Qusar rayonunun Suvacal kənd tam orta ümumtəhsil məktəbində cəmi 76 şagird təhsil alır. Yəni, bildiyiniz, bap-balaca, ucqar dağ kəndlərində yerləşən kiçik bir təhsil müəssisəsidir. O tip məktəblərə illərlə heç yoxlama belə getməz; nəinki regional idarədən, heç rayonun təhsil sektorundan belə kimsə ayaq basmazdı. Amma bu gözdən, könüldən və diqqətdən uzaq balaca dağ məktəbi ötən ay elə bir qəzəbə və intiqama tuş gəlib ki, görüntüləri qeyd edilib izlənilsəydi, kriminal filmlərdəki aksiyon səhnələrindən geri qalmazdı. Adını da çox güman ki, “Yeraltı təhsil” zad qoyardılar. Səbəb isə heç də təhsil dərdi, məktəb və tədris dərdi deyil. Səbəb məktəbdə yaranmış 0,5 ştat vahidi fəhlə vəzifəsidir.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə məktəbdə sinif komplektləşmələri nəticəsində bəzi ştat vahidləri ixtisara düşüb. Təsərrüfat işləri üzrə müdir, katibə, kargüzar və laborant kimi bir sıra vəzifələr üzrə əmək münasibətlərinə müvafiq qərarlar əsasında xitam verilib. Bundan sonra məktəbdə 0,5 vahid fəhlə ştatı vakant olub. Olmaz olaydı! Həmin ştat üçün maddi vəziyyəti ağır, 7 nəfərlik ailənin üzvü olan qazi müraciət edir. Direktor həmin qazini boş ştata işə götürməyi düşünsə də, Qusar Rayon Təhsil Sektorunun müdiri Nairə Kliçova direktora zəng edərək vakant yerə həmin məktəbin vəzifəsini itirmiş keçmiş təsərrüfat işləri üzrə müdiri Şahin Pirəliyevin qəbul edilməsini tələb edib. Bax, bundan sonra başlayıb göyçə və turp nağılındakı proseslər — nənə babadan, nəvə nənədən misalı.
Sektor müdirinin bu tələbi ilə razılaşmayan direktor Şəfiqə Yardımlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə dəvət edilir. Regional idarənin İnzibati təşkilat sektorunun müdiri Kamran Əliyev direktora qətiyyətlə sektor müdiri Nairə Kliçovanın ona dediyi şəxsin, yəni Şahin Pirəliyevin işə qəbul edilməsi tapşırığını verib. Bu arada qeyd edək ki, adı çəkilən Şahin Pirəliyevlə Kamran Əliyevin çox yaxın münasibəti var. Problemin genetikası da elə burdadır. Direktor Məşğulluq Xidmətindən qazi ailəsinə göndərilmiş bildirişin olduğunu və həmin vakansiyanın bu şəxsin işə qəbuluna yönəldilməsinin nəzərdə tutulduğunu qeyd edib. Kamran Əliyev ona Məşğulluq Xidmətindən göndərilmiş bildirişə xitam verməyi və digər şəxsi məktəbdaxili əmr əsasında işə qəbul etməyi bildirib.
Xanım direktor isə belə bir qərarın hüquqi əsasının yazılı şəkildə təqdim edilməsini tələb edib. Onun sözlərinə görə, hətta digər şəxsin adına təqdimat yazılması da təklif olunub. Direktor bu təkliflə razılaşmayaraq, əgər belə bir qərar verilməsi zəruridirsə, bunun rəsmi yazılı göstəriş və hüquqi əsasla təqdim edilməsini istəyib.
