Veteran futbolçu Vəli Qasımovun Fanat.Az saytına müsahibəsi
– Azərbaycanda demək olar ki, ən uzun müddətli legioner həyatı yaşayan futbolçulardan biri olmusunuz. O günləri necə xatırlayırsınız?
– İlk illər bir qədər çətin olur. Təkcə idman sahəsində deyil, həm də şəxsi həyatla bağlı baryerlər aşmalısan. Yerli əhaliyə öyrəşmək, əcnəbi dili mənimsəmək, ölkənin mentalitetinə adaptasiya olmaq zaman tələb edir. Gəldiyin birinci il istər-istəməz səni elə də yaxşı qəbul etmirlər. Bu cəmiyyətə uyğunlaşmaq vaxt aparır. Futbolçu olaraq xarici ölkədə özünü qəbul etdirməlisən. Hər halda “yerli futbolçu ola-ola, xaricdən niyə gətirirsiniz” sualı doğur. Bu zaman özünü keyfiyyətli və intizamlı futbolçu kimi sübut etməlisən. Sənin idmançı keyfiyyətlərinə şübhə ilə yanaşanlara nəyə qadir olduğunu göstərməlisən. Daha sonra öz ustalığını nümayiş etdirərək yerli azarkeşlərin və mütəxəssislərin hörmətini qazanırsan. Bundan sonra səni qəbul edirlər və hətta sevməyə başlayırlar. Ən vacib detallardan biri çıxış etdiyin ölkənin dilini öyrənməkdir. Bu zaman ətrafda nə baş verdiyini bilirsən, hər şey daha maraqlı gəlir.
– Hazırda ölkə xaricində oynayan futbolçularımızın çıxışlarını izləyirsinizmi? Onlar haqda fikirləriniz…
– İzləmək deyəndə ki, sırf onların xaricdəki çıxışlarına köklənməmişəm, amma istənilən legionerimizin nəticələri ilə maraqlanıram. Elə dediniz ki, elə bil bizim xaricdə o qədər legionerimiz var ki, hamısının oyununu izləməyə vaxt olmur… (gülür). Özünü xaricdə daha çox tanıdan bir Mahir Emrelidir. Amma istəyimiz odur ki, hər bir azərbaycanlı futbolçu daha yüksək çempionatlarda parlasın. Futbolçularımızın məndən daha yaxşı nəticələr göstərməsini istəyirəm. Bu, Azərbaycan futbolunun yalnız xeyrinə olan amillərdir. Məlum məsələdir ki, millimizin zəif çıxış etməsinin səbəblərindən biri də oyunçuların xarici futbol praktikasının olmamasıdır. Futbolçuların xarici klublara hazırlanması prosesinə çoxdan başlamaq lazım idi. Normalda bizim ən azı 10 futbolçumuz Mahir kimi baxımlı çempionatlarda iştirak etməlidir. Amma dediyim kimi, bu proses gecikib.
– Son 15-20 ildə az sayda da olsa futbolçularımız ölkə xaricinə çıxdılar, lakin legioner karyeraları elə də uzunmüddətli olmadı. Ya çıxışları, ya da xarakterlərinə görə alınmadı və geri döndülər…
– Gəlin açıq danışaq. Futbol zarafat deyil. Bu idman növü olduqca böyük bir tarixə sahibdir. Kimi gəldi xaricə göndərmək olmaz axı. Burda insan faktoru da var. Elə futbolçular var ki, qəriblikdə ailəsindən uzaqda qala bilmir, eləsi var ki, yerli əhaliyə adaptasiya ola bilmir və sairə. Belə futbolçular yaxşı oynasa belə, xaricə göndərməyin mənası yoxdur. Çünki xarici klubda çıxış edəndə birinci il olduqca çətin olur. Bu çətinlikləri qarşılaya bilməyəcəksənsə, ora getməsən, daha yaxşıdır. Bu səbəbdən futbolçuları gənc yaşlarından seçmək, psixoloji və fiziki olaraq hazırlamaq lazımdır. Kortəbii şəkildə xaricə futbolçu göndərmək olmaz. Bir çoxu xaricə getmək istəyir, amma qarşıda onu nələr gözlədiyini bilmir. Sonra isə ruhdan düşmüş halda geri qayıdırlar ki, bu da onların karyerasına ziyandır.
