İtaliyanın Venesiya şəhərində keçirilən ənənəvi Film Festivalı başa çatıb.
7Times.az “AzərTac”a istinadən xəbər verir ki, Palazzo del Casino və Lido di Venezia salonlarında keçirilən festivalda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 23 ekran əsəri nümayiş etdirilib.
Amerikalı aktrisa və yazıçı Culian Murun sədrlik etdiyi münsiflər heyətinin qərarına əsasən, amerikalı rejissor və sənədli filmlərin prodüseri Laura Poitrasın “Bütün gözəlliklər və qanlar” filmi “Ən yaxşı film” nominasiyasında 79-cu Venesiya Film Festivalının “Qızıl şir” mükafatını qazanıb.
İtaliyalı rejissor və ssenari müəllifi Luka Quadaqnino isə “Sümüklər və hamısı” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında gümüş mükafata layiq görülüb.
Məşhur iranlı rejissor Cəfər Pənahinin “Ayılarsız” filmi münsiflər heyətinin xüsusi, “Müqəddəs Ömər” filminin rejissoru Alis Diop isə “Gələcəyin aslanı” mükafatına layiq görülüblər.İtaliyalı aktrisa Vera Cemma “Ən yaxşı aktrisa” nominasiyasında qalib olub. İrlandiyalı aktyor Colin Farrell kişilərdə, avstraliyalı aktrisa və prodüser Keyt Blanşett isə qadınlarda “Volpi” kubokunu qazanıb.
Festival çərçivəsində 44 günlük Vətən müharibəsi fonunda cərəyan edən hadisələrdən bəhs edən “Banu” filmi də təqdim olunub. Prodüserliyini “Noori Pictures” şirkətinin etdiyi filmin rejissoru və baş rolun ifaçısı Təhminə Rafaelladır. Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan ekran işində Əməkdar artist Mələk Abbaszadə, habelə aktyorlar Zaur Şəfiyev, Cəfər Həsən, Kəbirə Həşimli, Emin Əskərov və Dəniz Tacəddin rol alıblar.
79-cu Venesiya Film Festivalına dünyanın müxtəlif ölkələrindən bir çox kino ulduzu qatılıb.
Follow @7timesaz