Gözlənilən Brüssel danışıqları elan edilən vaxtından bir gün əvvəl baş tutdu: Avropa Birliyi Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Belçika paytaxtında bir araya gəldilər. Bu, Azərbaycan və Ermənistan liderlərinin İkinci Qarabağ savaşından sonra 4-cü üçtərəfli görüş idi.
İlk 3 üçtərəfli görüş Putinin vasitəçiliyi ilə gerçəkləşmiş və üç bəyanatın qəbulu ilə nəticələnmişdi.
2020-ci il noyabrın 10-da videkonfrans yolu ilə razılaşdırılan ilk Üçtərəfli Bəyanat atəşin kəsilməsini, müharibənin bitməsini, nəticələrinin fiksasiyasını təsbit edir və postsavaş nizamlanması ilə bağlı öhdəlikləri müəyyənləşdirirdi. 2021-ci il yanvarın 11-də Moskvada əyani baş tutan üçtərəfli görüşdə qəbul edilən növbəti bəyanat isə iqtisadi ağırlıqlı idi, ilk bəyanatda nəzərdə tutulan nəqliyyat kommunikasiyalarının açılmasına vurğu edilirdi. Lakin savaşsonrası proses sxematik getmədi, nüansların ciddi korrektələrinə uğradı. Yəni, üstündən 10 ay keçdikdən sonra aydın oldu ki, sülh danışıqları postsavaş dalanında ilişib, Azərbaycan-Ermənistan sərhədində dəqiqləşdirmələr olmadan kommunikasiyalar məsələsində irəliləyiş mümkün deyil. Noyabrın 26-da Soçidə baş tutan 3-cü üçtərəfli görüşdə sərhədlərin demarkasiya və delimitasiyası məsələsi dövriyyəyə buraxıldı.
4-cü üçtərəfli görüşün moderatoru bu dəfə Qərb oldu. Əslində, Brüssel görüşü “həm ziyarət, həm də ticarət” xarakterli olduğu üçün onu savaşsonrası prosesdə hansısa dönüş anı olacağını demək çətindir. Yəni, Azərbaycan və Ermənistan liderləri “Şərq Tərəfdaşlığı” sammitində iştirak üçün onsuz da Brüsselə səfər edəcəkdilər, bu fonda onların görüşünü təşkil etmək fürsətini əldən qaçırmaq Qərb diplomatiyasının fərsizliyi sayıla bilərdi. İlham Əliyev və Paşinyana gəldikdə isə, cənab Mişelə “yox” demək beynəlxalq praktika və etiketə uyğun gəlməzdi. Düzdür, Brüssel görüşünün keçiriləcəyi bəlli olduqdan sonra Moskva bir qədər tədirgin olmuş və Putin tezbazar Soçi görüşünü təşkil etmişdi. Bu, sadəcə Putinin kəmfürsət, cırtqoz və hikkəli xarakteri ilə bağlı məsələdir. Reallıqda isə Donbas, Dnestryanı, Abxaziya və Sxinvali bölgələrindən fərqli olaraq Qarabağ məsələsində Qərb və Kreml elə də sərt rəqabətdə deyillər. Düzdür, 44 günlük müharibə zamanı Rusiyanın ABŞ və Fransanı oyundankənar etməsi “kollektiv Qərb”in xoşuna getməmişdi. Bununla belə, Qərb köhnə formatı (Minsk qrupu) rəfə qaldırmadan təzə formata – Ermənistan-Rusiya-Azərbaycan konfiqurasiyasına elə də qarşı çıxmadı. 20 ildən artıq Qarabağ danışıqlarında həmsədr kimi Paris və Vaşinqton hansı mövqedə idisə, Moskva da eyni cərgədə idi, vasitəçi imitasiyası ilə məşğul idi. Hazırda da Minsk qrupunun həmsədrlik institutu Rusiya üçün cəlbediciliyini itirməyib: Moskva üçün Qarabağ danışıqları Qərblə vacib təmas meydanıdır. Kreml Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycan və Ermənistandan bu anlamda arxayındır ki, nə Bakı, nə də İrəvanın NATO-ya üz tutmaq niyyəti var. Putin üçünsə NATO-nun postsovet məkanında peyda olması, özünün dediyi kimi, “qırmızı cizgi” məsələsidir.
