44 günlük müharibədən sonra Prezident İlham Əliyevin həmin ərazilərə hər səfərinin və o torpaqlarla bağlı verdiyi qərarların tarixinin xüsusi seçildiyi diqqətdən yayınmır. Bu amil bir daha Azərbaycan Prezidentinin erməni işğalına son qoymaq üçün hakimiyyətdə olduğu 17 il ərzində hər gün düşündüyünü, bu istiqamətdə hələ illər əvvəl planlar qurduğunu və hətta işğala son qoyulduqdan sonrakı dönəmin də hazırlıqlarını gördüyünü göstərir. Uzaqgörən, qətiyyətli və inadkar xüsusiyyətləri ilə düşmənə heç bir şans verməyən Ali Baş Komandanın Azərbaycanın gələcəyi ilə bağlı gündəliyinin mövcudluğu da artıq heç kimdə şübhə doğurmur. Bu azmış kimi düşmənin daxili siyasətindəki bir çox proseslərə də müdaxilə edəcək imkanlara malik İlham Əliyev, göründüyü kimi artıq düşməni də fakt qarşısında qoymağa nail olub. Onlar barədə bir azdan…
Rəsmi Bakı postkonflikt dövrünün nə qədər əhəmiyyətli olduğunu yaxşı anlayır. Elə buna görə də pressinq siyasəti nəticəsində düşmənin sərhədlərin delimitasiya və demarkasiyası məsələsi ətrafında manipulyasiya cəhdlərini nəinki əngəlləməyə nail olub, hətta onları anlayacaqları tərzdə başa salmağa başlayıb.
Prezident İlham Əliyevin Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışındakı çıxışı zamanı dediyi “Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi” sözlər bir daha dövlət başçısının xüsusən də 10 noyabr 2020-ci il tarixindən sonra nəyi, necə, nə vaxt etməyi yaxşı bildiyi ilə bağlı dediklərini bir daha əyani şəkildə təsdiqləmiş oldu.
İlham Əliyevin “Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır” ifadələri bir daha nə 44 günlük müharibənin, nə onun Şuşa Zəfərinin, nə düşmənin kapitulyasiya aktına imza atdığ tarixin, nə də ondan sonra rəsmi Bakının istənilən addımının təsadüfü olmadığından, hər şeyin öncədən planlaşdırıldığı kimi getdiyindən xəbər verir.
İşğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Amma Azərbaycan Prezidenti yürütdüyü siyasətlə dünyaya nümayiş etdirdi ki, haqq var, ədalət var və Azərbaycan bu ədaləti bərqərar etdi: “Həyat göstərdi ki, ədalət var, sadəcə olaraq dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla ötən gün keçirilən danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında etdiyi bəzi açıqlamalar Moskvanın məcbur da olsa artıq bir çox reallıqları qəbul etdiyi barədə etirafları gündəmi zəbt etdi. Mətbuat konfransında “Azərbaycandakı erməni hərbçilər 10 noyabr bəyanatından sonra, noyabrın sonunda saxlanılıblar” deyən Lavrovun bu ifadələrindən belə nəticə çıxır ki, Rusiya erməni nazirə “Azərbaycan haqlıdır, bu məsələ burda bağlansın” mesajı verdi. Bunu Bakının postkonflikt dövründə növbəti istəyinə nail olmaq kimi dəyərləndirmək də olar.
