“Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siottinin çıxışında səsləndirdiyi əsassız fikirlər və Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın bu çıxışa reaksiyası ikitərəfli əlaqələrdə etimad mühitinin yenidən bərpasına dair təşəbbüsləri zədələyir”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
Deputat qeyd edib ki, Fransa Parlamentində Azərbaycan Prezidentinin beynəlxalq hüquqa əsaslanan fikirlərinə bu cür məsuliyyətsiz münasibət diplomatik etiket normalarından kənara çıxır və siyasi nəzakətsizlikdir:
“Vətən müharibəsi dövründə Fransanın nümayiş etdirdiyi ədalətsiz mövqe qarşılıqlı etimadın ciddi formada zədələnməsinə səbəb olmuşdu. Lakin son dövrlər biz əlaqələrin normallaşdırılması ilə bağlı bəzi cəhdlərin şahidi olurduq. Fransanın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə töhfə vermək istəyini bəyan etməsi, Prezident Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında qeyri-formal görüşün təşkili müəyyən ümidlər yaratmışdı. Təəssüf ki, Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri bu ümidlərə xeyli dərəcədə kölgə saldı. Azərbaycan Fransadan gözləntilərini kifayət qədər aydın şəkildə qarşı tərəfin diqqətinə çatdırıb”.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədri və Avropanın aparıcı ölkələrindən biri kimi Fransanın üzərinə çox ciddi öhdəliklər düşür:
“Azərbaycan hər zaman bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçi dövlətlər kimi obyektiv, tərəfsiz, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqe nümayiş etdirməlidir. Fransa hökumətinin və parlamentinin üzvləri Cənubi Qafqazda baş verən proseslərin məğzini, artıq həll edilmiş Qarabağ münaqişəsi haqqında reallıqları həqiqətən öyrənmək istəsəydilər, işğaldan azad olunmuş ərazilərə səfər etmiş Fransa səfirinin, eləcə də Milli Assambleya üzvlərinin rəyini dinləməliydilər.
Bu ərazilərdəki dağıntılar, evlərə, mədəniyyət obyektlərinə, dini və tarixi abidələrə 30 illik işğal dövründə göstərilmiş münasibət, işğaldan azad olunmuş yüzlərlə yaşayış məskəninin xarabalıqlara çevirilməsi və bu gün ölkəmizin elə həmin xarabalıqlar üzərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri münaqişənin mahiyyəti haqqında çox şey deyir.
Fransada ardıcıl olaraq, Azərbaycanın hədəfə alınması, rəsmi Parisin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olduğuna dair əsaslı şübhələrə səbəb olur. Belə bir təsəvvür yaranır ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkə hər fürsətdə regionda vəziyyətin yenidən gərginləşməsini istəyir, bütün bölgənin taleyini yaxşı mənada dəyişəcək münasibətlər sisteminin formalaşmasına mane olmağa çalışır. Azərbaycanın ərazi bütövlüyü heç bir ölkədə seçki kampaniyasının, namizədlər arasında siyasi mübarizənin elementinə çevirilə bilməz.
Hesab edirəm ki, bu, kifayət qədər aydın və ədalətli bir tələbdir. Eyni zamanda, hər hansı bir ölkənin deputatının Azərbaycan dövlətinin ali rəhbərliyi haqqında nəzakət çərçivələrini aşan ifadələr işlətməsi qəti şəkildə yolverilməzdir. Düşünürəm ki, bu, hər şeydən əvvəl bir mənəviyyat məsələsidir. Təəssüf ki, Fransada bəzi siyasətçilərin şəxsi maraqlarının, ambisiyalarının və xarakterinin mənəviyyat prinsiplərindən xeyli dərəcədə uzaq olduğunu müşahidə edirik”
Follow @7timesaz