Sosial şəbəkələrin nəhəng gücü Vaşinqtonu ciddi şəkildə narahat etməyə başlayıb.
Dünyada ən böyük sosial şəbəkə olan Facebook və onun sahibi olan Mark Zukerberqin başı üzərindəki qara buludlar sıxlaşmaqdadır. Hələ sabiq prezident Donald Trampın dövründə müzakirə mövzusu olan sosial şəbəkələrin gücü, onların fəaliyyətinin dövlət təhlükəsizliyi prinsiplərinə uyğunluğu məsələsi son aylarda yenidən ABŞ-da, özü də Konqres səviyyəsində aktuallaşıb.
Oktyabrın 6-da ABŞ Senatında sosial şəbəkələrin, konkret olaraq Facebook və İnstagram-ın fəaliyyətində təhlükəsizlik, xüsusilə də uşaqlara yönəlik təhdidlərlə bağlı dinləmələr keçirilib. Dinləmələr zamanı Demokrat senator Riçard Blumental Facebook-un federal tənzimləyicilər tərəfindən araşdırılmasına çağırıb. Həmçinin Markın nəzarətində olan daha bir populyar sosial şəbəkə İnstagram da hədəfə alınıb. Riçard Blumental federal tənzimləyiciləri şirkətin mənfəət xatirinə atdığı addımlarla əlaqədar səsləndirilmiş iddiaları araşdırmağa çağırıb.
Senatın Ticarət alt komitəsininin açıqlamasında senator Blumental bildirib ki, Facebook siqaret kimi məhuslların asılılıq yaratdığını bilirmiş. “Texnologiya şirkəti indi tütün sənayesində heyrətləndirici həqiqətlə üzləşir”, – deyə o bildirib. O, şirkətin rəhbəri Mark Zukerberqin komitə qarşısında ifadə verməzdən əvvəl Qiymətli Kağızlar və Birja Komissiyası, eləcə də Federal Ticarət Komissiyası tərəfindən Facebook haqqında təhqiqat başladılmasını istəyib: “Burada qurban olanlar bizim uşaqlarımızdır. Bu gün güzgüyə baxan gənclər şübhə və etibarsızlıq hiss edirlər. Mark Zukerberq güzgüdə özünə baxmalıdır”.
ABŞ Kapitolisində hər iki partiyanın bir araya gələ bilməsinin nadir olduğu bir dövrdə hər iki tərəfdə olan qanunvericilər Facebook-un böyük dəyişikliklərə ehtiyacı olduğunda razılaşıb. Senatın alt komitəsindəki respublikaçı senator Marşa Blakbörn Facebook-un 13 yaşından kiçik uşaqlar tərəfindən istifadəsinə göz yumduğunu bildirir: “Aydındır ki, Facebook qazancını uşaqların və bütün istifadəçilərin rifahından üstün tutur”.
Lakin Facebook sözçüsü Kevin Makalister dinləmədən əvvəl göndərdiyi emaildə şirkətin öz icmasını qorumağı qazanc əldə etməkdən daha vacib hesab etdiyini və sızan daxili araşdırmalara əsasən Instagram-ın gənc qızlar üçün “toksik” olması ilə bağlı səsləndirilən fikirlərin doğru olmadığını bildirib.
KONKRET.az xəbər verir ki, Facebook-un qlobal təhlükəsizlik xidmətinin rəhbəri ayrıca dinlənilib. O, The Wall Street Journal-ın Facebook tərəfindən aparılmış bir tədqiqat barədə yazdıqlarına əsasən dindirilib. Həmin tədqiqatdan aydın olub ki, rəyi soruşulan hər 3 yeniyetmədən biri İnstagramın onların öz bədənlərindən, qidalanma vərdişlərindən narazı qalmalarına, həyəcan və depressiyaya düşmələrinə səbəb olduğunu deyib. Özünü öldürmək barədə düşünən 13 faiz britaniyalı, 6 faiz amerikalı istifadəçi isə özünəqəsd fikrinə İnstagramda əldə etdikləri məlumatlar əsasında gəldiklərini bildiriblər. Facebook isə təkidlə bildirir ki, yeniyetmələrin çox böyük hissəsinə sosial əlaqələr müsbət yöndən təsir göstərir.
Senatdakı dinləmələrdən dərhal sonra Zukerberq Facebook hesabından sahibi olduğu sosial şəbəkələrə yönəlik ittihamları rədd edib. O, istifadəçilərin təhlükəsizliyini öz gəlirindən daha üstün tutduğunu bildirib. Onun sözlərinə görə, şirkət insanların təhlükəsizliyi və psixoloji sağlamlığı kimi məsələlərə qətiyyən etinasız yanaşmır: “Bu bəyanatların çoxu həqiqəti əks etdirmir. Əgər biz tədqiqatları iqnor etmək istəyirdiksə, nədən aşkara çıxarılan məsələlərin araşdırılması üçün aparıcı şöbə yaratmışıq? Əgər biz zərərli statuslarla mübarizə qeydinə qalmırdıqsa, nədən bu məsələ ilə məşğul olan bu qədər insanı işə qəbul etmişik?”
