Təhsil idarələri icra hakimiyyətlərinin tabeliyindən çıxarılıb regional idarəetməyə keçirilsə də, görünür, yerlərdə köhnə idarəçilik vərdişləri hələ də qalır.
Səlahiyyət bölgüsü məlum olsa da, praktikada icra başçıları yenə də təhsil sahəsinə, məktəblərdəki proseslərə birbaşa müdaxilə etməyə çalışırlar.
Şimal bölgəsində də bu mənzərənin təsirlərini ara-sıra görürük. Məsələn, ötən həftə Siyəzən RİH-nin başçısı Novruz Novruzov səlahiyyət və vəzifə bölgüsünə heç bir aidiyyəti olmasa da, rayonun Zarat kənd orta məktəbini ziyarət edib, məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış olub.
İcra başçısı məktəb binası ilə tanış olarkən təmir işlərinin keyfiyyətsiz aparıldığını sərt şəkildə tənqid edərək rayon təhsil sektorunun müdirinə etirazını bildirib. Amma icra başçısının bu görüşü nə bir səyyar vətəndaş qəbulunun tərkib hissəsi olub, nə də bir şikayət əsasında baş tutub. Bu təəssübkeş səyyar səfər barədə heç RİH-nin rəsmi səhifələrində belə hər hansı bir paylaşım edilməyib. Novruz Novruzov məktəb binasının təmirinin natamam və keyfiyyətsiz aparıldığını irad bildirərək sektor müdirindən bir növ hesab sorub.
Regionun digər rayonu — Qusarda isə bu sferadakı mənzərə bir qədər fərqlidir. Rayona icra başçısı təyin edildiyi gündən bəri rayonda təhsilin ümumi mənzərəsindən və sektor müdiri Naira Klıçavanın fəaliyyətindən narazı olan Sahir Məmmədxanov bu qətiyyətli fikrində və iradında haqq sahibi və haqlı hesab edilirdi. Doğrudan da, Qusarda təhsilin həm statistikası, həm də idarəetmə sahəsindəki səriştəsizliyi hər addımda hiss edilir və sezilirdi. Sahir Məmmədxanov hətta sektor müdirinin dəyişdirilməsi istiqamətində də öz təəssübkeş mövqeyini dəfələrlə bəyan edərək açıq şəkildə ifadə etmişdi.
Bu mövqe hətta daha sonradan qəzəbə çevrilərək başçının səyyar vətəndaş qəbullarında sektor müdirini görmək belə istəməməsi həddinə qədər irəliləmişdi. Amma daha sonra icra başçısı bu qətiyyətli mövqeyini loyallaşdıraraq sektorun və sektor müdirinin fəaliyyətini qənaətbəxş hesab etdiyini ifadə edəcək qədər dəyişdi. Çox yox, bir ay bundan əvvələ qədər qəbullanmadığı sektor müdiri barədə bir aydan sonra “fəaliyyətinizdən razıyam” sözlərini təbəssümlə ifadə etdi. Maraqlıdır, bu qısa müddətdə icra başçısı üçün dəyişən rayon təhsilinin keyfiyyəti oldu, yoxsa nə?
Şübhəsiz ki, təhsil bu qısa müddət ərzində nəticə və göstəricilər baxımından möcüzəvi şəkildə dəyişməyib. Köhnə problemlər də, idarəetmədəki boşluqlar da yerində qalır.
Dəyişən yeganə məqam icra başçısının sərt tənqiddən təbəssümlə razılığa keçən ritorikasıdır.
Bu isə göstərir ki, regionda təhsilə müdaxilələr çox vaxt real problemlərin həllinə yox, yerli məmurların öz münasibətlərini tənzimləməsinə xidmət edir.


