Avstraliya hökuməti İsrailin “World Central Kitchen” humanitar təşkilatının əməkdaşı Zomi Frank və onun həmkarlarının həlak olmasına cavabdeh şəxsləri cinayət məsuliyyətinə cəlb etməmək qərarına sərt reaksiya verib.
“7Times.az” xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bəyanat yayıb.
“Mən İsrailin Avstraliyadakı səfiri Hillel Nyumanı Xarici İşlər Nazirliyinə çağıraraq bildirmişəm ki, İsrailin bu qərarı bizim gözləntilərimizlə üst-üstə düşmür.
Müharibə qaydalarının pozulması ilə nəticələnən ilk dağıdıcı zərbədən cəmi iki dəqiqə sonra növbəti iki zərbənin nə üçün vurulduğu hələ də qaranlıq qalır. Yuхarı komandanlığın briqada komandirinə avtokonvoya hücum etməmək barədə tapşırıq verməsinə baxmayaraq, zərbənin nəyə görə məhz humanitar zonada həyata keçirilməsinə dair qaneedici izahat ala bilməmişik.
Avstraliya hökuməti iki zabitin vəzifədən kənarlaşdırılmasını və üç zabitə töhmət verilməsini biri Avstraliya vətəndaşı olmaqla yeddi nəfərin ölümü üçün yetərli məsuliyyət tədbiri hesab etmir.
Biz Zomi və onun həmkarları üçün ədalətin bərqərar olunması məqsədilə İsrailə təzyiq göstərməkdə davam edəcəyik,” – deyə Vonq vurğulayıb.
Follow @7timesaz


