Səhiyyə Nazirliyinin Quba Rayon Mərkəzi Xəstəxanasında başladığı araşdırmalar gözlənilməz və mübahisəli bir qərarla nəticələnib. Qanunsuz arayış dövriyyəsi ilə bağlı nazirliyin apardığı audit yoxlamalar nəticəsində onlarla əməkdaşın işinə xitam verilib.
Quba RMX-də baş verən bu proseslər artıq tamamilə absurd bir məcraya yönəlib.
Hər hansı bir qurumda qanun pozuntusu aşkarlananda tətbiq edilməli olan məntiq birmənalıdır: məsuliyyət fərdidir. Sənədi saxtalaşdıran, vəzifə səlahiyyətlərindən sui-istifadə edən və ya qanunsuz göstəriş verən şəxs hüquq qarşısında cavab verməlidir. Lakin Quba MRX-də baş verənlər tamamilə fərqli bir mənzərə yaradır. İllərlə öz işini ləyaqətlə yerinə yetirən, heç bir hüquq pozuntusunda əli olmayan tibb personalı, texniki işçilər və digər orta kateqoriyalı əməkdaşlar bir günün içində əsassız olaraq işdən azad ediliblər. Onların əksəriyyətinin işinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Həmin araşdırmadan sonra işdən azad edilən şəxslər aşağıdakılardır:
Quba RMX-nın İnzibati işlər üzrə müavini Əfqan Paşayev, poliklinika şöbəsinin müdiri Tahir Məmmədov, xəstə xidmətləri şöbəsinin müdir müavini Polad Əsədov, həmin şöbənin bölmə müdiri Gülnar Qurbanova, qeydiyyatçılar Simran Ələmmədov, Namizəd Əhmədov, Ülviyyə Bayramova, Arzu Sadirova, Ayşən Novruzova və xəstə xidmətləri şöbəsinin bölmə müdiri Urfanə Məmmədova. Əlimizdə hər hansı bir rəsmi mənbədən təsdiqlənmiş məlumat olmasa da, bu qədər tibb personalının işinə son verən saxta sağlamlıq arayışlarını başqalarının şifrə və loqinləri ilə sistemə daxil olaraq hazırlayan və təsdiqləyən əsas şəxsin məhz Urfanə Məmmədova adlı bu xanım əməkdaş olduğu bildirilir. Təsdiqlənən tibbi arayışların sayının hətta yüzlərlə olduğu iddia edilir. Məsələn, siyahıda adı çəkilən, yəni işdən azad edilən Ülviyyə Bayramova adlı əməkdaş poliklinika şöbəsinin müdiri Tahir Məmmədovun köməkçisi olub. Həmin şəxsin ümumiyyətlə hər hansı bir arayışın hazırlanması prosedurunda heç bir texniki iştirakçılığı olmayıb. Adamın heç sistemə giriş şifrəsi və loqini olmamasına baxmayaraq bu əməlqdə təqsirli bilinib və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilib. Araşdırma zamanı işdən azad edilən bəzi əməkdaşlar isə işdən azad edilən zaman əmək məzuniyyətində olublar. Yəni nazirlik tərəfindən həyata keçirilən audit yoxlamaların şəffaflığını şübhə altına salan böyük iddialar mövcuddur.
Xəstə xidmətləri şöbəsinin bölmə müdiri olan Ruziyyə Əlicabarova adlı bu əməkdaş isə öz ərizəsi ilə işdən azad edilib.
Əldə etdiyimiz məlumata görə, nazirlik tərəfindən aparılan araşdırmalar zamanı saxta tibbi arayış verməkdə iştirakçılığı olan bir neçə əməkdaş araşdırmalar zamanı müəyyən edilib izahatları alınsa da, sonradan onların adı siyahıdan çıxarılaraq məsuliyyətdən azad edilib və işlərindən azad edilməyiblər. Məsələn, tibb müəssisəsinin qeydiyyatçıları olan Zahidə Əskərova, Liza Şıxəliyeva və Gülşad Mirzəyeva adlı şəxslərin məsuliyyətdən yayındırılan əməkdaşlar olduğu iddia edilir. Tibbi arayışların bir neçə əməkdaş tərəfindən hazırlanıb tərtib edilməsinə baxmayaraq, prosesdə heç bir iştirakçılığı və əməl payı olmayan Əfqan Paşayevin, Tahir Məmmədovun, Polad Əsədovun, Arzu Sadirovanın, Ülviyyə Bayramovanın, Simran Ələmmədovun, Namizəd Əhmədovun, Ayşən Novruzovanın və Gülnar Qurbanovanın işlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Onlar artıq bu barədə məhkəmə orqanlarına müraciət ediblər. Qeyd edək ki, faktla əlaqədar olaraq hazırda Quba Rayon Prokurorluğunda da araşdırmalar davam etdirilir.
Mövzunu diqqətdə saxlayacağıq.