Zukerberq şirkətin uğurlarının mənfi planda təqdim olunmasının onu kədərləndirdiyini, lakin Facebook-un hər şeyi doğru etmək cəhdlərini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Senatdakı dinləmələr Facebook-un keçmiş top-meneceri Frensis Haugenin The Wall Street Journal-a verdiyi materialların dərcindən sonra təyin olunub. Oktyabrın 6-da Haugenin özü də Senatdakı dinləmələrdə çıxış edib. Bildirib ki, şirkət sosial şəbəkələrin uşaqlara mənfi təsirlərinin aşkarlandığı tədqiqatları daim iqnor edib. Facebook-da 2019-cu ildən işləyən xanım Haugen şirkətin minlərlə daxili tədqiqatının üzünü çıxarıb saxlayıb. Bu ilin mayında Facebook-dan ayrılan Haugen sentyabrda federal hüquq-mühafizə orqanlarına sosial şəbəkədən anonim şikayət göndərib. O, həmçinin əlindəki materialları Wall Street Journal-a təqdim edib.
Haugen bildirir ki, Facebook nifrəti təlqin edən kontentləri məqsədyönlü şəkildə yayır. Onun sözlərinə görə, sosial şəbəkə istifadəçilərə nifrət, zorakılıq və dezinformasiyaların yayılmasına qarşı mübarizəyə dair yalan məlumatlar yayır. Əslində isə nifrət, qəzəb kimi güclü hissləri oyadan çoxlu sayda fikirlərin yayılmasına şərait yaradır, çünki belə hisslər insanların sosial şəbəkələrdə daha çox vaxt keçirmələrinə, beləliklə də şirkətin gəlirinin artmasına şərait yaradır.
Haugenin sözlərinə görə, Facebook-da işlədiyi müddətdə daim nələrin şirkət və ictimaiyyət üçün daha yaxşı olması məsələsində maraqlar toqquşmasının şahidi olub: “Və hər dəfə də Facebook məsələlərin öz maraqlarına daha uyğun həll variantlarını seçirdi”.
The Wall Street Journal-ın yaydığı Facebook-un daxili sənədlərindən aydın olur ki, şirkət 10-12 yaşlı uşaqları şəbəkəyə cəlb etmək üçün plan hazırlayırmış. Qəzetin tanış olduğu 2020-ci ilə aid bir sənəddə uşaqlar “qiymətli, lakin hələ cəlb olunmamış auditoriya” adlandırılıb. Həmin ilə dair təqdimatdan aydın olur ki, şirkət uşaqları cəlb etmək üçün xüsusi “oyun günləri” tətbiq etməyə hazırlaşırmış. Bundan əlavə, Messencer tətbiqini uşaqların ondan istifadə etməsi üçün prosesə cəlb olunması təklif edilib. Daxili hesabatlardan o da məlum olur ki, yeniyetmələr arasında populyar olan Snapchat və TikTok-a uduzulması şirkət rəhbərliyini ciddi şəkildə məyus edirmiş. Buna görə də Facebook yeniyetmə kontingentin öyrənilməsi və şəbəkəyə cəlb edilməsi üçün xüsusi komanda formalaşdıraraq qarşısına 3 il ərzində uşaqlar üçün daha çox məhsullar hazırlanması vəzifəsi qoyub. Bundan əlavə, şirkətdə uşaqlar üçün məhsulların hazırlanmasına yeni yanaşma tətbiq edilib. 13 yaş və yuxarı uşaqlar üçün iki məhsul əvəzinə Facebook öz məhsullarını 6 yaş qrupu üçün uyğunlaşdırmağa hazırlaşırmış: böyüklər, 16 yaşdan yuxarı yeniyetmələr, 13-15 yaşlı yeniyetmələr, 10-12 yaşlı uşaqlar, 5-9 yaşlı uşaqlar, nəhayət, 0-4 yaşlı körpələr.
Məhz Facebook-un uşaqlar üçün başlatdığı hazırlıqlar Senatda əsas müzakirə mövzusu olub. Dinləmələrdən bir neçə gün əvvəl – sentyabrın 27-də Instagram-ın rəhbəri Adam Mosseri bəyan etdi ki, şəbəkə uşaqlar üçün Instagram Kids adlandırılan versiyanın hazırlanması prosesini dayandırıb. O deyib ki, şirkətə tətbiqin hazırlanması prosesini davam etdirməzdən əvvəl ekspertlər və qanunvericilərlə danışmaq üçün vaxt lazımdır. O, həmçinin qeyd edib ki, 13 yaşdan aşağılar üçün versiya əlçatan olmasaydı, uşaqlar Instagram-dan istifadə etmək üçün yaşlarını gizlədə bilərdilər.
