Xaçmaz rayonunda torpaq sahələri qanunsuz yollarla paytaxt sakinlərinə satılıb. Rayonun Ləcət və Susayqışlaq kəndlərinin ərazisində olan həmin torpaqlar dövlət mülkiyyətində olub və sakinlər icarə əsasında istifadə edib. Amma bir müddət əvvəl sakinlərin istifadəsində olan torpaqlar onların əllərindən alınaraq paytaxtda yaşayan şəxslərə satılıb.
Xaçmaz rayonunun Ləcət kənd sakinlərinin 7times.az-a verdiyi məlumata görə, onların yaşadıqları kənddə 100 hektardan çox torpaq sahəsi qanunsuz yollarla satılıb.
Dövlət mülkiyyətində olan 58 hektar torpaq 200 000 manata satılıb
Biz o torpaqları icarə əsasında istifadə edib təsərrüfatla məşğul olurduq. Sonra həmin icarə müqavilələri ləğv olundu. Bizə həmin ərazilərdə tikinti aparılacağını desələr də sonradan məlum oldu ki, torpaqlar biznesmen bir qadına satılıb. Dəfələrlə etiraz etdik. Amma o torpaqların satılmasına mane ola bilmədik.
Araşdırmalarımız nəticəsində məlum oldu ki, Xaçmaz rayonunun Ləcət kəndində olan həmin torpaqlar paytaxt sakini olan Maya Allazova adlı bir qadına satılıb. Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Xaçmaz ərazi idarəsindən də qeyd olunan 58 hektar torpaq sahəsinin vətəndaş Maya Allazovanın mülkiyyətində olduğu təstiqlənib. Qurumun rəisi Eldəniz Hacıyev həmin torpaq sahələrinin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışının 2017-ci ildə alındığını bildirib.
Qeyd edək ki, dövlət mülkiyyətində olan, Bakı şəhərinə çəkiləcək 3-cü su xətti üçün nəzərdə tutulmuş bu torpaq sahələri 2017-ci ildə satılsa da, ilkin müqavilələr və digər sənədlər köhnə tarixlə rəsmiləşdirilib. (2004-2005-ci illər – Yəni kənd sakinlərinin illərlə istifadəsində olduğu vaxt)
Həmçinin araşdırmalarımız nəticəsində məlum olub ki, rayonun digər kənd və qəsəbələrində torpaq islahatları zamanı artıq qalmış torpaq sahələri də eyni qayda ilə satılıb. Hətta Xaçmazın Köhnə Xaçmaz kəndi ərazisində yüzlərlə tikinti altı torpaq sahələri köhnə tarixə sənədləşdirilərək saxta şəhadətnamələr verilib. Susuzluqdan əziyyət çəkən Xaçmazda göllər və su tutarları da eyni qayda ilə satılıb.
Sakinlər yaxın günlərdə bu barədə hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirib.
7times.az
Murad Muradov
Follow @7timesaz