12 avqust – Beynəlxalq Gənclər Günündə gənclər haqqında danışarkən daha çox onların uğurlarını, fəallığını və gələcəklə bağlı hədəflərini önə çəkirik. Bu, təbiidir. Lakin müasir gəncliyin görünən uğurlarının arxasında başqa bir reallıq da var: daim daha yaxşı olmaq, daha çox çalışmaq və heç vaxt geri qalmamaq təzyiqi.
Bu gün gəncin həyatını sosial şəbəkələrdən izləmək kifayətdir. Kimsə yeni işə başlayıb, kimsə xaricdə təhsil alıb, digəri sertifikatlar toplayıb, başqa biri biznes qurub. Biz isə çox vaxt həmin insanların həyatının yalnız nəticəsini görürük və öz həyatımızın bütün reallığını onunla müqayisə edirik. Beləcə, inkişaf arzusu tədricən “mən niyə hələ kifayət qədər yaxşı deyiləm?” hissinə çevrilə bilir.
Əslində çalışmaq, yüksəlmək və öz potensialını reallaşdırmaq gəncliyin ən böyük imkanlarından biridir. Böyük məqsədlərin qarşılığı da təbii olaraq zəhmətdir. Ancaq insanın daim özünü yetərsiz hesab etməsi inkişaf deyil. Heç kim həyatının bütün sahələrində eyni anda mükəmməl ola bilməz.
Böyük potensiala sahib bir gəncin yolu da mütləq sürətli olmur. Bəzən ən möhkəm yüksəliş kənardan görünməyən yüksəlişdir… millim-millim irəliləyir, pillə-pillə ucalır. Bu gün qazandığı bilik, sabah topladığı təcrübə, başqa gün göstərdiyi səbr illər sonra böyük nəticəyə çevrilir.
James Clearın “Atomik vərdişlər” kitabında vurğulanan kiçik, davamlı dəyişikliklərin zamanla böyük nəticələr yaratması da uğurun başqa bir tərəfini göstərir. Həyatı dəyişən nəticələr çox vaxt bir gündə yaranmır. Onların arxasında uzun müddət davam edən, bəzən heç kimin görmədiyi zəhmət dayanır. Bu baxımdan “özünün ən yaxşı versiyası” olmaq da yalnız daha çox qazanmaq, daha çox tanınmaq və daha çox nailiyyət əldə etmək demək deyil. Özünü inkişaf etdirərkən peşəkarlığını artırmaqla yanaşı xarakterini də qoruya bilməkdir.
Çünki yüksəlmək və ucalmaq eyni şey deyil. İnsan vəzifəcə yüksələ bilər. Amma ora hansı yolla gəldiyi onun haqqında daha çox şey deyir. Öz əməyinə güvənərək, ədalətli şəkildə və başqasının haqqını tapdalamadan yüksəlmək daha möhkəm uğurdur.
Bütün bunların içində bir həqiqət də var: hər kəsin öz rəngi var.
Kimsə erkən yaşda istiqamətini tapır, başqa biri isə yolunu daha gec müəyyənləşdirir. Biri sürətlə irəliləyir, digəri daha yavaş, amma daha möhkəm addımlayır.
Bəlkə də müasir gəncliyə ən çox lazım olan şey mükəmməllik deyil, məqsəd və tarazlıqdır. Özündən yüksək nəticə gözləmək mümkündür, amma bunu özünü itirmək bahasına etmək lazım deyil. Çünki gələcəyin güclü gənci mütləq ən sürətli yüksələn insan olmayacaq. Bəlkə də o, öz zəhməti ilə, ədalətli şəkildə, məqsədindən dönmədən və bütün bunları edərkən öz rəngini itirmədən yüksələn insan olacaq.
Fəxriyyə Səyyadova
jurnalist
Follow @7timesaz


