Ölkə

Bu gün Tahir Süleymanovun 78 yaşı tamam olur

Bu gün Tahir Süleymanovun 78 yaşı tamam olurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, görkəmli ictimai-siyasi xadim, müdrik ağsaqqal, yüksək mənəviyyatı, alicənablığı və insanpərvərliyi ilə daim seçilən Tahir Süleymanovun 78 yaşı tamam olur.

Şərəfli ömür yolu, zəngin həyat təcrübəsi və çoxillik ictimai-siyasi fəaliyyəti ilə xalqımıza və dövlətimizə layiqli xidmət nümunəsi göstərən Tahir Süleymanov cəmiyyətimizdə sözünə, mövqeyinə və şəxsiyyətinə böyük ehtiram bəslənilən vətənpərvər ziyalıdır. Onun fəaliyyətinin bütün mərhələlərini səciyyələndirən əsas xüsusiyyətlər yüksək vətəndaşlıq mövqeyi, məsuliyyətli yanaşma, təmkin, prinsipiallıq və insanlarla səmimi münasibətdir. Tahir Süleymanovun Azərbaycan Respublikasının Milli Məclisində dörd çağırış deputat kimi uğurlu fəaliyyəti onun dövlət idarəçiliyi və qanunvericilik sahəsində uzun illər ərzində qazandığı zəngin təcrübənin mühüm göstəricisidir. Xalqımızın layiqli millət vəkili olaraq Milli Məclisdə fəaliyyəti dövründə ölkəmizin sosial-iqtisadi inkişafı və beynəlxalq parlament əlaqələrinin genişləndirilməsinə mühüm töhfələr vermişdir.

Onun ictimai-siyasi fəaliyyətinin mühüm cəhətlərindən biri də hər zaman milli-mənəvi dəyərlərə, ailə və cəmiyyət ənənələrinə yüksək ehtiramla yanaşmasıdır. Tahir Süleymanov üçün ağsaqqallıq yalnız yaş və həyat təcrübəsi deyil, ilk növbədə, mənəvi məsuliyyət, insanlara dayaq olmaq, gənclərə düzgün istiqamət vermək və cəmiyyətin həmrəyliyinə xidmət etmək missiyasıdır. Məhz bu baxımdan onun Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Şuranın fəaliyyətində yaxından iştirak etməsi, bölgələrdə ağsaqqalların ictimai rolunun daha da möhkəmləndirilməsi, gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşmasına dəstək göstərməsi onun zəngin həyat təcrübəsini cəmiyyətimizin inkişafına yönəltməsinin parlaq nümunəsidir.

Dövlətimiz tərəfindən Tahir Süleymanovun “Şöhrət” ordeni, 1-ci və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “Fəxri Ağsaqqal” döş nişanı, müxtəlif beynəlxalq mükafat və diplomlarla təltif olunması onun ölkəmizin ictimai-siyasi həyatında xidmətlərinin yüksək dəyərləndirilməsinin bariz göstəricisidir.