Fransanın paytaxtı Parisdə keçrilən XXXIII Yay Olimpiya Oyunlarının 5 günü arxada qalıb.
“Paris-2024” Yay Olimpiya Oyunlarına 48 idmançı ilə qoşulan Azərbaycan komandası 15 idman növündə yarışır.
Təəəssüf ki, xeyli idmançımız vaxtından əvvəl uduzaraq yarışları artıq başa vurublar.
Hələlik yalnız bir idmançımız medal qazana bilib. Bu, 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçu Hidayət Heydərovdur. O, Fransa paytaxtında qızıl medal qazanmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, Azərbaycan Himnini səsləndirib.
Hazırda aktivində 1 qızıl medal olan Azərbaycan komandası ölkələrin medal sıralamasında 23-cü yerdə gedir. Qarşıdakı günlərdə komandamızın medal sayı arta bilər.
Maraqlıdır, bəs Paris Olimpiadasında medal qazanan idmançılarımıza Azərbaycanda nə qədər pul mükafatı veriləcək?
Modern.az saytı mövzunu araşdırmağa çalışıb.
Adətən Olimpiya Oyunlarında medal qazanmış idmançıların mükafatlandırılması ölkə başçısının sərəncamları əsasında həyata keçirilir. Çox güman ki, “Paris-2024” Yay Olimpiya Oyunları başa çatandan və bütün idmançılar vətənə qayıdandan sonra ölkə Prezidentinin mükafatlandırma ilə bağlı müvafiq sərəncamları olacaq.
Çünki daha əvvəl keçirilən Olimpiadalar zamanı buna şahid olmuşuq.
Yada salaq ki, koronavirus pandemisyası ilə əlaqədar bir qədər gec baş tutan – 2021-ci ilin 24 iyul–8 avqust tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarından sonra dövlət başçısı idmançılar və onların məqşçilərinin mükafatlandırılması ilə bağlı müvafiq sərəncam imzalamışdı.
Xatırladaq ki, Azərbaycan komandası Tokio Olimpiadasında 44 idmançı ilə təmsil olunmuşdu.
Tokio Olimpiadasında komandamız ümumilikdə 7 medal qazanmışdı – 3 gümüş və 4 bürünc.
Komandanın heyətində karateçilər Rafael Ağayev (gümüş) və İrina Zaretska (gümüş), güləşçilər Hacı Əliyev (gümüş), Rafiq Hüseynov (bürünc) və Mariya Stadnik (bürünc), həmçinin boksçu Loren Alfonso (bürünc) və cüdoçu İrina Kindzerskaya (bürünc) medala sahib olmuşdu.
Tokio Olimpiadasında Azərbaycan milli komandası qızıl medal qazana bilməmişdi.
Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli sərəncamına əsasən, Tokio Olimpiadasında medal qazanan idmançılar və onların məşqçiləri üçün aşağıdakı pul mükafatları ayrılmışdı:
– gümüş medal qazanan idmançıya 200 min manat (onun məşqçisinə 100 min manat);
– bürünc medal qazanan idmançıya 100 min manat (onun məşqçisinə 50 min manat).
Eyni zamanda idmançılar və onların məşqçiləri “Vətənə xidmətə görə” və “Əmək” ordenlərilə, “Tərəqqi” medalı ilə təltif edilmişdilər.
8 il əvvəl – 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə komandamız qızıl medal qazanmışdı. Rio-de-Janeyro Olimpiadasında komandamızın aktivinə yazılan 1 qızıl medalı taekvondoçu Radiq İsayev qazanmışdı.
Həmin Olimpiadadan sonra imzalanmış Prezident sərəncamına əsasən, qızıl medal qazanmış idmançımıza 400 min manat, onun məşqçisinə 200 min manat mükafat verilmişdi.
Ehtimal olunur ki, bu il də mükafatların məbləği dəyişməyəcək.
Valyuta.az
Follow @7timesaz