Manşet

Polad Bülbüloğlunun aldatdığı Samir Bağırov

Polad Bülbüloğlunun aldatdığı Samir Bağırovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurban kultu çox mədniyyətlərdə var; bir çoxlarının sağ qalması üçün birinin öldürülməsi, daha çox qanın axmaması üçün azca – könüllü qan axıtmaq…

Samir Bağırov Azərbaycan estradasının, şou-biznesinin qurbanı oldu.

O, Azərbaycan şou-biznesini elə bir yerdən başlatmaq istəyirdi ki, o yerə dünya sarı-sarı hadisələrin içində boğula-boğula gəlib çıxmışdı. Samir bütün yükü çiyninə alıb ilan zəhəri kimi sarı mətbuatın, çirkabın içinə atıldı, plastikası ilə bir Şərq ölkəsinin ağır cədli şəhərində gey, homoseksual adlarını daşımalı olan, onun tənəsinə dözən ilk məşhur oldu.

Təəssüf ki, ətrafı ona bu işdə əl tutmadı. Ağzıqara toplumun tənələrindən hərə çiynini bir yana çəkdi, çadra altında hərə işini gördü, üzdə bomba oğlan oldu.
Bircə Samir ortada qaldı; uzun saçı, uzun barmaqları, plastik bədəni ilə… İndi gəl get-gedə qaralan qaragüruhun təhqirinə, tənəsinə artist pencəyinin süngər əlavəli çiyni ilə sinə gər!

Bəli, Samirin parıldayan artist pencəyinin süngər çiyinləri bu yükü çox çiyinləyə bilmədi.

Müsahibələrinin birində deyir ki, Moskvada ekstrasens yanında getdim. Dedim, mən yaxşı adamam, heç kəsə pislik eləmirəm, əminəm ki, istedadım da var, bəs Allah mənim şou-biznesə gedən qapılarımı niyə açmır?

Ekstrasens də cavab verir ki, şou-biznes Allahın deyil, şeytanın meydanıdır, orda at oynatmaq üçün yaxşı yox, pis adam olmalısan.

Samirin problemi bununla da bitmir; o, pis-yaxşı formalaşmış sovet mədəniyyətinin, kirəmit damlı qardaş ölkələrin artisti olacaqdı. Fikir verin, onun bioqrafiyası da, dialoqları da Sovet və postsovet sözlərilə zəngindir, onun Cıdır düzü MDB olacaqdı, ancaq təəssüf ki, bu meydanın açılışı olmadı, daha doğrusu, dağılan dağıldı, yaranmalı olan yaranmadı…

Məsələ budur ki, Samirin problemləri məhz bununla da yekunlaşmır; o, sənət standartlarını olduqca yüksək müstəviyə hesablayıb – mahnıları, geyimi, performansı, müsahibələri, dünyagörüşü sanballı standartlara uyğundur, odur ki, onun verdiyi implus, siqnallar bizim toplumun üzərindən keçir. Onun ötürdüyü dalğalar bizim radioqəbuledicilərimiz üçün deyil. Onun sənətini qəlbi elit təbəddülatlardan riqqətə gələn adamlar hiss edir. Bu adamlar isə Bakıda heç zaman təbəqə kimi formalaşmadı. Varlar, fərddirlər, çırpınırlar, ancaq artmırlar.

Samir isə israrla vətəndə – Azərbaycanda qalmağı düşünür. Hərçənd anası ABŞ, bacısı Hollandiya vətəndaşıdır. Samirin də bütün keyfiyyətləri, düşüncələri çoxdan Qərbdə yuva salıb, Qərb vətəndaşıdır.

Samir Bağırovun bioqrafiyası ilə tanış olanlar bilir ki, o Azərbaycanla yanaşı Rusiyada da tanınırdı, hətta Rusiyanın Xalq artisti Alla Puqaçova Samiri öz teatrına dəvət etmişdi və s.
Samir müsahibələrindən birində deyir ki, onu Moskvadan Azərbaycana istiqamətləndirən Polad Bülbüloğlu olub. Polad Bülbüloğlunun dediyindən belə çıxıb ki, qürbətdə şah olunca, vətənində dilən gəz. Nədənsə, Samir də sayın Polad Bülbüloğlunun bu təklifini qəbul edərək Bakıda möhkəmlənib. Moskvanın ipini əldən buraxıb. O Bakı ki, ondan daim alıb, verdiyi isə tənə, iftira, təhqir olub…

Mən bilmirəm Polad Bülbüloğlu niyə belə edib.

Demirəm, postsovet ölkələrində növbəti məşhur Azərbaycanlı estrada müğənnisini həzm edə bilməyəcəkdi, demirəm, gözügötürməzlikdən belə edib, ancaq səbəb nə olsa da, Samir Bağırovun yeri bugünkü Azərbaycan deyildi, bugünkü Bakı deyildi! O, cinsi oriyentasiyası fərqli olanlara “Samir Bağırov olma!” deyən bir toplumun sənətkarı olmaq əzabına qatlanmalı deyildi.

Samir Bağırov deyir ki, mən Azərbaycanda ayağımı qapıdan çölə qoyan kimi artıq iş başında oluram. Mənim işim qapımın kəndarından başlayır.

Geyin ən parıltılı geyimini, ayağını qapından kənara qoy, Azərbaycan sənin teatrındı, ən böyük teatrın. Bu şəhər sənin səhnəndir. Ayağını elə bas ki, səndən bu şəhərə bir də gəlməyəcəyini torpaq da hiss etsin!
Bura musiqili komediya teatrıdır, Samir!
Məharətini göstər!

Sərdar Amin