PƏNCƏRƏ
Yanaşı binada yad pəncərədən
Sakit çölə baxır narahat bir qız.
Hərdən yoxa çıxır… Kimsə görmədən
Yenə peyda olur səssiz-sədasız.
Qızın baxışından kədər süzülür,
Bunca dalğınlığın səbəbi nədir?
Üzgün baxışların nicatı, bəlkə,
Kiminsə evinə dönməyindədir?
Suallar beynimi didib-dağıdır,
Cavablar müxtəlif, qarmaqarışıq,
Bəlkə, bu gənc qızın son pənahıdır
Qarşı pəncərədən yanası işıq?
Səni anlayıram, onu sevirsən,
Qəlbin dönüb olub məsum bir uşaq,
Elə bilirsən ki, otağa girsən,
Qarşı pəncərədə işıq yanacaq.
Xəbəri yox imiş, eləmi, guya…
Necə saf imişsən, ay qəlbi yuxa,
Hər dəfə baxdıqca qarşı binaya
Az qalır ürəyin yerindən çıxa .
Yanmadı işığı o pəncərənin,
Amma heç üzülmə, unut bunları,
Həyatın bu yerdə bitmir ki sənin,
Hələ qarşıdadır xoşbəxt anların.
Qızım, niyyətlərin gözəl olsa da,
Həyat nə verəcək? Bilməyir heç kəs,
Təəssüf edirəm, amma dünyada
Bütün gözləntilər vüsalla bitməz.
Düşünmə həyatın sonudur artıq,
Yandır işığını öz otağında,
Başqası gözləsin səndən bir işıq
Gənclik həyatının bahar çağında.
Aygün Sadiq 11.01.21
Follow @7timesaz