Millimizdə oynamış futbolçu Məhəmməd Musalov iki gün əvvəl Ermənistanın “Pünik” komandasına keçib.
“Vikipediya”nın ən etibarlı səhifəsi sayılan ingilis versiyasına inansaq, Rusiyada doğulmuş futbolçunun Azərbaycanla bağlılığı var.
İstənilən halda, Məhəmməd Musalov 2012-ci ilin 10-20 iyun tarixlərində 19 yaşadək millimizin Litvanın Palanqa şəhərində keçirdiyi təlim-məşq toplanışında iştirak edib. Özü də tək o yox, o vaxt “Rubin”də oynayan qardaşı Tahir də…
Lakin Azərbaycan futbolunda karyerası bizimlə bağlı olub, daha sonra erməni klublarına keçmiş oyunçular tək bununla kifayətlənmir. Onları təqdim edək:
Şamil Qurbanov
Milliləşdirilmiş dağıstanlı Şamil Qurbanov beş il əvvəl Ermənistanın “Ulisses” klubuna keçməyə yaxın olub. Bu komandanın heyətində 2015-ci ilin qış təlim-məşq toplanışı zamanı bir oyunda iştirak da edib. Azərbaycan və Ermənistan mətbuatında onun gənclər millimizin tərkibində yer alması böyük söz-söhbətə çevrilmişdi.
Nəticədə futbolçu belə açıqlama verməli olmuşdu: “Azərbaycan yığmasını çoxdan unutmuşam. Və qərara gəlmişəm ki, bir daha ora gəlməyim. Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərim var. Amma mən bu münaqişənin iştirakçısı deyiləm. Sadəcə, futbol oynamaq istəyirəm. Mən siyasətçi yox, adi bir Rusiya vətəndaşıyam”.
Bununla belə, “Ulisses” klubu onu komandaya götürməkdən imtina etmişdi. Düzdür, İrəvan klubu bunu futbolçunu yoxlama oyunundan sonra bəyənmədikləri ilə əlaqələndirmiş və onun Azərbaycan millisində oynaması barədə məlumatı daha sonra bildiklərini vurğulamışdı.
Abdulla Abatsiyev
17, 19, 21 yaşadək millimizin sabiq futbolçusu Abdulla Abatsiyev üç il oynadığı Bakı “İnter”indən (indiki “Keşlə”) ayrıldıqdan sonra bir müddət klubsuz qaldı. Daha sonra osetin futbolçu özünə klub tapdı, lakin yeni klubu ermənilərə məxsus idi. Əsl sahibi ukraynalı milyarder Oleq Mkrtçan (hazırda dələduzluğa görə həbsdədir – S.M.), prezidenti Valeri Ohanesyan və baş direktoru Suren Mkrtçyan olduğu Rusiyanın Armavir şəhərini təmsil edən “Torpedo” klubu 2016-cı ildə onu heyətinə qatdığını açıqladı.
O vaxt Valeri Karpinin çalışdırdığı Rusiyanın I dəstə təmsilçisi hətta həmin ilin fevralında İrəvanda təlim-məşq toplanışında iştirak etdi. Fevralın 23-dən Abatsiyev də yeni komandasına qoşuldu. Ermənistanın “Banants” komandası ilə keçirilən yoxlama oyununun son 20 dəqiqəsində meydanda oldu. Əsas millimizdə bir oyuna çıxmış Abdulla ermənilərə görə Azərbaycan vətəndaşlığından və pasportundan imtina etsə də, “Torpedo” macərası cəmi altı ay çəkdi.
Yuri Fomenko
Yuxarıdakı üç futbolçudan fərqli olaraq, ukraynalı Fomenko millimizdə oynamamışdı. Ancaq Azərbaycanda üç klubda – “Kəpəz” (2010-2013), “İnter” (2013) və AZAL-da (2013) çıxış etmişdi. Qısa müddətli Litva karyerasından sonra yenidən 2015-ci ildə Bakı “İnter”inə qayıtmışdı. 2016-cı ilin iyunun 1-də “İnter”i tərk edən hücumçunun iki ay sonra Ermənistanın “Alaşkert” klubuna keçdiyi bəlli olmuşdu.
Marat İzmaylov
2014-cü ilin yanvarın son günündə “Qəbələ”nin Portuqaliyanın məşhur “Portu” klubundan dörd aylığa icarəyə götürdüyü Marat İzmaylov Azərbaycanda titul qazana bilməsə də, ölkə kubokunun finalında oynamaq imkanı əldə etdi. Rusiya millisinin tatarəsilli sabiq futbolçusu karyerasını ermənilərin Moskvada yaratdığı “Ararat” klubunda başa vurdu. 2017-ci ilin iyunun 9-da bu kluba keçən Marat burada dörd oyuna iki qol vurdu. Həmin ilin sentyabrın 26-da isə müqaviləsini pozaraq futbolla vidalaşdı.
Vadim Borets
“Neftçi” (2005-2008) və “Bakı” (2008-2012) klublarında oynamış Moldova millisinin sabiq futbolçusu karyerasını Azərbaycanda başa vurdu. Artıq dağılmış “Bakı” klubu ilə Azərbaycan çempionu oldu, iki dəfə ölkə kubokunu başı üzərinə qaldırdı. 2013-cü ildən məşqçiliyə başlayan Borets ötən ildən Ermənistandan gələn təklifə “yox” deməyi bacarmadı. Ötən ilin iyulunda Ermənistanın “Noa” klubunda baş məşqçi İqor Pikuşakın köməkçisi kimi işləməyə başladı (lakin Pikuşakın lazımi lisenziyası olmadığından, Borets baş məşqçi kimi göstərilib – S.M.). Ötən mövsüm üç yaşlı klub tarixində ilk dəfə gümüş medal qazanaraq Ermənistanı UEFA Avropa Liqasında təmsil etmək hüququ əldə etdi. oxu.az
Follow @7timesaz