Anım mərasimində şəhid ailələri, şəhidin döyüş yoldaşları, kənd sakinləri və ictimayət nümayəndələri iştirak edib. Çıxışlarda Vətən müharibəsində qazanılan parlaq qələbədən, bu qələbədə pay sahibi olan Mahir Məmmədovun döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs olunub. Daha sonra şəhidin məzarı ziyarət olunub, xatirəsi böyük ehtiramla anılıb.
7times.az xəbər verir ki, xəritəçəkmə üzrə hərbi mütəxəssis olan Məmmədov Mahir Ağasəlim oğlu 28 yanvar 1981-ci ildə Xaçmaz rayonunun Şıxaput kəndində doğulub.
Azərbaycan Ordusunun baş giziri olan Mahir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb.
On yeddi il Vətənə xidmət edən təcrübəli hərbçi Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılıb və düşmənin hərbi obyektlərinin məhv edilməsi zamanı fəal iştirak edib.
Qeyd edək ki, Mahir Məmmədov 2016-cı ilin Aprel döyüşlərində də düşmənə qarşı savaşıb. Bu döyüşlərdə göstərdiyi şücaətə görə medal və fəxri fərmanlarla təltif olunub.
Mahir Məmmədov oktyabrın 7-də Füzuli rayonunun Aşağı Alxanlı və Qarxanbəyli kəndləri uğrunda gedən döyüşlərdə yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində baş nahiyyəsindən ağır yaralanıb. Qəhrəman döyüşçü 12 gün komada qaldıqdan sonra oktyabrın 17-də şəhidlik zirvəsinə ucalıb. O, 19 oktyabr 2020-ci ildə doğulub boya-başa çatladığı Xaçmaz rayonunun Şıxaput kəndində dəfn olunub.
Ailəli idi, Səlim adlı oğlu Vətənə yadigar qaldı.
Xatırladım ki, Mahir 2019-cu ilin iyun ayında ailə həyatı qurub, sentyabrın 21-də oğlu dünyaya gəlib, amma Mahirə oğlunu görmək qismət olmadı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Mahir Məmmədov (ölümündən sonra) “Vətən uğrunda” və Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin, ruhu şad olsun!
Müşfiq Qərib
Follow @7timesaz