Lavrovun əsirlərlə bağlı erməni jurnalistin sualına cavabında “Əgər dəqiq olsaq, 9 noyabr bəyanatında qeyd olunan hərbi əsirlər həmin vaxta qədər əsirlikdə olanlardır. Azərbaycandakı erməni hərbçilər 9 noyabr bəyanatından sonra – noyabrın sonunda saxlanılıblar” fikirləri ilə eyni zamanda 10 noyabr üçtərəfli bəyanatına əsasən Azərbaycanın işğaldan azad edilən ərazilərinə müvəqqəti yerləşdirilən sülhməramlı kontingentinin qeyri-qanuni, bəyanata zidd fəaliyyətindən tutmuş, Rusiyanın ermənipərəst mövqeyini, gizli yollarla Ermənistanı yenidən silahlandırdıqlarını da etirafı kimi də qəbul edilə bilər. Belə düşünməyə Lavrovun sözügedən məsələ ilə bağlı çıxışının ilk cümləsindəki “Əgər dəqiq olsaq…” ifadəsi kifayət edir. Sual yaranır, Niyə dəqiq, doğru, ədalətli olmaq üçün xüsusi zaman seçirsiniz?!
Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılardan, minalanmış ərazilərin xəritəsindən və ya Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanıması gərəkliyindən bircə kəlmə də söz açmamaqla Rusiyanın ikili oyununu bir daha gözlər önünə sərdi. Heç şübhəsiz ki, Kreml Azərbaycanla Ermənistan arasında “balansı” ikincinin xeyrinə açıq şəkildə pozmaqdadır. Rusiya Müdafiə Nazirliyi son açıqlamalarının birində atəşkəsin Azərbaycan tərəfdən pozulduğuna eyham vurması, eyni zamanda bu hadisələr fonunda Qarabağdakı sülhməramlı kontingentinin Azərbaycana mesaj anlamı daşıyan təlimlər keçirməsi də diqqət çəkir.
Rusiya sülhməramlılarının Qarabağdakı növbəti dəfə hərbi təlim keçirməsinin tərəflərindən iki məqsədə xidmət etdiyi söz-söhbətləri dolaşır: Dron hücumlarının qarşısını almaq, Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqələrində təhlükəsizliyi təmin etmək. Amma hətta Ruslar Qarabağda indiyə qədər keçirdikləri təlimlərə “sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə” və “özünümüdafiə zərurəti yaranmasına hazırlıq” kimi təqdim etsələr belə, sirr deyil ki, bu təlimlər Bakıya Moskvanın növbəti güc nümayişidir. Kontingentin bu təliminin Gorus-Qafan yolununun bağlanması hadisəsindən sonra baş verməsi məsələnin daha da aydınlaşmasına kömək edə bilər. Bu hadisə Bakının 44 günlük müharibədən sonra regionda yaratdığı yeni reallığı əyani şəkildə göstərməklə yanaşı, Ermənistana və havadarlarına bir güc nümayişi oldu ki, heç şübhəsiz ki, Gorus-Qafan yolunun bağlanmasından ən çox narahat olan 3 tərəfdən biri də məhz Rusiya oldu.
Amma buradan başqa nəticə də çıxa bilər: Bakı Laçın dəhlizinin humanitar məqsədlər üçün istifadə edilməməsindən narazı olduğu üçün və dəhlizə vizual nəzarəti artırdığını Azərbaycan Prezidentinin çıxışlarından da bildikləri üçün ruslar dəhlizin təhlükəsizliyini təmin etmək təlimi ilə Bakıya həm nəzarəti gücləndirdiyini, həm də “bütün proseslərə ciddi nəzarət etdiyinə” inandırmaq istəyə bilər.
