Kriminal

Terrorçulara qoşulan Azərbaycan vətəndaşının məhkəməsi başladı  

Terrorçulara qoşulan Azərbaycan vətəndaşının məhkəməsi başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya Ərəb Respublikasının Atma şəhərində terror aktlarının törədildiyi  silahlı münaqişələrdə iştirak etməkdə ittiham olunan 1977-ci il təvəllüdlü Akif Osmanovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

7Times.az xəbər verir ki, məhkəmə hakim Cavid Hüseynovun sədrliyi ilə həyata keçirilir. Məhkəmədə hakim bildirib ki, DTX-dan məhkəməyə məktub daxil olub və Akif Osmanovun saxlanıldığı DTX istintaq təcridxanasından Bakı İstintaq təcridxanasına köçürülməsi istənilib.

Qeyd edək ki, Akif Osmanov DTX tərəfindən həbs edildiyi, istintaqın həmin qurumda aparıldığı üçün indiyədək orada saxlanılırdı.

Hakim təqsirləndirilən şəxsin köçürülməsi barədə qərar verib.

Məhkəməyə növbəti baxış iclası fevralın 3-nə təyin edilib.

Xatırladaq ki, Akif Osmanov Suriya Ərəb Respublikasının Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməkdə, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməkdə, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası almaqda, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan Respublikası vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmaqda təqsirləndirilir.

Akif Osmanov şübhəli şəxs qismində tutularaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Nəzrin