Ermənistanda keçirilən parlament seçkilərindən dərhal sonra Baş nazir Nikol Paşinyan ölkə parlamentində (Milli Məclis) ilk bəyanatlarla çıxış edib.
“7Times.az” erməni KİV-inə istinadən xəbər verir ki, hökumət başçısı parlament komitələrində 2025-ci ilin büdcə hesabatının müzakirəsi zamanı rəsmi Bakı ilə münasibətlərə və regiondakı nəqliyyat layihələrinə toxunub.
Paşinyan yaxın gələcəkdə Azərbaycanla sülh prosesini hüquqi müstəviyə keçirmək niyyətində olduqlarını bəyan edib: “Yaxın gələcəkdə biz sülh müqaviləsini institusionallaşdırmağı planlaşdırırıq və bu istiqamətdə işlər aparacağıq”.
Baş nazir çıxışında Ermənistanın ABŞ ilə imzaladığı yeni infrastruktur layihəsinə də diqqət çəkib. O bildirib ki, Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə razılaşma artıq tamamlanıb və imzalanıb:
“Yaxın vaxtlarda biz bu sənədin ratifikasiyası prosesinə başlamalıyıq. Bu, regionda vəziyyəti kökündən dəyişən bir proqramdır. Çünki Ermənistan artıq münaqişə dalanından sülh kəsişməsinə keçir. 2026-cı ildə sahədə real işlər başlayacaq”.
Paşinyan ölkə daxilindəki dəmir yolu infrastrukturunun yaxşılaşdırılması istiqamətində konkret addımların atıldığını vurğulayıb. Onun sözlərinə görə, artıq ilkin layihələrin maliyyələşdirilməsinə start verilib:
“Hazırda Axurik-Gümrü dəmir yolu sahəsinin yenidən qurulması üçün tender elan edilib. Bu layihə Ermənistanın dövlət büdcəsi hesabına reallaşdırılacaq. Gələcəkdə isə dəmir yolu ilə bağlı digər xüsusi layihələri, o cümlədən beynəlxalq tərəfdaşlarımızla birlikdə həyata keçirməyi planlaşdırırıq”.
Xatırladaq ki, Ermənistanda 7 iyunda keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın partiyası 49.81% səs toplayaraq birinci yeri tutub.
AzPolitika
Follow @7timesaz