Bu olayın ardınca Nikol Paşinyanın parlamentdəki çıxışında Zəngəzurda yaranmış son durum haqqında danışarkən illərdir tapdaqlarında olan, zəbt etdikləri ərazilərimizi Azərbaycan toponim adlarına istinad edib, Azərbaycan tərəfinin Eyvazlı və Çayzəmi kəndlərində Qafan-Gorus yolunu bağladığını dilə gətirməsi məhz Ermənistanın Gorus-Qafan yolunun 21 kilometrini və iki kəndi Azərbaycan ərazisi kimi tanıdığı anlamına gəldi. Və Azərbaycanın bu kritik gedişi eyni anda bir neçə dövləti çətin durumla üz-üzə qoydu. Rusiya anladı ki, Bakı üçün Gorus-Qafan yolu bu aralar əsl təzyiq vasitəsinə çevrilə bilər və Ermənistan qeyd-şərtsiz Azərbaycanın tələblərini qəbul etmək məcburiyyətində qala bilər ki, burada Moskvanın funksiyası tamamilə öz təsirini itirə bilər. Elə ona görə də Lavrov erməni həmkarı ilə görüşünün yekununda etdiyi açıqlamalarla Bakının da maraqları ilə üst-üstə düşən bəzi açıqlamalar etmək zərurətini hiss etdi. Lakin Azərbaycan artıq hər kəsin niyyətini yaxşı bilir və çomağı əlindən yerə qoymaq fikrində deyil.
Erməni bloqer Roman Baqdasaryanın “Ermənilər anlamalıydılar ki, işğal etdikləri ərazilərdəki qəbirstanlıqlarda meyitləri açıb çıxardaraq, onların ağzındakı qızıl dişləri oğurlayaraq, əridib külçə halında Ermənistana xammal kimi satanda bunun bədəlini bir gün ödəməli olacaqlar. Ermənistanda hakimiyyətdə olmuş Sarkisyan və Koçaryanın Azərbaycana qarşı yürütdüyü zorakı və vandal siyasətin sonu belə olmalıydı. 44 günlük müharibə zamanı dağıdılmış qəbirlərinin və təhqir olunmuş insan cəsədlərinin canlı şahidi olan Azərbaycan əsgərinin qisas hissini başa düşmək lazımdır. Ermənilər işğal etdikləri ərazilərdəki qəbirstanlıqlardakı məzar daşlarını sökərək üstündəki yazıları siliblər və onları material şəklində satıblar. Dünyanın aparıcı telekanallarında nümayiş olunan kadrlar dediklərimizə əyani sübutdur. Meyitlərin ağzındakı qızıl dişləri çıxarıb satmaqla bərabər məzar daşlarını da alver predmetinə çevirən ermənilər bir gün buna görə cavab verməli olduqlarını anlamalıydılar” sözləri Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərində və Azərbaycan vətəndaşlarına qarşı törətdiyi bütün cinayətlərin etirafından başqa bir şey deyil.
İşğaldan azad olunmuş ərazilərdə I Qarabağ müharibəsinə aid növbəti kütləvi məzarlıqların tapılmasından sonra belə bir etirafın gəlməsinin özü də təəccüblüdür. Hər halda Ermənistan artıq xəbərdardır ki, həmin məzarlıqlar beynəlxalq təşkilatlar vasitəsilə açılacaq və oradakı meyit qalıqları ekskumasiyası və identifikasiya olunacaq.
Erməni politoloq Ara Vardanyanın “Artıq Qarabağ məsələsi yoxdur. Zəngəzur məsələsi, Basarkeçər məsələsi var, Qarabağ məsələsi isə yoxdur…” sözləri isə postkonflikt dövrünün bu günə olan real mənzərisini göstərir. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə apardığı sürətli bərpa və quruculuq işləri ilə dünyaya bu torpaqların əsl sahibinin kimliyini nümayiş etdirməklə yanaşı, düşməndən fərqli olaraq müharibə ritorikasından uzaq, sülh, inkişaf şəraitində bölgənin, regionun inkişafı məsələsinin prioritet olduğunu göstərir. Əksinə can atan Ermənistan tez bir zamanda dərk etməlidir ki, arzuolunmaz, qaldırılması çətin olan nəticələrlə üzləşə bilər. Paşinyan xalqını, onun gələcəyini düşünürsə yeganə çıxış yolu Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, qonşularına qarşı ərazi iddialarından əl çəkərək yeni reallığın yaratdığı imkanlardan yararlanmaqla münasibət qurmalıdır. İrəvan üçün bunun alternativi yoxdur…
Milli.Az
Follow @7timesaz