Son zamanlar hava haqqında məlumatlarda tez-tez rastımıza çıxan anlayış var: “Havada dəm qazının miqdarı normadan artıqdır” və yaxud da “Bakı səmasında toz buludu müşahidə edilir”. Havanın bu qədər çirklənməsi bizim kimi qonşu ölkələrin də əsas problemlərindən birinə çevrilib. Elə bu yaxınlarda Tehranda hava çirkliliyi ilə əlaqədar tətil elan olunmuşdu.
Bəs görəsən ölkəmizdə ekoloji vəziyyət nəzərə alınmaqla tətil edilməsi mümkündür?
Məsələ ilə əlaqədar Xəzər universitetinin professoru, ətraf mühit üzrə ekspert Rövşən Abbasov BAKU.WS-ə açıqlamasında bildirdi ki, ölkəmizdə hava çirkliliyi səbəbindən iş yerlərinin və yaxud məktəblərin tətilə göndərilməsi bir qədər çətin olar. Çünki Bakıda elə də kritik vəziyyət yoxdur. Bunun əvəzinə havanın kirliliyini azaltmaq üçün müəyyən tədbirlər həyata keçirmək olar:
“Əvvəl müəyyən etmək lazımdır ki, atmosferə dəm qazı haradan gəlir. Fikrimcə bu əsasən şəxsi avtomobillərdən daxil olur. Maşınların texniki baxışının düzgün keçirilməməsi və s. səbəb olur. Bakı şəhərində avtomobillərin texniki baxışdan keçirilməsi məsələsini ciddiləşdirmək lazımdır. Bəzən buna səhlənkar yanaşırlar”.
Ekspert hava kirliliyi ilə bağlı ekoloji polislərin önəmini xüsusi vurğuladı:
“Vaxtilə ekoloji polis var idi. Onlar maşınlardan atmosferə atılan qazları yoxlayırdı. Bəzən özümüz də görürük ki maşın gedir və yola çox qatı tüstü buraxır polis də buna biganə qalır”.
Çirkli hava ilə mübarizədə əsas məsələ nəzarət mexanizminin gücləndirilməsidir. Nəzarət isə müxtəlif sahələrdə ayrı-ayrı qurumlar tərəfindən aparılmalı olan işdir:
“Digər tərəfdənsə ictimai nəqliyyatı gücləndirmək lazımdır. Beləcə insanlar tədricən şəxsi maşınlardan istifadəni azaldarlar.
Mən Bakıda havanın keyfiyyətini orta ağır adlandırardım. Buna çox keyfiyyətli də demək olmazdı. Əvvəla paytaxtın coğrafi mövqeyi çox əlverişlidir. Xəzər Dənizindən cənub küləyi gəlir və çirkli havanı təmizləyir. Dünyanın ayrı-ayrı şəhərlərinin hava keyfiyyətini göstərən sistemlərə baxdıqda da görürəm ki bizdə vəziyyət elə də pis deyil”.
Xatırladaq ki, ən son məlumata görə, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyəti göstəricilərindən dəm qazı 1,3, Sumqayıt şəhərində isə azot-4 oksid 1,1 dəfə normadan yüksək müəyyən edilib.
Onu da nəzərinizə çatdıraq ki, 2022-ci il Dünya Hava Kirliliyi Statistikasına görə, dünyada havası ən kirli ölkələrinin başında Çad, İraq, Pakistan, Bəhreyn və Banqladeş gəlir. Havası ən təmiz ölkələr isə Quamdır.
Təəssüflər olun ki, paytaxtımızın da belə bir siyahıda antirekordu mövcuddur. Belə ki, 2010-cu ildə Bakı dünyanın ən çirkli şəhəri elan edilib. “NYC International Rating and Consulting Company” tərəfindən aparılan araşdırmada dünyanın ən çirkli 30 şəhəri siyahıya alınarkən, Azərbaycanın paytaxtı Bakı birinci yeri tutub.
Follow @7timesaz