Litseydəki faciə həyəcan siqnalı deyilmi?
Təhsildə yenilənmə və yeni qərarların zamanı çatmayıbmı?
Ailədə ər-arvad münasibətləri, valideyn–övlad münasibətləri, müəllim–şagird münasibətlərini nizamlayan, öyrənən və öyrədən bir platforma, institut yaradılmasının zamanı çatmadımı?
Axı bu münasibətlər bir-biri ilə bağlı, bir-birini tənzimləyən münasibətlərdir.
Son dövrlərdə təhsil müəssisələrində baş verən acı hadisələr cəmiyyətimizdə dərin narahatlıq doğurur və bu hallar təhsildə mövcud problemlərin artıq təhlükəli həddə çatdığını açıq şəkildə göstərir. Xüsusilə liseydə baş vermiş son faciə təhsilin yalnız bilik ötürən deyil, eyni zamanda insan yetişdirən bir sistem kimi ciddi şəkildə yenidən nəzərdən keçirilməsinin vacibliyini ortaya qoyur.
Bu gün ailə münasibətlərinin zəifləməsi, valideyn–övlad və müəllim–şagird münasibətlərində dərin uçurumların yaranması təhsildə köklü və sistemli islahatlara ehtiyac olduğunu göstərir. Müasir dövrdə dünyaya gələn uşaqların psixoloji xüsusiyyətləri, potensialları, fərdi intellekt tipləri sürətlə dəyişdiyi halda, bu nəsli yetişdirən təhsil sistemi həmin dəyişikliklərə uyğunlaşa bilmir.
Bu gün yeni nəsil uşaqlardan danışarkən hamı eyni sözü deyir. Kimi uşaqların eqoist olduğunu, kimi telefon, oyun aludəçiliyindən pozulduğunu və s. deyir. Bəs bu yeni nəslin əslində necə uşaqlar olduğu, potensialları, resursları, tərbiyə üsulu, onlarla davranış üsulları nədir? Doğrudanmı bütün uşaqlar bu vəziyyətdədir? Bu gün gah valideynləri, gah cəmiyyəti, gah da müəllimləri günahlandırırıq. Amma bu gün valideynin öz dünyaya gətirdiyi uşaq barəsində heç bir məlumatı yoxdur. Bu gün müəllimə təhsil aldığı universitetdə çalışacağı şagirdlərin barəsində heç nə öyrədilmir. Ən böyük problem də məhz budur. Bu gün müəllim–şagird münasibətində uçurumun əsas səbəblərindən biri pedaqoji universitetlərdə yararsız təhsildir. Digəri isə “uşaqlar gələcəyimizdir” deyilsə də, sürətlə dəyişən dünyada fərqli İQ ilə uşaqların doğulduğu bilinsə də, onları öyrənmək, onların potensiallarını, bacarıqlarını müəyyənləşdirmək ciddiyə alınmır, bunun üçün tədbirlər görülmür.
Universitetlərdə zamanın tələbinə uyğun olmayan yararsız tədris təhsil zamanın tələbinə uyğun kadr yetişdirmir. Adi peşə yönümlü məktəblərdə bir peşəyə sahiblənmək istəyən gəncə həftənin 2 günü nəzəriyyə, 3 günü isə praktika keçirilir. Gələcəyimiz olan uşaqları yetişdirəcək müəllimlərə isə o qədər lazımsız fənn yüklənir ki, heç həftənin 5 günü nəzəriyyə öyrənməyə vaxt olmur. 4 ilin sonunda 1 ay praktika keçirilir. Bununla peşəkar pedaqoq yetişdirmək mümkündür? Mümkün deyilsə, bu universitetlərin təhsili kimə və nəyə yarayır? Bütün gün təhsildə lazımsız dəyişikliklərlə qarşılaşırıq. Gah “müəllim” sözü dəyişdirilərək “öyrədən” edilir, gah bilik sertifikasiyası 5 ildən bir tətbiq olunur. Sanki təhsildə tək düzəlməli olan müəllimin necə adlanmasıdır. Dəyişdiniz, “öyrədən” və “öyrənən” etdiniz. Nə dəyişdi?
