Eşq dolu can…
…dərdim var — çəkiləsi
dərdimə hesab yox, yox!
…aç, oxu — könlüm kimi
müqəddəs kitab yox, yox!
…zülmü xoş, qəhri gözəl,
öldüyüm şəhri gözəl,
şirini – zəhri gözəl
dünya tək şərab yox, yox!
…içim eşq — zəngin, zəngin,
ucsuz-bucaqsız, əngin.
…mən kiməm, mən kim, mən kim?!
Sual çox, cavab yox, yox!
Gözəlləmə…
Bir şux gözəl ola vəsf eyləyəsən…
Vəsfin də dalını demirəm hələ!
“Kirpiyi xəncər tək qaşı yay kimi”,
üzünün xalını demirəm hələ!
…alnından ay doğa ya dan sökülə,
sala ruhu bəndə, kənar çəkilə.
Dinəndə ağzından inci tökülə…
Mən şəhdi-balını demirəm hələ!
Qoy özü qorusun haqq camalını,
mahı-camalını, ağ camalını!
Gün keçdi görəsən axşam halını…
Xəlvətdə halını demirəm hələ!
Paşam der, itməsin haqqım arada…
…yaşılda, sarıda, ağda, qarada!
Bir gözəl yarada böyük Yaradan…
Çox qeylü – qalını demirəm hələ!
*
…hər dəfə nəfəs almışam!
…varamsa, gülmüşəm demək!
…axşamı, səhəri duydum —
dünyaya gəlmişəm demək!
Bir ləhzədə kür olurdum…
…yaxılırdım, kül olurdum!
…açıldıqca gül olurdum
— yaşaya bilmişəm demək!
…ayrılıq telimdən düşsə?
Son sözüm dilimdən düşsə?
…qələmim əlimdən düşsə?
Sağıydım, ölmüşəm demək!
*
…özümə gəlirdim, sizə gəlmirdim!
…gəlmək də, getmək də ruhun işidir.
…və gəlib görürsən heç o yer deyil
amma elə yerdi Allah eşidir.
…amma elə yerdi naməhrəm deyil!
Məhrəm ayaqların izi durur, bax…
…vaxt saatla ölçülmür, vaxt yoxdu burda,
əslində, saat tək bizi qurur, bax!
Cəmi – gözəllikdə cəmin cəmidi…
…bax, sən də durasan, ətrin də dura!
…özümə gəlirdim, sizə gəlmirdim!
Sizə gələn yoldu —gətirdi bura!..
*
(“Anama ağılar” silsiləsindən iki şeir)
Bəmbəyaz kəfəndi ölüm…
…ölüm bir heç ki, —heç ölməz,
doğmaz, böyüməz kiçilməz.
…keçilməz, vaz da keçilməz!
Beləmi olurmuş ölüm?
Bəmbəyaz kəfəndi toru…
…saçağı, sancağı durur!
Görməmişdim belə durum-
Beləmi olurmuş ölüm?
…bulunmaq yox, boşamaq yox,
köşkü köşkə daşımaq yox.
Ardından da yaşamaq yox…
Beləmi olurmuş ölüm?
Qəmərüzlüm, ay misallım…
Qürbətçiliyim öldürdü…
…gözündə o nəm öldü.
…elə bildim anam ölməz—
(deyirlər analar ölmür)
Öldü, vallah, anam öldü!
…elə bildim anam ölməz!
Qəmərüzlüm, ay misallım…
Öldü…dabanım çattadı,
belimi bir damar üzdü.
Qəmərüzlüm, ay misallım…
…şehli əlləri gül dərdi.
Mən öldürdüm, mən ölüm, eh,
qürbətçiliyim öldürdü…
…elə bildim anam ölməz!
…kim dəryanı qana böldü?
Eh, o qədər anan ölsün
dedilər ki, anam öldü!
Göyərəcək yağmur-yağmur..
…yağmurlar yox, göyərdəcək
dəni sevdalar, sevdalar.
…göyərəcək yağmur-yağmur
yeni sevdalar, sevdalar.
…yamanlar, yeylər gələcək,
uzaqdan göylər gələcək!
Başa çox şeylər gələcək,
yəni sevdalar, sevdalar!..
…külündən külüm doğacaq,
köksündən gülüm doğacaq,
anamı ölüm doğacaq,
məni sevdalar, sevdalar!..
Paşa Talıblı
Rusiya…Volqoqrad şəhəri…