Daha sonra 3-4 gün telefon zəngləri ilə davam edən basqıdan sonra bir nəticə hasil olmadığını görən regional idarə 1 oktyabr 2026-cı il tarixində 76 şagirdlik kiçik bir məktəbə kompleks yoxlama göndərir. Buna fövqəladə bir yoxlama demək daha haqlı olardı. İdarənin helikopteri olsaydı, çox güman ki, onu da bu yoxlamaya cəlb edərdilər. Məktəbə gedən yoxlama heyəti sanki bir həmlə dəstəsi kimi 5-6 avtomobillə, içlərində Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova və İnzibati təşkilat sektorunun müdiri Kamran Əliyev olmaqla 15-ə yaxın şəxsdən ibarət olub. Niyyətləri gəlişlərindən bəlli idi. Onların məktəbdə həm şagirdlər, həm də əməkdaşlar arasında yaratdığı ciddi psixoloji gərginlik bir kənara, idarənin ən məsul şəxsləri şagirdlərə və məktəbin texniki heyətinə onların vəzifə səlahiyyətləri ilə birbaşa əlaqəsi olmayan müxtəlif qeyri-adekvat suallar ünvanlayıblar. Yoxlama nəticəsində hər hansı bir nöqsan aşkar edilməsə də, təhdidlər və təzyiqlər yenə də davam edib. Hətta Nairə Kliçova ilə Kamran Əliyevin o ştata işə qoymaq istədikləri Şahin Pirəliyev də direktora yaxınlaşaraq hədə-qorxu gəlib. Şəfiqə Yardımlının bildirdiyinə görə, həmin şəxs ona regional idarədə əlaqələrinin olduğunu vurğulayaraq: “Kamran Əliyev mənim dostumdur. Elə etməyin ki, sizi işdən çıxartdırım”, — deyib.
Daha sonra oktyabr ayının 9-da direktor Şəfiqə Yardımlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə çağırılaraq kameraların müşayiəti ilə təhdid edici ifadələrə məruz qalıb. Bu, xanım direktorun qarşılaşdığı ilk mobbing olmayıb, əlbəttə. İdarənin əməkdaşları — İnzibati təşkilat sektorunun aparıcı məsləhətçisi Mehdizadə Elvin Tahir oğlu və Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi İsrafilov Məmmədşah Zakir oğlu bir neçə gün öncə keçirilən monitorinqi əsas gətirərək direktorun müqaviləsinə xitam verildiyini bildiriblər. Hətta direktora öz ərizəsi ilə işdən çıxmasını məsləhət görüblər. Məktəb rəhbəri isə bütün bunlarla razılaşmayıb və ərizə yazmayacağını bildirib.
Bir neçə gün yenə də telefonla, zənglə davam edən bu basqıdan sonra direktorun işdən azad edilməsi üçün hiyləgər bir üsula əl atıblar. Qusar Rayon Təhsil Sektorunun müdiri Nairə Kliçova məktəbin həmkarlar təşkilatının sədrini gizlicə yanına çağıraraq ona direktor barədə intizam icraatının həyata keçirilməsi tapşırığını verir. Və nəhayət, oktyabr ayının 26-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov direktor Şəfiqə Yardımlının işinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmr verir. Direktor işdən uzaqlaşdırıldıqdan sonra axır ki, Kamran Əliyev öz yaxınını, yəni Şahin Pirəliyevi həmin işə təyin edir. Direktorluq səlahiyyətləri isə məktəbdə 24 saatlıq dərs yükü olan bir müəlliməyə həvalə edilir. Yoxlama nəticəsində sektor müdirini və digər məsul şəxsləri məsuliyyətdən qurtarmaq üçün sektorun öz diqtəsi ilə əvvəllər məktəbdə icra edilən bəzi nöqsanlar isə həmin aktlardan tər-təmiz çıxarılır.
Çalışdığı müddət ərzində özünə bir saat belə dərs saatı təyin etməyəcək qədər vicdanlı bir pedaqoqun karyerası da bax beləcə sona çatır. Baş verən bu çirkli proseslərin ahəngində adam lap bu xanım direktoru təbrik etmək istəyir. Şəfiqə xanımın timsalında ölkə təhsilinin şəffaflıqdan, haqdan və ədalətdən nə qədər uzaq olduğunu aydın şəkildə görmək olur. Amma əvvəlindən belə gəlir bizimki: təhsilin gününə ağlamalı olanlar öz dostlarına gün ağlayır — nazir öz dostlarına, dostları öz dostlarına, dostları da öz dostlarına…
Follow @7timesaz


