Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətində deyil və hərbi sənayesini genişləndirərək 2029–2030-cu illərdə Avropa qitəsində genişmiqyaslı müharibəyə hazırlaşır.
Prezident bu barədə “Telegram” kanalında paylaşım edib və Rusiyaya qarşı daha çox təzyiq göstərilməsinin vacibliyini vurğulayıb:“Cəbhədəki vəziyyəti nəzərə alsaq, görürük ki, Rusiya dayanmaq istəmir. Onların hərbi sənayesinə baxanda istehsalın artdığını müşahidə edirik. Qiymətləndirmələrimizə görə, onlar bu müharibəni davam etdirmək niyyətindədir”.
Zelenskinin sözlərinə görə, əgər Rusiyaya ciddi təzyiq göstərilsə, o zaman Moskva “fasiləyə” məcbur qala bilər. Lakin Ukrayna lideri xəbərdarlıq edib ki, Kreml daha böyük qarşıdurmaya hazırlaşır:“Onlar 2029 və ya 2030-cu illərdə – bu dövr ərzində – böyük müharibə başlatmaq üçün hazırlaşırlar. Bu, Avropa qitəsi üçün çox ciddi çağırışdır”.
Ukrayna Prezidenti əlavə edib ki, hazırda əsas məqsəd Rusiyanın işğalçılığını dayandırmaq və onun imkanlarını məhdudlaşdırmaqdır:“Rusiyanı indi Ukraynada dayandırmaq lazımdır. Onlara pul axınını, xüsusən enerji daşıyıcılarından gələn gəlirləri kəsmək, silah təchizatını tam dayandırmaq vacibdir. Bu məsələ üzərində ciddi düşünməliyik”.
Follow @7timesaz