Qərbdən hazırda kəskin bəyanatlar eşidilsə də, mövcud geosiyasi reallıqda ABŞ və müttəfiqləri tələsmirlər – özlərini faktiki olaraq heç bir öhdəlik və məsuliyyətlə yükləmədən, Bakı ilə İrəvan arasında balans axtarıb tapmaq əziyyətinə qatlaşmadan Putinin “Qafqaz kampaniyası”nın bölgəni və Rusiyanı haralara aparıb çıxaracağını izləyirlər. Cənubi Qafqazda münasibətlər elədir ki, Kreml Rusiyasız istənilən konfiqurasiyanın Azərbaycan- Ermənistan təmasları üçün işə yaramayacağına inandıra bilir və ya zorən inandırır. Qərb isə indiki geosiyasi konyunkturada özünü buna inanmış kimi aparır. Aydındır ki, Qərb regiondan əlini çəkmək niyyətində deyil, sadəcə gözləyir ki, Rusiya bu prosesdə nə vaxt ilişəcək, səhvi nə vaxt buraxacaq? Putinin postsovet məkanı ilə bağlı qaranlıq planları və bu coğrafiyada “ Rusiya üçün təhlükəsizlik qarantiyası tələbləri” elədir ki, konkret olaraq Bakı ilə İrəvan arasındakı menevrlərində, məhz kritik balans məsələsində nə vaxtsa səndələyəcək…
Rəsmi Bakı Minsk qrupuna, qeyri-effektiv həmsədrlik institutuna nə qədər şübhə ilə baxsa da, NATO və digər Qərb qurumları arzu edilən sülh anlaşmasına doğru Azərbaycan diplomatiyası üçün meydan, eləcə də Rusiyanın təzyiqlərini neytrallaşdırmaq, manevrlər etmək üşün vacib platformadır. Məsələn, üçtərəfli görüş ərəfəsində Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqlə Alyansın mənzil-qərargahında birgə keçirdiyi mətbuat konfransında Laçın və Zəngəzur dəhlizlərinin eyniliyi barədəki bəyanatı İrəvanla yanaşı, həm də Rusiyaya mesaj idi:
“Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır… Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik”.
Düzdür, belə yanaşmanı “Naxçıvanın Azərbaycan üçün statusu nədirsə, Dağlıq Qarabağın da Ermənistan üçün həmin statusda təsəvvürü üçün şərait yaratması” kimi “konstatasiya” edənlər tapıldı. Naxçıvan və Qarabağ Azərbaycan toqpaqlarıdır, beynəlxalq hüquq da bunu belə qəbul edir. Söhbət yalnız dəhliz mübahisəsindən gedir. Eksterritorial dəhliz kimi “Zəngəzur”un hər iki ucunda Azərbaycan varsa, Laçın dəhlizinin yurisdiksiyasında isə bir ucda Ermənistandırsa, digər ucda Azərbaycandır – Qarabağ ermənilərinin kompakt məskunlaşdığı və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisidir…
Avropanın göbəyində, Belçika Krallığında üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin 44 günlük Vətən müharibəsindən sonra ilk təkbətək görüşünün keçirilməsi sürpriz oldu. Hər halda, Moskvada və Soçidə fürsət verilməyən və ya baş tutmayan təkbətək təmasın Brüsseldə alınması postsavaş dövrü üçün yenilik, mərhələ xarakterlidir.
Üçtərəfli görüşdə AB-nin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycana texniki yardım göstərməyə hazır olduğunu bildirməsi, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəfin müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlməsi, Ermənistan tərəfinin öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etməsi, eləcə də gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinməsi danışıqlarda mühüm və ciddi irəliləyişlərdir.
Azərbaycan mövcud geosiyasi reallıqda mümkün olanın maksimumuna cəhd edir ki, postsavaş dövrünün növbəti mərhələsinə keçid üçün möhkəm zəminə nail olsun. Bu baxımdan və Rusiyanın vasitəçiliyinin sürünməsi fonunda Avropa səviyyəsində Ermənistanın sülhə məcbur edilməsi üçün hətta hipotetik imkanlar varsa, təbii ki, onlardan yararlanmaq lazımdır. Hər halda, ruslar demişkən, cəhd etmək işgəncə deyil…
Follow @7timesaz