Qubada 5 ailənin evi sökülür. Rayonun Heydər Əliyev prospektində “Sədərək bazarı” adlanan ticarət mərkəzinin arxa hissəsində 10 ildən çoxdur tikilən yaşayış evləri indi sökülür. Yəni həmin ərazidə inşa edilən evlərin sökülməsi ilə əlaqədar Quba Rayon Məhkəməsinin 3 il bundan əvvəl çıxardığı qərar indi icra edilir. Mənzillərin bütün kommunal təchizatı və digər kommunikasiya xidmətləri məhdudlaşdırılıb. Söküntü işlərinə bu ilin oktyabr ayının 15-də başlanılıb. Məhkəmə qərarı ilə qanunsuz sayılan bu evlərin sökülməsi üçün vətəndaşlara əvvəlcədən vaxt verilsə də, müxtəlif təzyiqlər prosesi daha da gərginləşdirib. Hətta vəziyyətlə bağlı iki nəfər barəsində azadlıqdan məhrumetmə cəzası da çıxarılıb.
Sakinlərin sözlərinə görə evlərin tikildiyi bu ərazini onlara elə həmin torpaq sahəsinin sahibi olan tanınmış iş adamı Yusif Qədimbəyli özü verib. Hətta bundan sonra əksəriyyəti az təminatlı olan həmin ailələrin orada ev tikməsinə rayon rəhbərliyi, Milli Məclisin deputatları yardım edib. Bir mənzil isə Birinci vitse-prezident Mehriban Əliyevanın iradəsi ilə inşa edilib. Həmin evlər qazla, su ilə, elektrik enerjisi ilə və internet təchizatı ilə təmin edilib.
Ərazidə hələlik iki evin sökülməsi yekunlaşdırılıb. Digər evlərin sökülməsi üçün isə Quba Rayon İcra və Probasiya Şöbəsi tərəfindən bəzən profilaktik, bəzən isə müxtəlif təzyiq üsulları ilə işlər aparılır. Hətta evi sökülən vətəndaşlardan söküntü ilə bağlı video çəkib sosial şəbəkələrdə paylaşmayacaqlarına dair yazılı izahatlar alınaraq qarşılığında 500 manat pul da verildiyi iddia edilir. Məcburi söküntü zamanı qanunvericilikdə nəzərdə tutulan icra qaydalarından danışmağa isə gərək yoxdur. Xüsusilə də azyaşlı uşaqların olduğu həssas bir mənzilin sökülməsi zamanı ərazidə bir traktordan başqa heç nə gözə dəymir.
Hər qarışında illərin zəhməti, uşaqların şən səsi və isti ocaq izi olan o evlər bir sahibkarın soyuq maraqlarına qurban verildi. Qocaman ağacların, unudulmaz xatirələrin şahidi olan həmin ünvanlarda indi yalnız dağıntılar və kimsəsizlik hökm sürür.
Hər kəsin həyatda öz izi, öz imzası var. Biri böyük binalarla, mal-mülklə yadda qalar, biri də bir kimsəsiz ailənin gözündən silinən yaşla, bir körpəyə bəxş edilən isti ocaqla… Ey imkan sahibi, bu gün sizin bir qərarınız bu ailələrin taleyini bütövlüklə dəyişə bilər. Sərvət də, mülk də müvəqqətidir, amma göstərilən mərhəmət və uşaqların qəlbində qoyulan iz əbədidir. Gəlin bu gün var-dövlətin deyil, Böyüklüyün və İnsanlığın qalib gəldiyini göstərin. O soyuq divarları yox, o uşaqların gələcəyini və dualarını qazanın.
Bu gün sol əlinizdə dövlət hökmü və mülk haqqı, sağ əlinizdə isə bu insanların qəlbi, göz yaşları və haqqı dayanır. Əsl böyüklük və güc, mülkü əldə saxlamaq deyil, o iki haqqın arasında düzgün qərar verib insanları qazanmaqdır. Biz sizə sağ əlinizin şərafətini və izzətini yaraşdırırıq. Siz özünüzə hansı əlinizin haqqını yaraşdıracaqsınız, Yusif müəllim?
Havalar soyuyur, körpələr üşüyür.


