əhalisinin didərgin düşdüyü Kursk vilayətinə nəzarəti geri qaytarmaqdansa, Donbasda böyük itkilər verərək irəliləmək və daha bir neçə kvadrat kilometri işğal etmək daha vacibdir.

“AzPolitika.info”