Ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın qarşısında daha ciddi vəzifə dayanır. Növbəti hədəf Ermənistanla sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin işə düşməsidir. Əksər ekspertlər hesab edirlər ki, tərəflər arasındakı sülh müqaviləsi bu ilin birinci yarısında imzalana bilər. Amma bunun əksini düşünənlər də var. Maraqlı tərəflər sülh müqaviləsinin imzalanmasını əngəlləyir və bununla da regionda müharibə riskini saxlayırlar. Ermənistanın silahlandırılması, düşmən ölkəyə müxtəlif vədlərin verilməsi erməniləri ümidləndirsə də, çıxış yolu yalnız sülh müqaviləsinin imzalanmasından keçir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, Azərbaycanın təklif etdiyi prinsipləri qəbul etməlidir.
Xarici ekspertlərin fikrincə, bütün çətinliklərə baxmayaraq, Ermənistan özündə siyasi iradə tapıb, Azərbaycanın təkliflərini qəbul edəcək və sülh müqaviləsini imzalayacaq.
7Times.az xəbər verir ki, gürcüstanlı siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya da bu fikirdədir: “Düşünürəm ki, bu, yaxın gələcəkdə baş verəcək və təbii olaraq Cənubi Qafqazda bütün geosiyasi uyğunluğu dəyişəcək. Bununla da, regionda Rusiya faktoru hansısa şəkildə azalacaq. Əksinə, artıq burada “3+2” formatı kontekstində maraqlı konfiqurasiya yaradılır. Hətta etiraf edim ki, “3+3” formatına da keçmək ehtimalı var. İndi hər şey buna doğru gedir. Gürcüstanda bu il keçiriləcək seçkilər ölkəni Avroatlantik deyil, Avrasiya istiqamətinə çevirə bilər. ABŞ regionda çəkisini itirir. Görünür, Rusiya faktoru güclənməkdə davam edəcək. Türkiyənin də mövqeyi güclənəcək. Məhz üçlük – Rusiya, Türkiyə və İran regional hegemonlar kimi Qərb dövlətlərinin oksigenini kəsə bilər. Düşünürəm ki, Ukrayna müharibəsi, ABŞ və Avropa dövlətlərinin bəzilərində baş tutacaq seçkilər fonunda onlar öz geosiyasi mövqelərindən geri çəkiləcəklər. Bu isə dövlətlərin regiondakı təsirini daha da azaldacaq. Çox güman ki, Cənubi Qafqazda üçlük faktoru üstünlük təşkil edəcək və məhz bu üçbucaq kontekstində sülh müqaviləsi imzalanacaq. Həmçinin, Gürcüstanda rusiyayönlü mövqelər güclənəcək. Baxmayaraq ki, Gürcüstan bu yaxınlarda Aİ-yə namizəd statusu alıb. Amma Avrasiya siyasi qüvvələrinin təsirinin artdığı göz qabağındadır. Bu, mən deyərdim ki, Gürcüstanda yaranan daxili təhlükəsizlik dilemmasıdır. Bunun nəyə gətirib çıxaracağı hələ də bəlli deyil. Amma əminliklə deyə bilərəm ki, bu il Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq və bu, ilin əsas geosiyasi sıçrayışı olacaq”.
Rusiyalı ekspert, Moskva Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neymakov da məsələyə nikbin yanaşır: “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun 2023-cü il dekabrın sonunda Bakının dialoq perspektivlərinə real baxması barədə açıqlamasını xatırlayıram. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bunabənzər bəyanatla çıxış etmişdi. Bununla belə, xatırlamaq yerinə düşər ki, danışıqlar prosesinin son mərhələsində ən böyük fikir ayrılığına səbəb olan məsələlər tez-tez müzakirə olunur. Məsələn, kommunikasiyaların açılması məsələsində fikir ayrılıqları hələ də qalır. Bakının İrəvanın təşəbbüsü ilə həyata keçirilən “Dünyanın kəsişməsi” layihəsini tənqid etməsi hər iki dövlətin ziddiyyətləri həll etməkdən çox uzaq olduğunu göstərir”.
Ekspertin fikrincə, 2024-cü ilin əvvəlində Bakı və İrəvan arasında dialoq intensiv olmayacaq: “Nikol Paşinyan üçün daxili etirazların azaldığı bir vaxtda sülh sazişi bağlamaq daha sərfəlidir. Çünki müxalifət aksiyalarını 2024-cü ilin aprel-may aylarında keçirə bilər. Bundan əlavə, 2024-cü ilin yayında ABŞ-də seçki kampaniyasının həlledici mərhələsi başlayacaq.
Bunun fonunda Vaşinqtonun Cənuba Qafqaza diqqəti bir qədər azalacaq. Bu da Bakıya daha çox manevr imkanı verə bilər. Yəni Ermənistan hökumətinin sülh sazişinin bu ilin ilk altı ayı ərzində bağlanmasını optimal hesab etmək üçün bir sıra səbəbləri var. Öz növbəsində, Azərbaycan üçün əlverişli olan bir sıra amillər mövcuddur. Türkiyədə vəziyyətin kifayət qədər sabit olması və İranın diqqətinin Yaxın Şərq böhranına yönəldilməsi kimi faktorların mövcud olduğu bir vaxtda sülh müqaviləsinin imzalanmasını tezləşdirmək Bakı üçün də faydalıdır. Hələlik rəsmi Bakının 2024-cü ilin yay-payız aylarında danışıqların güclənəcəyini gözləməyə əsasları var. Məsələn, İlham Əliyevin 2023-cü il noyabrın 23-də “Euronews” telekanalına müsahibəsində “Burada vaxt o qədər də önəmli deyil, hər iki ölkə üçün gündəm önəmlidir”, – deməsi buna sübutdur. Bununla belə, ən azı 2024-cü ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasına nail olmaq Azərbaycan üçün də faydalı olardı. Həqiqətən də İrəvan son aylarda KTMT-yə şübhə ilə yanaşdığını bildirib. Qərb isə Nikol Paşinyan hökuməti ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı nümayəndələrinin bu yaxınlarda Ermənistana səfəri də diqqət çəkir. Bununla belə, Qərb oyunçularından Ermənistanın təhlükəsizliyinə kifayət qədər təminat verilməsindən söhbət getmir. Bu, İrəvanın Moskva ilə köklü qırılmaması üçün əlavə stimul ola bilər”.
KONKRET.az
Follow @7timesaz