Dünyanın ən populyar sosial şəbəkələrindən olan Facebook və İnstaqram nədən ABŞ-da qəzəbə gəldi? Bunun alt səbəbləri nə ola bilər? Qeyd edək ki, Zukerberglə ABŞ hakimiyyəti arasında narazılıqlar prezident Donald Trampın vaxtından başlanıb. D.Tramp onun statuslarını blok edən Twitter, daha sonra isə Facebook və İnstagram-ın fəaliyyətinin ABŞ-ın dövlət təhlükəsizliyinə təhdid yaratdığını bəyan etmişdi. 2020-ci ilin mayında Tramp sosial şəbəkələrlə bağlı bəzi hüquqi mühafizənin götürülməsini hədəfləyən fərman imzalayıb. O, fərmanı imzalayarkən deyib ki, sosial media platformaları senzura və istifadəçilərinin rəylərini redaktə etməkdə “yoxlanılmayan gücə” sahibdirlər. Həmin vaxt fərmanın hüquqi çətinliklərlə üzləşəcəyi gözlənilirdi. Hüquq mütəxəssisləri bildiriblər ki, sosial media platformaları haqqında olan hüquqi mühafizə anlayışının dəyişməsi üçün ABŞ Konqresi və ya məhkəmə sistemi məsələyə cəlb olunmalıdır. İndi isə artıq Konqres, onun yuxarı palatası Senat prosesə cəlb olunub.
Ötən ilin sonlarında – prezident seçkilərindən sonrakı iğtişaşlar zamanı ABŞ-da Facebook və digər sosial şəbəkələrin Donald Trampın kütləvi aksiyalarda uğur qazanması prosesində böyük rolunun olduğu fikirləri geniş yayılmışdı. İctimai-siyasi xadimlər xüsusilə Facebook və onun sahibini hədəf seçmişdilər. Bildirilirdi ki, məhz sosial şəbəkələr sayəsində Tramp öz fikirlərini geniş kütlələrə çatdıra bilib. Bu il yanvarın əvvəllərində Tramp tərəfdarlarının Kapitoliyə hücumundan sonra bu ittihamlar daha kəskin xarakter aldı. O zaman Zukerberq Trampın Facebook hesabının əvvəlcə 2 həftə müddətinə, daha sonra isə qeyri-müəyyən müddətə bağlandığını elan etdi. Mart ayında hesabın 2 illiyə bağlandığı açıqlandı. İyun ayında Facebook siyasətçilərə öz statuslarının yayılmasında verilən üstünlüklərin ləğv olunacağını açıqladı. Bu, ABŞ sosial şəbəkələr üzrə müstəqil Nəzarət Şurası tərəfindən dəstəkləndi, Şura vətəndaşlar öz fikirlərini yaymaq üçün onların status və ictimai nüfuzlarından asılı olmayaraq, bərabər şərtlərin təmin olunmasının gərəkdiyini bəyan etdi.
Xatırladaq ki, dinləmələr ərəfəsində Mark Zulerbergin sahibi olduğu hər üç şəbəkədə ciddi problem yaşandı, onların fəaliyyəti 7 saatdan çox dayandı. Fortune nəşrinin hesablamalarına görə, şəbəkələrin fəaliyyətinin dayanması şirkətə 100 milyon dollara başa gələ bilər. Bu hesablama Facebook-un bu ilin ikinci rübündə əldə etdiyi gəlir əsasında aparılıb. İkinci rübdə şirkət 29,08 milyard dollar – yaxud bir gündə 319,6 milyon dollar, yaxud bir saatda 13,3 milyon dollar gəlir əldə edib. Bu hesabla, tətqiqlərin dayandığı 7,5 saatda şirkət 99,75 milyon dollar gəlirdən məhrum olub.
Lakin reklam qiymətləndirmələri ilə məşğul olan Standard Media Index şəbəkələrin fəaliyyətində yaranan boşluğun şirkətə cəmi 3,3 milyon dollar zərər vurduğu qənaətinə gəlib. Şirkət hesablamanı Facebook-un gündəlik reklam gəlirləri əsasında aparıb.
Baş verən insident şirkətin bazar kapitallaşmasına da ciddi təsir edib. Facebook-un bazar dəyəri 5 faiz azalıb ki, bu da təxminən 47 milyard dollar deməkdir. Oktyabrın 6-na qədərki həftə ərzində şirkətin bazar dəyəri 2,3 faiz azalmaqla 938,8 milyard dollar təşkil edib.
Bir çox analitiklər hesab edirlər ki, sosial şəbəkələrin insanlar üzərində çox böyük təsir gücünə sahiblənməsi ABŞ hökumətini ciddi şəkildə narahat etməkdədir. Hələlik hökumət bu gücün azaldılması yollarına, sosial şəbəkələrə nəzarətin dəqiq mexanizmlərinə malik deyil. Lakin bu istiqamətdə ciddi işlərin aparıldığı və yaxınmüddətli dövrdə mexanizmlərin hüquqi bazasının yaradılması üçün addımların atılacağı gözlənilir. Senatdakı dinləmələr məhz bu addımlar üçün ictimai zəmin hazırlamaq məqsədi daşıyır./yeni musavat/
Follow @7timesaz