Xəbər verdiyimiz kimi, ABŞ-ın “Time” jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar.
7Times.az xəbər verir ki, cütlüyün sözügedən fotosu həm KİV-də, həm də sosial şəbəkələrdə müzakirələrə səbəb olub, gülüş obyektinə çevrilib.
Harrinin həyat yoldaşının arxasında utana-utana “gizlənməsi” sosial şəbəkə istifadəçilərində sual doğurub. Onlar şahzadəni xanımının sözü ilə hərəkət edən kişi adlandırıblar.
Bədən dili üzrə ekspert Darren Stenton “Daily Mail” nəşrinə şərhində bildirib ki, bu fotolar cütlüyün münasibətlərində hakimiyyətin Meqan Marklın əlində olduğunu göstərir.
Qeyd edək ki, şahzadə Harri ilə Meqan Markl həm “Time”ın üz qabığına, həm də bu nəşrin versiyasına görə ən nüfuzlu 100 şəxsin siyahısına ilk dəfə düşüb.