Ölkə

“Qanunsuz Tikinti, Qanuni Susqunluq və Deputatın Məhkəməsi” – REPORTAJ

“Qanunsuz Tikinti, Qanuni Susqunluq və Deputatın Məhkəməsi” – REPORTAJbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir şəhərdə bir hakim var idi. Hamı onu güclü və toxunulmaz sayırdı. Kim onun səhvini desə, dərhal susdurulurdu.
Bir gün bir qələm sahibi onun etdiyi haqsızlığı yazdı. Hamı ona dedi:
— Sus, özünü oda atma. Güclü ilə mübahisə edən yanar.
Amma o cavab verdi:
— Əgər hamı susarsa, haqsızlıq qanuna çevrilər.
Hakim qəzəbləndi, onu məhkəməyə verdi və düşündü ki, qorxu həqiqəti boğacaq.
Məhkəmə günü qələm sahibi sakitcə dedi:

— Mən sənə qarşı yox, haqsızlığa qarşı yazmışam. Əgər sözüm yalandırsa, həqiqət məni məğlub etsin. Yox, əgər doğrudursa, ən böyük hökmü zaman verəcək.

Zal susdu.Çünki insanlar anladı ki, bəzən ən ağır hökmü məhkəmə yox, vicdan verir. Güc həqiqəti gizlədər, amma məhv edə bilməz.

Reportajımın nəqlinə bu kiçik ibrətamiz hekayə ilə başlamağım da elə nəql edəcəyim hadisələrlə bənzərlidir. Mən bu hekayənin bir qələm sahibi, Əlibala Məhərrəmzadə isə güclü hakimidir. Amma Haqqa söykənməyən zorun hökmü ilə ədalətin səsini boğub həqiqəti gizlətməyə çalışan hakimidir.
Onun və ailəsinin sahibi olduğu şirkətin Quba rayonu ərazisində qanunsuz tikdirdiyi obyektlərlə bağlı yayımladığımız sonuncu reportajdan sonra millət vəkili Əlibala Məhərrəmzadə barəmizdə məhkəməyə müraciət edib. Bu məhkəməyə səbəb olan proseslərin izahını daha sonra nəql edəcəyəm.
İndi biraz bu məhkəmə prosesi barədə danışaq. Xüsusi ittiham qaydasında tərtib edilən şikayət ərizəsinin bir hissəsi deputatın hesabatı, bir hissəsi bizim yayımladığımız sujetin mətni, bir hissəsi isə hələ heç kəsin anlamadığı utopikadan ibarətdir.

Ərizə mənim Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibinə başlanılması tələbi ilə başlasa da, sonda Seyfullayev Elbrus Ramiz oğlunun 147.1, 178-ci maddələri ilə cəzalandırılması tələbi ilə yekunlaşır. Yəni praktik olaraq bizdən şər-böhtan atma tələbi ilə şikayətçi olan Əlibala Məhərrəmzadə məhkəmədən Seyfullayev Elbrus Ramiz oğlunun dələduzluğa görə cəzalanmasını tələb edir.
İndi gəl bu şikayət ərizəsinə əsasən öz təqsirsizliyini sübut et və hüquqi müdafiəni təşkil et. Bu ərizə ilə biz sabah Xaçmaz Rayon Məhkəməsində 2-ci hazırlıq iclasına çıxacağıq. Amma hələ də təqsirləndirildiyimiz şikayət ərizəsində adı çəkilən Elbrus adlı şəxsin kim olduğunu və bu ərizədə niyə peyda olduğunu bilmirik.

İndi isə deputat Əlibala Məhərrəmzadəni məhkəməyə üz tutmağa məcbur edən reportaja və həmin reportajda səsləndirilən informasiyalara diqqət yetirək.
Millət vəkilinə aid olan, hazırda isə onun qardaşının mülkiyyətində rəsmiləşən “A Ənd J Holding” MMC tərəfindən Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında “Aqua Park” və onun ətrafında, həmin mərkəzin olduğu inzibati binanın yaxınlığında tikilən obyektlərin qanunsuz olaraq inşa edilməsini yazmışıq, səsləndirmişik.

Qeyd edək ki, bu haqda hazırladığımız reportaj ötən ilin mart ayında yayımlanıb. Amma Əlibala Məhərrəmzadə bir il bundan əvvəl yayımladığımız reportajda ifadə edilən informasiyalara görə bizi indi məhkəməyə verir.
Həmin reportajın silinməsi üçün etdiyi bütün kirli təkliflərin bir nəticə vermədiyini, tanıdığımız ortaq şəxslər vasitəsi ilə sujeti silməsək belə, heç olmasa bir daha o mövzuya qayıtmamaq istiqamətində bizə yönəlik etdiyi bütün xahiş və istəkləri nəticəsiz qalan Əlibala Məhərrəmzadənin həmin reportajın hansı hissəsində və cümləsində şər-böhtana məruz qalması çox maraqlıdır.

