Xəbər verdiyimiz kimi, Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə motosikletlərdən istifadə olunacaq.
TƏBİB-dən verilən məlumata görə, “Ambucycle” adlandırılan yeni xidmət modeli ilkin olaraq 10 motosikletlə mərhələli şəkildə tətbiq ediləcək. Xüsusi hazırlıq keçmiş feldşerlərin idarə edəcəyi motosikletlər xüsusilə nəqliyyatın sıx olduğu ərazilərdə təcili tibbi yardıma ehtiyacı olan şəxslərə daha qısa müddətdə çatmağa imkan verəcək. Xidmətin nəticələri qiymətləndirildikdən sonra onun əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi nəzərdən keçiriləcək.
TƏBİB-dən bildirilib ki, “Ambucycle” xidmətində motosikleti idarə edən şəxs təcili tibbi yardım üzrə xüsusi hazırlıq keçmiş feldşerdir.
Qeyd olunub ki, xidmət modeli üçün seçilən əməkdaşlar əlavə hazırlıq təlimləri keçiblər. Onlar ilkin tibbi yardım və müdaxilə bacarıqlarına, həmçinin motosikleti təhlükəsiz idarə etmək üçün müvafiq sürücülük vəsiqəsinə malikdirlər.
“Ambucycle” motosikletləri hadisə yerində ilkin tibbi müdaxilənin göstərilməsi üçün zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz edilib. Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ACLS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirmək üçün zəruri tibbi vasitələrlə təmin olunub”, – məlumatda vurğulanıb.
Bu xəstələr üçün “Ambucycle” gələcək
TƏBİB-dən bildirilib ki, xidmət əsasən pik saatlarda, nəqliyyatın sıx olduğu və hərəkətin çətinləşdiyi ərazilərdə hadisə yerinə operativ çatmağın xüsusi əhəmiyyət daşıdığı çağırışlar üçün nəzərdə tutulub.
Qeyd olunub ki, çağırışın xarakteri dispetçer tərəfindən mövcud triaj alqoritmlərinə uyğun qiymətləndiriləcək. Müvafiq hallarda “Ambucycle” hadisə yerinə yönləndiriləcək.
Bildirilib ki, xidmətin əsas məqsədi kritik vəziyyətlərdə hadisə yerinə ən qısa müddətdə çatmaq və həyati əhəmiyyət daşıyan ilk dəqiqələrdən maksimum səmərəli istifadə etməkdir.
TƏBİB-dən verilən məlumata görə, hadisə yerində aparılan ilkin qiymətləndirmə nəticəsində pasiyentin xəstəxanaya təxliyəsinə ehtiyac olduğu müəyyən edilərsə, dərhal standart təcili tibbi yardım avtomobili hadisə yerinə cəlb olunacaq.
Bu müddətdə motosiklet briqadası pasiyentin vəziyyətini stabilləşdirmək, həyati göstəricilərinə nəzarət etmək və zəruri ilkin tibbi müdaxilələri həyata keçirməkdə davam edəcək.
Təcili tibbi yardım avtomobili hadisə yerinə çatdıqdan sonra pasiyentin hospitalizasiyası mövcud tibbi protokollara uyğun şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, “Ambucycle” xidməti üçün ayrılmış motosikletlər yerli markadır.
Follow @7timesaz


