Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk görüşlərini keçirib.
7times.az xəbər verir ki, Məmmədyarov “Magnus Carlsen Invitational” adlanan yarışın I turunda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb.
Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini məğlub edib. Aronyan 27-ci gedişdə təslim olub.
Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçısı Aniş Giri ilə xalları yarı bölüb.
Qeyd edək ki, “Magnus Karlsen Invitational” Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə “Report” İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanır. İlk yarış günündə aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı şahmat üzrə Azərbaycan yığmasının keçmiş üzvü Zeynəb Məmmədyarovadır.
Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.
Follow @7timesaz