Cəmiyyət

Qurum sədrindən ÇAĞIRIŞ: “Siqaretin qiyməti qaldırılsın”

Qurum sədrindən ÇAĞIRIŞ: “Siqaretin qiyməti qaldırılsın”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı son statistik məlumata görə, aparılan təbliğatlara, tətbiq edilən qadağa və qanunlara baxmayaraq, dünyada siqaret çəkənlərin sayı çox cüzi azalıb. Azərbaycanda da bu yöndə müvafiq qanunverici aktlar qüvvədədir. Ancaq paradoks odur ki, paralel surətdə Azərbaycanda, paytaxt Bakıda tütün fabriki də var və bəzi bölgələrimizdə tütün yetişdirilir.

Tibb elminə isə çoxdan məlumdur ki, ağciyər və qırtlaq xərçənginə 90-95 faiz hallarda məhz uzun müddət siqaret çəkənlər tutulur. Özü də ağciyər xərçəngi sürətli metastaz verməsi ilə seçilir. Yəni çox vaxt xəstənin həyatını xilas eləmək, daha doğrusu, ömrünü uzatmaq mümkün olmur.

Maraqlıdır ki, bütün dərman preparatları və qida məhsullarının qutuları üzərində onların tərkibi göstərilsə də, yeganə siqaretdir ki, onun qutusu üzərində tərkibi yazılmır. Bəs niyə? Əlbəttə ki, bu, istehlakçı hüququnun kobud pozulması deməkdir.

7times.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Siqareti yandıranda 4 mindən çox kimyəvi proses yaranır. Tütün və tütün məmulatları haqqında qanunda, eləcə də ÜST-ün tütündən istifadəyə dair çərçivə konvensiyasında birmənalı şəkildə göstərilir ki, tütün qutularının üzərində ən zəruri məlumatlar yazılmalıdır. Zəruri məlumatlardan biri tütünün tərkibində olan karbon monooksidin (dəm qazı – red.), nikotinin miqdarı ilə bağlıdır. İstehlakçılar da siqaretin tərkibində nə olmasına əhəmiyyət verməyərək ondan istifadə edirlər. Qanuna əsasən ölkə ərazisində siqaretlərin tək-tək satışı, həmçinin səhiyyə, təhsil ocaqlarının yaxınlığında satışı qadağandır. Lakin bu gün qəzet köşkləri geniş siqaret satışı məntəqələrinə çevriliblər.

Daha bir məsələ: qanuna əsasən tütün məmulatların üzərindəki “tütün sizin sağlamlığınıza ziyandır” çağırışı dəyişdirilməlidir, çünki insanlar ona öyrəşir, sonra əhəmiyyət vermir. Təəssüflər olsun ki, Azərbaycanda buna da əhəmiyyət vermirlər, həmin çağırış illərdir ki, dəyişmir”.

Eyyub Hüseynov qeyd edib ki, tütün məhsullarının markalanmasında da müəyyən siyasət tətbiq edilməlidir:

“Azad İstehlakçılar Birliyi olaraq təklif edir ki, ümumiyyətlə, siqaret qutularının üzərində heç bir yazı, brend əks olunmasın. Dünyanın yeganə ölkələrindən biriyik ki, supermarketlərə girəndə bizi ilk qarşılayan siqaretlər, tütün məmulatları olur. Bu, yolverilməzdir. Heç olmasa MDB məkanında olan təcrübədən istifadə olunsun. Bu çox ciddi bir problemdir. Bütün bunlar azmış kimi üç ildir Şəkidə bir firma ən təhlükəli və filtrsiz tütün məmulatları istehsal edir. Dəfələrə bu haqda dövlət orqanlarına məlumat vermişik. Lakin 40-45 qəpiyə satılan bu tütünlər insanları zəhərləməkdə davam edir”.

Eyyub Hüseynov: “Yeganə ölkəyik ki, mağazalarda bizi ilk qarşılayan siqaretlər olur”

Qurum sədri tütün məmulatlarının qiymətlərinin artırılması ilə bağlı da çağırış edib: “Çağırış edirik ki, ölkədə tütün məmulatlarının qiyməti ən aşağısı 6-7 manat olsun. Bəlkə bu yolla siqaretə əl çatımlıq azalar. Lakin araşdırmalar göstərir ki, ölkələrdə tütün məmulatlarının qiyməti artanda paralel olaraq yerini qaçaqmal siqaretlər tutur. Beynəlxalq təşkilatın təkcə 2017-ci il üçün apardığı tədqiqata əsasən Azərbaycanda qaçaqmal siqaretlər üzündən 20 milyon dollar məbləğində ziyan dəyib. Bu da ciddi problemlərdən biridir”.

Beləliklə, bəlkə də tərkib göstərilsə, siqareti atanların sayı qat-qat çox olar. Çünki artıq aydındır ki, “Siqaret sizin sağlamlığınız üçün zərərlidir” şablon cümləsinin heç bir faydası yoxdur. Bəs tərkib göstərilsə, siqareti tərgidənlərin sayı artarmı?