Bir pedaqoq-psixoloq olaraq mənim də özümə məxsus yanaşmam var bugünkü təhsilə. Düşünürəm, cənab Prezident və Mehriban xanım şəxsən özləri bu məsələni tezliklə həlli yönündə tədbirlər görəcəklər.
I — Burada əsas məsələ və ümdə məsələ hal-hazırda dünyaya gəlmiş, gəlməkdə olan nəsli araşdıran, onların potensiallarını, bacarıqlarını öyrənən institut yaradılmalıdır. Bu institutlarda məsələnin ciddiliyini nəzərə alaraq formal deyil, əsl pedaqoq və psixoloq, peşəkar kadrlar seçilməlidir. Bu araşdırmaların nəticələri dövlət proqramlarına daxil edilməli, universitetlərdə tədris edilməlidir. Bununla yanaşı, bu nəticələr bütün müəllim təhkim kursları yaradılaraq bütün müəllimlərə tədris edilməlidir.
II — Pedaqoji universitetlərdə ixtisasdan kənar fənn yükü azaldılmalı, pedaqoji ixtisas yönümlü fənlər tədris olunmalıdır. Universitetlərlə məktəblər əlaqəli çalışmalı, lazım gələrsə, necə ki universitetlərin nəzdində kolleclər var, eləcə də universitetlərin nəzdində tədris-təlim yönümlü məktəblər açılmalıdır. Həftənin 2 günü nəzəriyyə, 3 günü praktika olmalıdır. Eyni zamanda tələbə müəllimlərdən şagirdlərini müşahidə edərək protokol tərtib etmələri tələb olunmalıdır. Sadəcə dərs saatını bölüb dərsi çatdırmaq deyil.
III — Sertifikasiyadan keçmiş müəllimlərin şəxsiyyət pozuntusu olub-olmadığı müəyyənləşdirilmədən fəaliyyətinə icazə verilməməlidir. Onları müəyyənləşdirən psixoloq onun fəaliyyət dövründə davranışına inzibati qaydada məsuliyyət daşımalıdır.
IV — Məktəbdə psixoloq üçün sadəcə ştat ayırmaq kifayət deyil. Struktur olaraq məktəbdə formalaşdırılmalıdır: baş psixoloq və psixoloqlar olaraq. Onlara məktəbin fəaliyyət proqramında zaman və yer verilməlidir. Hər məktəbə şagird sayına uyğun psixoloq ştatı açılmalıdır. O psixoloqlar da yeni nəsli mükəmməl öyrənməli və onlardan proqramlarındakı fəaliyyət tələb edilməlidir. (Proqrama uyğun fəaliyyət aparması üçün 50–60 nəfər şagirdə bir psixoloq lazımdır.)
V — Hər şagirdin müşahidə protokolunu hazırlamaq psixoloqların fəaliyyət proqramına daxil edilməlidir. Hər ilin yekununda uşaqların bilik nəticələri kimi davranış protokolu da tərtib olunub təhvil verilməlidir. Məktəbi bitirən şagirdin bu protokolları da universitetə sənəd qəbulunda əsas sənəd kimi tələb olunmalıdır. O protokolu verən psixoloq inzibati qaydada bu sənəd üçün məsuliyyət daşımalıdır.
VI — Müəllim–şagird münasibəti, şagirdin ailə vəziyyəti müşahidə protokolunda öz əksini tapmalıdır.
VII — Müəyyən edilən normal olmayan davranışlarda baş psixoloq ailə ilə və şagirdlə mütəmadi əlaqəli seanslar keçməlidir.
Düşünürəm ki, kimisə qınamaq, ittiham etmək bizə, təhsilimizə, gələcək nəsillərimizə fayda verməyəcək. Bacardığımız köməyi etməli, faydalı təklifləri verməliyik ki, dövlətimiz də ən uyğun olanını dəyərləndirib yaratsın.
Follow @7timesazQərənfil Ağalarova