– İndiki futbolçularda da bu amillər artıq problem yaratmağa başlayıb. Məsələn, “Legiya”da çıxış edən Mahirin ulduz xəstəliyinə tutulduğu, ötən gün yatıb qalaraq klubun iclasına gecikdiyi, daha əvvəl isə məşqlərə qatılmadığı kimi xəbərlər yayılıb…
– Bax, bu olduqca ciddi amillərdir. Bunlara mütləq şəkildə diqqət yetirmək lazımdır. Bütün bu növ yanaşmalar gələcəkdə futbolçunun karyerasına ciddi ziyan vura bilər. Məşqə gəlməmək, iclasa gecikmək kimi problemlər futbolçuya yaraşmır. Mən futbolçu olaraq xaricdə uzun müddət keçirmişəm. Karyeram ərzində bir dəfə belə olsun, nə məşqə, nə də iclasa də gecikmişəm. Zədə səbəbi ilə bir neçə məşq buraxmışam… Bu isə qaçılmazdır. Onu da deyim ki, bunun ziyanını da görmüşəm. Müalicə aldığım dövrdə əsas heyətdə mənim yerimdə başqasını oynadırdılar, bu isə o deməkdir ki, yerimi itirirəm. Meydana qayıtdıqdan sonra əsas heyətə düşmək olduqca çətin olur. Məcbur olurdum ki, kiminsə zədələnməsini və ya cəzalanmasını gözləyim. Fikir vermisinizsə, tanınmış klublar hamısı eyni heyətlə oynayır. O ancaq bizdədir ki, hər ay oyuna başqa heyət buraxırıq. Sanki eksperiment aprırıq. Amma xaricdə elə deyil. Hər şey plan əsasında gedir, bunu həm məşqçilər, həm də futbolçular anlayır. Təkrar edirəm, əsas heyətdəki yerinə görə futbolçu daim mübarizə aparmalıdır. Futbolda stabil olaraq ilk “11-lik”də oynamaq asan məsələ deyil. Mahir barədə isə deyim ki, bu onun “Legiya”da ilk mövsümüdür. Ümidvaram, özünü hələ göstərməyə vaxt tapacaq. Ancaq bu növ gecikmələri etməsə, daha yaxşı olar. Çünki belə davam etsə, gələn il onu yenidən Bakıda görəcəyik.
– Bir peşəkar olaraq gənc futbolçulara nə məsləhət görərdiniz, nələrə diqqət etməlidirlər, nəyi etməməlidirlər?
– Futbola peşəkar iş kimi ciddi şəkildə yanaşmaq, əlavə əyləncəyə daha az vaxt ayırmaq, olduğun ölkənin dilini, yaşayış tərzini öyrənmək, insanlarla yaxşı ünsiyyətə girmək və əlbəttə ki, futbol oynamaq lazımdır.
– Yerli çempionatında çıxış edən futbolçularımızdan kimlərin ölkə xaricinə çıxmalı olduğunu düşünürsünüz?
– Dediyim kimi, onları əvvəlcə hazırlamaq lazımdır. 24-25 yaş artıq gecdir. Bəli, bizim çempionatda ölkə xaricində çıxış etməli futbolçular var, məsələn, Toral Bayramov yaxşı formadadır, Mirabdulla Abbasovu da qeyd edərdim, o da özünü ən yaxşı tərəfdən göstərə bilər. Amma ən vacibi onların kim olduğu yox, onları düzgün şəkildə hazırlamaqdır. Futbolçularımızın özbaşına xaricə getməsi çətindir. Onlara kimsə bu yöndə kömək etməlidir. Futbolçu özünü yaxşı tərəfdən göstərən kimi onu xaricə göndərmək lazımdır. Amma klublarımız bunu etmir. “Gələn il, gələn il” deyirlər. Amma gələn il nəyin baş verəcəyini bilmək olmur. Mən fikir verirəm ki, yaxşı futbolçular yalnız “Qarabağ”dan çıxır. Amma bu olduqca azdır.
– Legioner həyatı yaşayan futbolçularımız millidə elə də yaxşı təsir bağışlamır. Sizcə, problem nədədir?
– Hər bir milli komandanın öz oyun üslubu var. Bizdə də yəqin ki, mənə məlum olmayan belə bir üslub var. Bir çox yığmalarda oynayan ulduz futbolçular özlərini yetərincə göstərmir. Mənə elə gəlir ki, futbolçularımız hamısı əlindən gələni edir. Amma bu onlarda necə alınır? Sual budur. Bu futboldur, futbolçu üçün stabillik daim deyil. Düşünmürəm ki, milliyə dəvət alanlar oynamaq istəməsin, hər biri əlindən gələni etməyə çalışır.
– Vəli bəy, öz işləriniz necə gedir? Hansısa təkliflər, yeni planlar varmı?
– Bu yaxınlarda belə bir təklif var idi, amma baş tutmadı. Ad çəkmiyəcəm. İspan baş məşqçidən. Asiya ölkələrindən birində köməkçisi olaraq çalışmaq təklifi aldım. Ancaq bəzi səbəblərdən iş birliyimiz alınmadı.
Qeyd edək ki, 53 yaşlı keçmiş hücumçu 1991-ci ildə “Spartak” (Moskva), 1992-ci ildə “Dinamo” (Moskva),1992-1995-ci illərdə “Real Betis” (İspaniya), 1995-1996-ci illərdə “Albasete” (İspaniya), 1996-1997-ci illərdə “Esiha” (İspaniya), 1997-1999-cu illərdə “Vitoria” (Portuqaliya), 1999-2001-ci illərdə isə “İmortal” (Portuqaliya) klublarının şərəfini qoruyub.
Follow @7timesaz