Amerikalı yazıçı və tarixçi Mayk Pek İkinci Dünya Müharibəsinin “qaranlıq nöqtələri”ndən birinin təfərrüatlarını açıqlayıb. Söhbət 1940-cı ildə Fransa və Böyük Britaniya aviasiyası tərəfindən sovet neft yataqlarının bombalanmasını nəzərdə tutan “Pike əməliyyatı”ndan gedir.
7times.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.
Publisistin sözlərinə görə, İkinci Dünya Müharibəsi başlamazdan əvvəl Sovet rəhbərliyi anti-nasist koalisiya yaratmağa çalışsa da, London və Parisdə anlaşma əldə edə bilməyən sovet diplomatiyası Almaniya ilə hücum etməmək haqqında pakt bağlayıb. Bununla da SSRİ müttəfiqlərinin gözündə Almaniyanın qatı düşmənindən müttəfiqinə çevrildi və bu, sonradan Paris və Londonu “Niyə SSRİ-yə zərbə endirib bir daşla iki quş vurmayaq?” ideyasına sövq etdi.
Yazıçının sözlərinə görə, “Pike” əməliyyatı məhz belə yaranıb. Müttəfiqlərin İran və Suriyadakı bazalarından, eləcə də neytral Türkiyədən çıxan yüzdən çox ingilis və fransız bombardmançıları Qafqazdakı sovet neft yataqlarına davamlı olaraq hücum etməli idilər.
“Rossiyskaya qazeta” xatırladır ki, 1940-cı il yanvarın 19-da Fransanın baş naziri Eduar Daladye ordu komandiri general Moris Qamelen SSRİ ilə döyüş planı hazırlamağı tapşırmışdı. Sənəddə deyilirdi: “Neft hasilatının 90 faizdən çoxu və neft emalının 80 faizi Qafqazda (əsasən Bakıda) cəmləşib. Buna görə də neft tədarükündə hər hansı bir kəsintinin çox böyük fəsadları olacaq və hətta Rusiyanın hərbi, sənaye və kənd təsərrüfatı sistemləri çökməyə səbəb ola bilər”.
1940-cı il martın 8-də Qamelenin məruzəsi ilə eyni vaxtda Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi Şimal, Uzaq Şərq və Cənubda SSRİ-yə qarşı hərbi əməliyyatların aparılmasına dair sənəd hazırladı. İngilis strateqlərinin planlarında cənub istiqamətində hava hərəkatı “Pike əməliyyatı” adlanırdı. Hava hücumuna hazırlıq geniş miqyasda aparılıb. Onu Yaxın Şərqdə həyata keçirmək üçün iyun ayına qədər 20 aerodrom, 75 mindən çox aviabomba və 100-dən çox bombardmançı, o cümlədən “Martin Merilend” və “Bristol Blenheym” hazırlanmalı idi. Bakının dağıdılmasına 15 gün, Qroznıya 12 gün, Batumiyə isə 1,5 gün vaxt ayrılmışdı.
Müttəfiqlərin təyyarələri tezliklə döyüş mövqeyi yerləşdirmələrinə başladı. 1940-cı il martın 30-da Britaniya Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi İraqdakı Habbaniya aviabazasından havaya qalxaraq 7000 metr yüksəklikdən Bakının fotosunu çəkib. Dörd gün sonra həmin təyyarə Batumi və Poti limanlarının havadan kəşfiyyatını həyata keçirib. Sovet zenit artilleriyası həmin vaxt iki dəfə atəş açıb, lakin hava casusunu vura bilməyib.
Bu vaxta qədər SSRİ rəhbərliyi Fransa və Böyük Britaniyanın planları barədə artıq məlumat almış və buna görə də 27-ci aviasiya diviziyası və ən son avadanlıqlar olan RUS-1 radar sistemləri Azərbaycana yerləşdirilmişdi. Lakin 1940-cı il aprelin 9-da almanların Norveçə hücumu başladı və “Pike əməliyyatı” həyata keçirilmədi.
Follow @7timesaz