Biz sözügedən həmin tikililərin qanunsuz aparıldığını bəyan edən ən son subyektik. Sifarişçi “A Ənd J Holding” MMC tərəfindən Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında tikilən həmin obyektin yerləşdiyi torpaq sahəsi ehtiyat fondu təyinatlıdır. Qanunvericiliyə əsasən bu tip torpaqların istifadə qaydalarının yalnız Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilə bilməsi hörmətli millət vəkilimizə məlumdur yəqin.

Tikililərin qanunsuz olduğunu bəyan edən növbəti dövlət qurumu isə FHN-dir. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 27 oktyabr 2023-cü il tarixli, 30 yanvar 2025-ci il tarixli və 19 noyabr 2025-ci il tarixli tikinti işlərinin dayandırılması barədə qərarları var. Həmin qurum artıq bu barədə FHN-nin Əməliyyat-İstintaq İdarəsinə rəsmi müraciət edib.
Tikintilərin qanunsuz olduğunu bildirən növbəti dövlət instansiyası DİN-dir. Faktla əlaqədar olaraq cinayət işi açılıb. İş Quba RPŞ-nin istintaq bölməsində icraatdadır. Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti tələblərinin də kobud şəkildə pozulduğu həmin tikililər barədə müvafiq icra hakimiyyəti orqanlarının da razılığı və icazəsi alınmayıb.

İnformasiyanın etibarlılığı üçün bu qədər dövlət qurumunun qətiyyətli mövqeyi və qərarından savayı mistik qüvvələr tərəfindən dəmi bir bəyan təzahür etməli idi o tikililərin qanunsuz aparıldığını yazmaq üçün?.. Hardadır şər, hardadır böhtan, Əlibala müəllim?.. Bu sadaladığımız informasiyalarda alçalan sizin nüfuzunuzdur, yoxsa Azərbaycan qanunları?..

Yayımladığımız faktların, səsləndirdiyimiz informasiyaların şərəf və ləyaqətinizə, nüfuzunuza qarşı bir şər-böhtan olduğu fikrindəki iradənizdə qətiyyətlisinizsə, o zaman niyə elə ilk məhkəmə günü bu reportajı silmək qarşılığında iddiadan imtina etməyi təklif edirsiniz?
Tikinti işlərinə mövcud Azərbaycan qanunvericiliyinə əsasən məsul olan bütün dövlət qurumları bu tikintilərin qanunsuz olduğunu deyir, xəbərdarlıq məktubları ilə başlayan bu tədbirlər iki dövlət qurumunun istintaq orqanına qədər gedib çıxıb. Siz isə bu məlumatları yazan media qurumunu məhkəməyə verirsiniz. Pərdəniz arxasındakı xahiş və kirli təklifləriniz barədə isə ayrı mövzuda danışacağıq.

Ötən reportajda bir mollanın qeyri-əxlaqi əməli ilə bir millət vəkilinin qanunlara məhəl qoymamasını müqayisə etmişdik. O mollanı bağışlamaq və cəmiyyətin ictimai tənbehindən xilas etmək olar. Nə qədər ikrah hissi doğursa da, nəticə etibarı ilə ölkəsinə zərər-ziyanı yoxdur. Yıxılan öz etibarıdır, bəyan olan şəxsi inancıdır. Şansı gətirsə, bir gün islah olar.

Bir millət vəkilinin bu davranışları isə həm dövlətinin qanunlarına, həm də bu qanunların formalaşdığı ali qanunverici orqanın nüfuzuna zərər verir.

Məhkəmə. Ədalət qarşısında cavab verməli olan tərəf nə o molladır, nə biz. Millət vəkili olduğunuz Quba rayonunda son illər tikintisi dayandırılan yüzlərlə, sökülən onlarla ev, obyekt var. Qanunlara tabe olan o mülk sahiblərinin biri də buna etiraz etmir, izzətlə dövlət qurumlarının bu qərar və tələbinə tabe olur. Lətifəsi sizdən uzaq. Vətəndaşı olduqları dövlətin qanunları qarşısında nizamla və sayğı ilə dururlar. Siz onlara örnək olmalı idiniz. Onlar sizə örnək olur.