“Bank-maliyyə sisteminin zəifliyi və maliyyə bazarının qurulmaması səbəbindən o ehtiyatlar iqtisadiyyata cəlb olunmur”.
Bu fikirləri ölkənin daxili maliyyə ehtiyatlarının iqtisadiyyatın inkişafına yönləndirilməsində qarşıya çıxan problemləri dəyərləndirən keçmiş maliyyə naziri, professor Saleh Məmmədov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə güclü bank-maliyyə sistemi qurulmadıqca ictimai dövriyyəyə cəlb olunan vəsaitlərin həcmi də kiçik olacaq:
“Mən son çıxışlarımdan birində qeyd etmişdim ki, Azərbaycanın daxili kredit resursları təqribən 150 milyard manatdır. Ancaq bu vəsaitin cəmi on faizi də istifadə olunmur. Başqa sözlə, il ərzində cəmi 14,5 milyar dollar kredit verilir. Qalan pullar isə hesablarda, sandıqlarda, boğçalarda saxlanılır və ictimai dövriyyəyə cəlb olunaraq investisiyaların aktivləşdirilməsinə təsir göstərmir.
Dünyada maliyyənin və borcların rolunun artması prosesi gedir. Bu, artıq yeni bir elm kimi nəzərdən keçirilir və dilimizə hərfi tərcümədə maliyyələşmə anlamına gəlir. Sadə bir nümunə deyim. Azərbaycanda indiki vəziyyətdə külli miqdarda vəsait əllərdə saxlanılsa da, başqa ölkələrdə həmin vəsaitlər ictimai dövriyyəyə cəlb edilərək, real inkişafa töhfə verir.
İctimai dövriyyəyə cəlb edilən vəsaitlərdən istehsalın artması, ticarətin genişləndirilməsi və kreditləşmə üçün istifadə olunur. Bizdə isə o sistem yaranmadığı üçün pullar əllərdə dolaşır. Digər tərəfdən, ölkədə elektron pullara keçid prosesi çox zəif gedir. Əllərdəki pullar isə dövriyyəyə cəlb olunmadığından kredit mənbəyi kimi çıxış edə bilmir.
Obyektiv yanaşsaq, ölkə başçısı iqtisadi resurslar, böyük rezervlər yaradıb. Lakin bank-maliyyə sisteminin zəifliyi və maliyyə bazarının qurulmaması səbəbindən o ehtiyatlar iqtisadiyyata cəlb olunmur. Dünya çapında ümumi daxili borclar Ümumi Daxili Məhsulun 300-400 faizini təşkil edir. Bizdə isə bu göstərici cəmi 20 faizdir. Bu o deməkdir, istər fərdlər, istərsə də şirkətlər, hətta pensiya fondları bir-birilərinin vəsaitlərindən qasrşılıqlı surətdə istifadə etdikləri üçün pullar aktiv surətdə dövr edir.
Bu isə özlüyündə kreditə, borca yönəlik təklifi artırır. Borca olan təklif artdıqca, faizlər aşağı düşür. Bizdə isə vəsaitlər ictimai dövriyəyə cəlb olunmadığından kredit təklifi az, faizlər isə həddindən artıq yüksək olur. Burada bazarın əsas qanunu işləyir: təklif nə qədər çoxdursa, qiymət də o qədər ucuzdur.
Dediyim kimi, əllərdə olan 150 milyardın heç 15 milyardı da bazara çıxarılmadığı üçün kredit faizləri çox yüksəkdir. Təsəvvür edin, bunun, heç olmasa, 50 milyard manatı bazara çıxarılarsa, faizlər hətta 1-2 faizə qədər düşə bilər. Bunun başqa yolu yoxdur.
Bu məsələdə Azərbaycandakı indiki durum ABŞ və Avropada haradasa 150 il əvvəl – 1860-80-ci illərdəki analoji vəziyyətlə müqayisə oluna bilər. Bizim bank-maliyyə sistemi də Qərbin 150 il əvvəlki səviyyəsindədir. Vəziyyətin müsbətə doğru dəyişməsi üçün güclü bank-maliyyə sistemi qurulmalıdır. Bu baş vermədikcə ictimai dövriyyəyə cəlb olunan vəsaitlərin həcmi də kiçik olacaq”.
Follow @7timesaz