Xatırladaq ki, tütünün tərkibində onlarla zəhərli birləşmə var ki, onların çoxu natural zəhərlər siyahısına daxil edilib. Özü də siqaret çəkən təkcə öz sağlamlığını deyil, ətrafdakıların, doğmalarının da həyatını təhlükə altına qoyur – onları passiv siqaret çəkənlərə çevirməklə. Passiv siqaret çəkmək isə gerçək siqaret çəkməkdən daha təhlükəli sayılır.

Elnur Rüstəmov: “Qutuların üstündə siqaretin tərkibi yazılsa, tütünü tərgidənlərin sayı müəyyən qədər azalardı”

Psixoloq Elnur Rüstəmov mövzu ilə bağı danışarkən qeyd etdi ki, əgər siqaret qutularının üstündə onların tərkibi barəsində yazılsaydı, bu, müəyyən qədər siqaretdən istifadənin azalmasına gətirib çıxarardı: “Təkcə bu deyil, həmçinin bununla bağlı detallı şəkildə sosial çarxlar çəkilib geniş şəkildə yayılsaydı, siqaret çəkənlərin sayında müəyyən azalmalar baş verərdi.

İnsan psixologiyasına əsasən 2 cür insan var – həzzə yönəlik və acıdan qaçan insanlar. Həzzə yönəlik insan odur ki, bir şey onun ziyanına olsa belə, əgər bu ona həzz verirsə, mütləq ondan istifadə edəcək. Bu təkcə siqaretlə bağlı deyil, bura alkoqol, fast-foodlar, energetik, rəngli içkilər və sairə daxildir. İnsanlar bilərək ki, bu şeylər onun sağlamlığına ziyandır, həzz üçün istifadə edir. Bu tip insanlara nə qədər deyilsə də ki, siqaret ziyandır, insanın ömrünü azaldır, onkoloji xəstəliklərə gətirib çıxarır, ona təsir etmir. Əksinə, həmin insan bunun qarşılığında sizə nümunələr gətirəcək ki, filankəs nə siqaret çəkirdi, nə də ki, spirtli içki içirdi, amma öldü. Yəni belə bir arqumentləri var.

Adam var ki, heç nədən siqaret çəkir. Yəni boş vaxtında siqaret çəkməyə meyllidir, bu, həzzə yönəlikdir. Adam da var ki, gərgin olanda siqaretə əl atır. Bunun strukturunu öyrənmək lazımdır. Qeyd etdiyim kimi, əgər siqaret qutularının üzərində onun tərkibi yazılsaydı, müəyyən qədər təsirini göstərərdi. Lakin nəzərə almaq lazımdır ki, bu məsələ ilə bağlı illərlə mübarizə gedir. Siqaret əleyhinə təbliğat aparılanda siqaret istehsal edən insanlar da əks arqumentlər ortaya qoyurlar, elə bir təbliğat vasitələrindən istifadə edirlər ki, insanları özlərinə cəlb edə bilirlər”.

Psixoloq siqaretdən istifadənin Avropa, ABŞ kimi inkişaf etmiş ölkələrdə daha az olmasından və bunun səbəblərindən də danışıb: “Həyat keyfiyyəti artdıqca insanlar daha çox yaşamaq arzusunda olurlar. Avropa və Amerika ölkələrində qadağalar da çoxdur. Yəni sən istənilən yerdə siqaret çəkə bilməzsən, məsələn, hotellərdə, konfrans zallarında, hava limanlarında siqaret çəkmək üçün xüsusi yerlədən istifadə etmək lazımdır. Bunu ona görə hazırlayıblar ki, dolayısı ilə bəlkə də kimsə həmin xüsusi yerlərə getməyi özünə sığışdırmaz, beləliklə siqaretdən istifadəsi azalar. Beləliklə, inkişaf etmiş ölkələrdə bu məsələ elə nizamlanır ki, insanlar çox yaşamaq üçün həyat keyfiyyətini artırmağa çalışır. Həyat keyfiyyəti ilə siqaretdən az istifadə düz mütənasibdir”.

Son statistikaya əsasən passiv siqaret çəkənlər də daxil olmaqla hər il 8 milyondan çox insan siqaretin qurbanı olur. Dünyadakı 1 milyard 100 milyon siqaret istifadəçisinin təxminən 80 faizinin aşağı və orta gəlirli ölkələrdən olduğu diqqət çəkir. Ən çox siqaret istifadəçisi Cənub-Şərqi Asiyada və Avropanın Balkan bölgəsində cəmlənib. Qərbi Avropa ölkələrində və Amerika qitəsində isə siqaret çəkənlərin nisbətinin aşağı olduğu diqqət çəkir.

Bir çox Cənub-Şərqi Asiya ölkələrində siqaret çəkmə nisbəti kişilər üçün çox, qadınlar üçün isə çox aşağıdır. İndoneziyada kişilərdə siqaret çəkmə nisbəti 76,2 faiz, qadınlarda siqaret çəkmə nisbəti isə 3,6 faizdir.

Danimarka dünyada qadınların kişilərdən daha çox siqaret çəkdiyi yeganə ölkədir. Bu ölkədə qadınların 19,3 faizi və kişilərin 18,9 faizi siqaret çəkir. Kişi və qadın siqaret çəkənlər arasında ən az fərq olan ölkələr Avropada da üstünlük təşkil edir.